Dünən şəhid Alı Mustafayev adına şəhər 5 saylı tam orta məktəbdə YAP Bərdə rayon təşkilatının, Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 24-cü ildönümünə həsr olunmuş "Breyn-rinq" üzrə rayon çempionatı keçirilib. Çempionatda rayonun 12 məktəbinin (8 şəhər, 4 kənd) komandaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov ölkəmizdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğıdan danışıb və oyunun keçirilməsi qaydaları barədə məlumat verib. YAP Bərdə rayon təşkilatının təlimatçısı Fuad Ağayev çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis edilməsindən və 24 illik fəaliyyəti barədə danışıb. Rayon Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov çıxış edərək Bərdə təhsilinin uğurları haqqında məlumat verib.
Püşkatma nəticəsində komandalar hər birində 4 komanda olmaqla 3 yarımqrupda öz güclərini sınamışlar. Çempionat əsasnaməyə uyğun olaraq keçirilib.Öz yarımqruplarında daha güclü olan N.Gəncəvi adına şəhər 2 saylı, N.Nərimanov adına şəhər 3 saylı və T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəblərin komandaları final mərhələsində iştirak etmək hüququ qazanmışlar. Final mərhələsinə 4-cü vəsiqəni qazanmaq üçün uduzan komandalar arasında keçirilən mərhələdə şəhər 8 saylı tam orta məktəbin komandası qalib gəlib.
Final mərhələsində püşkatma nəticəsində 8 saylı və 2 saylı şəhər tam orta, 1 saylı və 3 saylı şəhər tam orta məktəblərin komandaları yarışıblar. Şəhər 3 və 8 saylı tam orta məktəblərin komandaları rəqiblərinə qalib gələrək I yer uğrunda, 1 və 2 saylı tam orta məktəblərin komandaları isə III yer uğrunda mübarizə aparıblar. Daha yüksək bilik səviyyəsi nümayiş etdirən N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin komandası I yerə, şəhər 8 saylı tam orta məktəbin komandası II yerə, III yerə isə N.Gəncəvi adına 2 saylı tam orta məktəbin komandası layiq görülüblər. Fasilələrdə Gənclər və İdman İdarəsinin könüllüsü İbrahim Abbaszadə hazırladığı müsiqi nömrələrini təqdim etdi. Yarışın keçirilmə zamanı heç bir əsasnamə pozuntusuna yol verilməyib.
Qalib komandalar təşkilatçılar tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 24-cü ildönümünə həsr edilmiş təntənəli yiğincaqda müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılacaqlar.
Samir Feyruzov