Kamilə Əliyeva: "Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsinə hər bir Azərbaycan vətəndaşı əmindir"
Məlum olduğu kimi, Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri və Azərbaycan Ordusunun azad etdiyi Lələtəpədə çox mühüm mesajlar verməsi işğal altında olan torpaqlarımızın azad edilməsinin heç də uzaqda olmadığını göstərir. "Səs" qəzetinə açıqlama verən millət vəkili Kamilə Əliyeva bildirdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri və Lələtəpədə hərbiçilərimizlə görüşü çox böyük ruh yüksəlişi yaratdı: "Əlbəttə, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsinə hər bir Azərbaycan vətəndaşı əmindir. O, gün heç də uzaqda deyil. Bir sözlə, biz Ali Baş Komandanımız Prezident İlham Əliyevə inanırıq".
"Ermənistan cəbhə xəttində təxribatlar törətməyə başlayıb. Bu baxımdan, yenidən aprel döyüşləri təkrarlana bilərmi" sualını cavablandıran millət vəkili bildirdi ki, hər zaman olduğu kimi, yenə də Ermənistan təxribatlarını davam etdirir: "Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini, ümumilikdə pozurlar. Amma Azərbaycan Ordusu düşmənə layiq olduğu kimi cavab verir. Onsuz da gec-tez işğalçı ölkə olan Ermənistan bütün etdiyi əməllərinə görə cavab verəcəkdir. Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü ortaya qoydu. Azərbaycan işğal altında olan torpaqlarını bir gün müddətində geri almaq gücünə malikdir. Amma Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır və dəfələrlə də bunu açıq şəkildə bəyan edib. Təbii ki, sülh yolu, sülh danışıqları nəticəsiz qalsa, Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən, hərəkətə keçib, işğal altında olan torpaqlarımızı çox qısa müddətdə azad edəcək.
GÜLYANƏ