"İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək"
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib. Dövlətimizin başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verildi. Bildirildi ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub. AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izlədi. Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi. Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi. Dövlətimizin başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib:
"Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir. Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.
Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq.
Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir.
İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır.
Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.
1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq.
Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Sağ olun.
* * *
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
Noyabrın 12-də Füzuli rayonunda "Azərxalça" ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib. Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.
İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə "Azərxalça" ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə "Azərxalça"nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.
"Azərxalça" ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.
Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 160 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 160 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi. Sonra dövlətimizin başçısı müəssisədə iş prosesini izlədi. Sonda xatirə şəkilləri çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də Azərbaycanda yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların xüsusi çəkisi var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Horadiz şəhərində yeni avtovağzal ən müasir tələblər səviyyəsində tikilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir. Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.
Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı ilə bağlı ciddi addımlar atılır. İndi paytaxtla yanaşı, regionlarda da mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturunun yaradılması isə, ilk növbədə, bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının yaradılması da ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən diqqətin daha bir nümunəsidir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev qalereya binasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Diqqətə çatdırıldı ki, binanın sahəsi 324 kvadratmetrdir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir.
Belə bir qalereyanın Füzuli rayonunda tikilib istifadəyə verilməsi rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən gənclər üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. Rəsm qalereyasında 25 nəfər daimi işlə təmin ediləcək.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.
Yalnız bu ilin on ayında Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 440, Qazaxdakı 304, Zaqataladakı 135 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə və Bakının Ramana qəsəbəsində inşa edilmiş beşmərtəbəli binaya 50 məcburi köçkün ailəsinin, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 50 hərbçi ailəsinin yeni yaşayış binasına köçürülməsi təmin edilib. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Abşeron rayonu ərazisində 44 hazır mənzil alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərin bu ilin noyabrında buraya köçürülməsi təmin ediləcək.
İndi Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir və Ucarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə və Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev qəsəbədəki evlərdən birində yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib. Qəsəbədə 120 yerlik uşaq bağçası da tikilib. İkimərtəbəli bağça hər cür avadanlıqla təchiz olunub. Dövlətimizin başçısı bağçada uşaqların əyləncəsi və istirahəti üçün yaradılan şəraitlə tanış oldu. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait mövcuddur. Qəsəbədəki məktəbdə olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu təhsil ocağı 320 şagird yerlikdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Bundan başqa, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada aprel döyüşlərində Ordumuzun qələbəsini əks etdirən fotolardan ibarət guşə, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də var. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Məktəbin hərbi kabineti əyani vəsaitlərlə zənginləşdirilib.
Prezident, Ali Baş Komandan İlham Əliyev burada Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Dövlət Sərhəd Xidməti Akademiyasının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Füzulidən olan kursantları və orta məktəb şagirdləri ilə görüşdü.
Kursant İsgəndərov dövlətimizin başçısına raport verdi:
-Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının hərbi məktəblərinin kursantları Sizinlə görüşə hazırdır.
Dövlətimizin başçısı kursantları salamladı.
Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Lütfizadə dedi:
-Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Azərbaycan Respublikası vətəndaşlarının ən böyük arzusu işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır. Bu, mənim də ən böyük arzumdur. Məhz ona görə də məktəbli vaxtlarımdan hərbçi olmaq qərarına gəlmişəm. Sərhədçi peşəsinə olan rəğbətim və marağım məni Dövlət Sərhəd Xidmətinin Akademiyasına gətirdi. Akademiyada yaratdığınız ideal şəraitə görə Sizə təşəkkürümüzü bildiririk. Sizə söz veririk ki, etimadınızı öz şərəfli xidmətimizlə doğruldacaq, Azərbaycan Respublikasının Prezidentinə, dövlətinə və xalqına daim sədaqətlə xidmət edəcəyik.
Prezident İlham Əliyev: Sağ ol. Əyləş.
Horadiz şəhərindən olan məktəbli dedi:
-Cənab Ali Baş Komandan, mən Füzuli rayonunun Horadiz şəhərindəki Mais Səfərov adına bir nömrəli tam orta məktəbin şagirdiyəm. Valideynlərimin anadan olduğu Füzuli şəhəri hazırda düşmən tapdağı altındadır. Mən belə bir qərara gəlmişəm ki, hərbçi olum, torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak edim.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı İsgəndərov dedi:
-Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının hər bir vətəndaşı kimi mən də istəyirəm ki, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edək. Məhz buna görə hərbçi peşəsini seçmişəm. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təyyarəçi ixtisası üzrə təhsil alıram. Təyyarəçi olmaq istəyimin səbəbi odur ki, məhz bir təyyarəçinin gördüyü iş bir hərbi hissənin gördüyü işə bərabərdir. Məhz buna görə də düşmənə kiçik zərbə deyil, böyük zərbə endirmək istəyirəm.
Prezident İlham Əliyev kursantlarla görüşdə çıxış edərək dedi:
-Ölkəmizin hərbi potensialı gündən-günə güclənir. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Ordusunda olan texnika, silah-sursat ən yüksək texnologiyalara malikdir.
Döyüş qabiliyyətimiz, peşəkarlıq artır, kadr potensialı da güclüdür və Sizin kimi gənclər gələcəkdə Ordumuzun, bütün hərbi birləşmələrimizin inkişafında öz rolunu oynayacaqdır.
Siz hərbçi peşəsini seçmisiniz. Bu, çox şərəfli peşədir. Bu peşə ölkəmizə, dövlətimizə lazımdır. Bax, bu ərazi işğal altında idi. 1994-cü ildə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək bu ərazini və Füzuli rayonunun digər ərazilərini işğalçılardan azad etmişdir. İndi bu ərazilərdə binalar tikilir, qəsəbələr salınır, inkişaf gedir. Bu, ölkəmizin gücünü göstərir ki, biz işğaldan azad edilmiş torpaqlarda belə yüksək səviyyəli şərait yarada bilmişik. Bu il Azərbaycan Ordusu növbəti tarixi qələbə qazanmışdır. Füzuli rayonunda Lələtəpə zirvəsinin işğalçılardan təmizləmə əməliyyatı bizim şanlı tariximizdir. Biz Ordumuzla fəxr edirik. Şəhidlərimiz Vətən, torpaq uğrunda qan töküblər. Biz işğala son qoymalıyıq və qoyacağıq. Ordumuzun gücü ilk növbədə, ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır. Döyüş qabiliyyətimiz də, Vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci, hər bir vətəndaş vətənpərvər olmalıdır, Vətəni hər şeydən çox sevməlidir və Vətən uğrunda öz qəhrəmanlığını göstərməlidir. Bizim Ordumuz belə ordudur, bizim hərbçilərimiz belə hərbçilərdir. Biz Ordumuzla, hərbçilərimizlə fəxr edirik. Sizin qarşınızda çox gözəl nümunələr var. Bu gün Lələtəpə ərazisində olarkən, düşmənlə üz-üzə dayanan hərbçilərlə görüşərkən bir daha gördüm ki, bizim gənclərimiz nə qədər vətənpərvərdir, peşəkardır, Vətənə bağlıdır. Peşəkarlıq, nizam-intizam, vətənpərvərlik, döyüş qabiliyyəti - bunlar bizim Ordumuzun böyük üstünlüyüdür. Bu gün düşmənin istənilən hədəfini məhv etməyə qadirik. Aprel döyüşləri Ordumuzun gücünü bir daha göstərib.
Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Çox şadam ki, uşaqlar, gənclər orduda xidmət etmək üçün böyük maraq göstərirlər. Siz hərbçi peşəsini seçərək ölkəmizin hərbi potensialını gücləndirəcəksiniz. Sizə uğurlar arzulayıram. Həmişə Vətənə bağlı olun. Sağ olun.
* * *
Kompüter otağında isə şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. Dövlətimizin başçısı burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən videoçarxa baxdı. Azərbaycan Prezidenti məktəbin idman zalında gənc idmançıların çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Bu siyasət təkcə paytaxtı deyil, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilir. Məlumat verildi ki, qəsəbənin elektrik, qaz, içməli və suvarma suyu ilə təchizatı yüksək səviyyədə qurulub. Bütün zəruri infrastruktura malik qəsəbədə yol-küçə şəbəkələrinin tikintisi də uğurla yerinə yetirilib. Bu yaşayış massivi respublika üzrə qaçqın və məcburi köçkünlər üçün salınan 95-ci qəsəbədir. Qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi:
-Sizi ürəkdən salamlayıram. Füzuli rayonunda yenidən olmağımdan çox məmnunam. Bu gün 400 köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışını qeyd edirik. Gözəl qəsəbədir, bütün şərait yaradılıb. Məktəb, uşaq bağçası, tibb məntəqəsi, gözəl fərdi evlər tikilib, təbii ki, infrastruktur layihələri icra edilib, içməli su, qaz, elektrik xətləri çəkilib, yollar salınıb. İnşaatçılar da yaxşı işləyiblər. Mən onları da salamlayıram, onlara öz minnətdarlığımı bildirmək istəyirəm. İnşaatçılar son illər ərzində məcburi köçkünlər üçün 95 qəsəbə salıblar. Bu qəsəbələr yüksək səviyyədə qurulub, bütün şərait yaradılıb. Artıq bu, Azərbaycan standartıdır. Burada yaradılmış məktəbin, uşaq bağçasının binaları, fərdi evlər zövq oxşayır. Ona görə mən inşaatçıları da salamlayıram, köçkünlərə də öz hörmətimi bildirmək istəyirəm.
Bildiyiniz kimi, Azərbaycan dövləti məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər görür. 2004-cü ildə müvafiq proqram qəbul edilmişdir. 2007-ci ildə bu proqrama əlavələr edilmişdir. Bu proqramın icrası uğurla davam edir. Qeyd etdiyim kimi, 95 qəsəbə salınıb, təkcə Füzuli rayonunda 16 qəsəbə salınıb. Bu illər ərzində ancaq tikinti işlərinin aparılması üçün 2 milyard manatdan çox vəsait ayrılmışdır. Bütövlükdə isə məcburi köçkünlərə ayrılmış vəsait 6 milyard manatdan çoxdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır, qayğı göstərir. Bu, bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər uzun illərdir ki, işğaldan əziyyət çəkir. Köçkünlər arasında yoxsulluq hələ 13 il bundan əvvəl 75 faiz səviyyəsində idi. Bu gün köçkünlər arasında yoxsulluq 12 faizə düşübdür, ancaq ölkə üzrə orta göstərici 5 faizdir. Hələ ki, görüləsi işlər çoxdur. Təbii ki, köçkünlər üçün, ilk növbədə, yaşayış yerləri inşa edilməli idi və edilir. Eyni zamanda, onların məşğulluğu ilə bağlı çox ciddi addımlar atılır.
Bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Gələn il yeni qəsəbələr salınacaqdır. Dövlət Neft Fondundan maliyyələşən bu qəsəbələrin inşası əlbəttə ki, köçkünlərin vəziyyətini bir qədər yüngülləşdirir. Bu günə qədər Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, bizim ən böyük təbii sərvətimiz olan neft Azərbaycan xalqının sərəncamındadır, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Əgər bu imkanlar olmasaydı, belə gözəl qəsəbələr salmaq mümkün olmazdı. Ona görə güclü iqtisadi imkanlarımız bu şəraiti yaradır. Biz öz təbii resurslarımızdan səmərəli şəkildə istifadə edirik. İlk növbədə, sosial layihələrə diqqət yetiririk, köçkünlərin problemlərini həll etməyə çalışırıq. Sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. Bu, mənim 2003-cü ildə seçkiqabağı vədlərimdən biri idi ki, 5 il ərzində çadır şəhərcikləri ləğv ediləcək. Biz buna dörd il ərzində nail olduq. Bu gün isə fin tipli sonuncu qəsəbə ləğv olunur. Fin tipli 16 qəsəbə var idi, indi onların biri də qalmayıb. Fin tipli sonuncu qəsəbənin yerində Füzuli köçkünləri üçün yeni müasir qəsəbə salınacaq. Beləliklə, Füzuli rayonunun köçkün problemi demək olar ki, öz həllini tapacaq.
Bu gün Füzuli rayonu ərazisində 71 min insan yaşayır. Rayon əhalisinin ümumi sayı isə 128 mindir. Yeni salınmış 16 qəsəbədə vətəndaşlar məskunlaşıblar. Eyni zamanda, 1994-cü ildə işğaldan azad edilmiş ərazilərdə yeni qəsəbələr salınıb, o cümlədən bu qəsəbə. Horadiz şəhəri vaxtilə qəsəbə idi, biz ona şəhər statusu verdik. İşğaldan 1994-cü ildə azad edilmiş torpaqlarda bax belə gözəl şərait yaradılıbdır. Bu, bizim gücümüzü göstərir. Ermənistana bəlkə də ən böyük zərbə elə budur. İşğal edilmiş Dağlıq Qarabağda və digər torpaqlarımızda məskunlaşan ermənilər bu gün səfalət içində yaşayırlar. O görüntülər bəzən televiziya və internet vasitəsilə yayımlanır - səfalət, yoxsulluq, işsizlik, ümidsizlik. Bizim torpağımızı zəbt ediblər, ancaq o torpaqlarda normal həyat qura bilməyiblər və bilməyəcəklər. Çünki o torpaq onlara məxsus deyil. Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq. Ona görə işğaldan azad edilmiş ərazilərdə ən müasir şəraiti yaratmaq bizim siyasətimizi əks etdirir və gücümüzü göstərir.
Bu gün Horadiz abad, inkişafda olan şəhərdir. Horadizdə bir çox sosial obyektlər inşa edilmişdir - Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Rəsm Qalereyası, Diaqnostika Mərkəzi, Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi, digər obyektlər. Füzuli rayonunun bütün infrastruktur məsələləri öz həllini tapıbdır. İçməli su, elektrik enerjisi məsələləri həll olunub. Bir neçə il bundan əvvəl mənim iştirakımla 25 meqavat gücündə Su Elektrik Stansiyası açılmışdır ki, bu, nəinki Füzuli rayonuna, ətraf bölgələrə də enerji verir. Qazlaşdırma Füzuli rayonunda 100 faizdir. Biz heç Azərbaycanda hələ 100 faizə çatmamışıq, təqribən 90-95 faizə yaxınlaşırıq, Füzulidə bu, 100 faizdir. Kəndlərarası üç böyük yol layihəsi icra edilmişdir. Kəndlərin demək olar ki, hamısı yollarla təmin edilib. Bu gün daha bir yolun açılışını etdik. Bax, budur bizim dövlətimizin gücü və bizim siyasətimiz.
Bu gün mən hərbçilərlə görüşdüm. Lələtəpə ərazisində onlarla bir yerdə oldum, onları təltif etdim. Onlara dedim və bir daha sizə, bütün Azərbaycan xalqına demək istəyirəm ki, Lələtəpə əməliyyatı bizim şanlı tariximizdir. Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir. Bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişlər. Biz şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralılar olubdur. Mən hərbçilərə də dedim, sizə də demək istəyirəm ki, Hərbi Hospitalda onlara baş çəkərkən hamısı, - bəziləri ağır vəziyyətdə idi, - deyirdilər: biz sağalan kimi döyüş bölgəsinə qayıdacağıq və Vətən uğrunda ölməyə də hazırıq. Bax, bizdə belə övladlar yetişibdir.
Müstəqillik dövründə Azərbaycan gəncləri böyük zirvələrə çatıbdır. Onlarda vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, döyüşkənlik ən yüksək səviyyədədir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytarmışıq. Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazilərinin bir hissəsi işğalçılardan təmizlənib, azad edilib. Biz indi Lələtəpə ərazisindən on minlərlə hektar torpağa nəzarət edirik. Erməni ordusu orada heç tərpənə də bilmir. Bu gün ordu quruculuğu prosesi uğurla davam edir.
Aprel döyüşlərindən sonra növbəti tapşırıqlar verildi, maliyyə vəsaiti ayrıldı. Ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Ermənistan isə başqasının yardımına möhtacdır. Başqa mənbələrdən pul, kredit, silah və digər materiallar verilməsə, Ermənistan nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilməz. Bunu hamı yaxşı bilir. Dünya da bilir. O məsələyə bir daha qayıtmaq istəyirəm, onlar əllərində, nəzarətlərində olan müxtəlif kütləvi informasiya vasitələri ilə rəy formalaşdırmağa, mif, əfsanə yaratmağa çalışırdılar ki, guya onların yenilməz ordusu Azərbaycana zərbə vurub, torpaqları işğal edib. Ancaq həyat göstərir ki, xarici yardım olmadan onlar nəinki işğal edə, heç tutduqları torpaqları saxlaya bilməzlər. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu heç nəyə baxmadan uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı işğalçılardan azad edibdir. Yəni biz öz hesabımıza yaşayırıq. Heç kimdən asılı deyilik və imkan daxilində öz həyatımızı qururuq. Bu gün Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır. Bizim həm sosial, həm iqtisadi, hərbi quruculuq, enerji təhlükəsizliyi sahələrində, ictimai proseslərin inkişafı ilə, multikulturalizmlə, dinlərarası dialoqla bağlı təcrübəmiz öyrənilir. Bütün bu məsələlərdə Azərbaycan nümunə kimi göstərilir və biz bu yolla gedirik.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub. Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə inşa olunan bu yollar regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Füzuli rayonunun 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik avtomobil yolunun tikintisi dövlətimizin başçısının 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama uyğun olaraq, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun tikintisinin başa çatdırılması "Azəravtoyol" ASC-yə həvalə edilib.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov bildirdi ki, üçüncü və dördüncü texniki dərəcəyə uyğun olaraq layihələndirilən bu avtomobil yolunun birinci hissəsinin uzunluğu 20,5 kilometrdir və Qayıdış-Yeni Yurd arasındakı məsafəni əhatə edir. İkinci hissə Yeni Yurd-Xocavənd arasındakı məsafəni əhatə edir və uzunluğu 2,5 kilometrdir. Qeyd edildi ki, inşaat işləri zamanı yol boyunca müxtəlif diametrli 21 suötürücü boru tikilib. Yuxarı Mil kanalı üzərində uzunluğu 18 metr, eni 12 metr olan qəzalı vəziyyətdəki körpü əsaslı təmir edilib. Yol boyunca 144 müxtəlif yol nişanı və 38 göstərici lövhə quraşdırılıb. Bu yolun tikilməsi nəticəsində yük və sərnişin daşınması xeyli yaxşılaşacaq. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərini başa çatdıraraq Beyləqan rayonuna gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr, o cümlədən abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində "Qarabağ Taxıl" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub. Son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən iri və müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə müasir tipli müəssisələrin yaradılmasının miqyası genişlənib. Bu da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etməyə, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına güclü təsir edib. Digər tərəfdən, belə müəssisələrin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, milli brendlərin yaradılmasına, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradıb. Belə müəssisələrdən biri də "Qarabağ Taxıl" MMC-nin özəl pilot taxılçılıq təsərrüfatıdır.
Məlumat verildi ki, bu layihənin həyata keçirilməsinə 10 milyon manat dövlət güzəştli krediti verilib. Təsərrüfatda tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz yaradılıb. Dövlət investisiyaları hesabına "Yuxarı Mil kanalının tikintisi" layihəsi çərçivəsində ümumi uzunluğu 10,7 kilometr, suötürücülük qabiliyyəti saniyədə 16-18 kubmetr olan beton örtüklü kanal, yığılmış suların ərazidən kənarlaşdırılması üçün iki yeraltı suötürücü hidrotexniki qurğu və 7 kilometr uzunluğunda əsas suaxıdıcı kollektor tikilib. Bundan əlavə, Beyləqan rayonu ərazisində 1500 hektar sahədə qrunt sularının təmizlənməsi üçün kompleks meliorativ tədbirlər aparılıb, 35/10 kilovoltluq "Dostluq" yarımstansiyasından Beyləqan-Xaçınabad yolunun kənarı ilə 7 kilometr uzunluğunda köhnə elektrik xətti tamamilə yenilənib, 35/10 kilovoltluq "Xocavənd" yarımstansiyasından yüksəkgərginlikli ikidövrəli elektrik xətti çəkilib. Həmçinin, ərazidən keçən, uzunluğu 23 kilometr olan Daşburun-Beyləqan-Xaçınabad avtomobil yoluna asfalt örtük döşənib.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikada ilk özəl pilot taxılçılıq təsərrüfatı olan "Qarabağ Taxıl" MMC Ağcabədi və Beyləqan rayonlarının ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə 4800 hektar sahədə yaradılıb. "Qarabağ Taxıl" MMC "Səba" şirkətinin müəssisəsi və istehsal sahələrindən biridir. Şirkətin səhmlərinin 25 faizi Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur. Bu təsərrüfat dövlət və özəl sektor əməkdaşlığının gözəl nümunəsidir. "Səba" MMC-yə, həmçinin "Səba" quş əti istehsalı müəssisəsi, "Biləsuvar Aqro" MMC-nin süd məhsulları zavodu, "Dəvəçi Broyler Dərin Emal" MMC aiddir. Prezident İlham Əliyevə təsərrüfatda soya və silosluq qarğıdalı biçini, buğda səpini prosesi nümayiş olundu. İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına istehsal prosesi haqqında məlumat verdi.
Azərbaycan Prezidenti soya paxlasının əkin sahələri, məhsuldarlığı, istehsalı, ixracı, emalı və idxalın əvəzlənməsi imkanlarına dair məlumatları əks etdirən stendlərə baxdı. Emal zamanı soya paxlasının 85-90 faizi yem və bitki yağına çevrilir. Yem tamamilə heyvan qidası üçün istifadə edilir. Quşçuluqda qidalanmada soyanın xüsusi çəkisi 32-35 faiz, dəyər çəkisi isə 48-53 faizdir. Heyvandarlıqda isə bu göstəricilər müvafiq olaraq 18-20 faiz və 53-58 faiz təşkil edir.
"Səba" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Natiq Quliyev dövlətimizin başçısına məlumat verdi ki, müəssisə ölkədə yetişdirdiyi quşları öz yemi ilə bəsləyən yeganə şirkətdir. Burada yetişdirilən qarğıdalı və digər dənli bitkilər, soya məhsulu "Səba" quşlarının əsas yemini təşkil edir. 2013-cü ildən bu müəssisə "Səba" quşçuluq sahəsinin idxal olunan qarğıdalı yeminə tələbatını yerli məhsul hesabına tam aradan qaldırıb. Bu ildən böyük sahədə becərilməyə başlayan soya isə növbəti illərdə soyaya da idxal tələbini aradan qaldıracaq. Diqqətə çatdırıldı ki, qarğıdalı və ondan alınan məhsullar üzrə respublikanın illik tələbatı təxminən 600 min ton, soyada isə 160 min ton təşkil edir. Bu məhsulların idxalının əvəzlənməsi üçün əlavə olaraq 50 min hektar qarğıdalı, 40 min hektar soya əkilməsinə ehtiyac var. Sonra dövlətimizin başçısı iri fermer təsərrüfatlarının, aqroparkların, eləcə də "Qarabağ Taxıl" MMC-nin fəaliyyətlərini, həmçinin müəssisənin ilkin və mövcud vəziyyətini, təsərrüfatda dövlət investisiyası hesabına görülən işləri əks etdirən stendlərlə tanış oldu.
İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verdi ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. Hazırda Şəmkir rayonunda ərazisi 543 hektar olan aqroparkda logistik mərkəz, çeşidləmə və qablaşdırma, istixana, bağçılıq, tingçilik və digər istehsal, həmçinin infrastruktur müəssisələri yaradılır. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə "Şabran Aqropark"ın təşkili işləri davam etdirilir. Ümumilikdə, respublikanın regionlarında 114,7 min hektar ərazidə 20-dən çox aqroparkın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Təsərrüfat ilə tanışlıqdan sonra Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşən Prezident İlham Əliyev bildirib ki bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır:
Mən bu gün vəziyyətlə tanış olarkən gördüm ki, bütün işlər yaxşı səviyyədə qurulub, böyük əkin sahələri artıq istifadədədir. Əvvəllər bu torpaqlardan demək olar ki, istifadə olunmurdu. Bax, o stendlərdəki fotoşəkillər bunu göstərir. Mənə verilən məlumata görə, indi burada ərzaq buğdası üzrə məhsuldarlıq hektardan 57 sentnerdir. Hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki ölkə üzrə orta məhsuldarlıq 30 sentnerdir. Biz bunu da yaxşı nəticə kimi qəbul edirik. Çünki əvvəlki illərdə 20-22 sentner idi. Sizdə isə 57 sentnerdir. Bu, onu göstərir ki, əgər düzgün yanaşma olarsa, bütün məsələləri ən yüksək səviyyədə həll etmək olar. Buradakı məhsuldarlıq demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır. "Qarabağ Taxıl" böyük təsərrüfatdır. Böyük investisiyalar qoyulub, o cümlədən dövlət tərəfindən maddi dəstək göstərilib, güzəştli şərtlərlə kredit ayrılmışdır və bu, dövlət-özəl sektorun birgə fəaliyyətinin nəticəsidir.
Bu gün bu təsərrüfatın fəaliyyəti ərzaq təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Azərbaycanda ilk dəfə olaraq məhz sizin təsərrüfatınızda soya əkilibdir. Bu da çox müsbət haldır. Əfsuslar olsun ki, əvvəlki illərdə bizdə soya əkilmirdi. Baxmayaraq ki, bu, çox səmərəli sahədir və il ərzində soya idxalı üçün Azərbaycandan xaricə 50 milyon dollardan çox pul gedir. İndi əgər biz özümüzü soya ilə təmin etsək, - qarşıya belə vəzifə qoyulub, - bu pul ölkəmizdə qalacaq. İkincisi isə, biz gələcəkdə soyanı ixrac da etməliyik. Bunun üçün imkanlar var. Siz - kənd təsərrüfatı ilə məşğul olan insanlar bunu yaxşı bilirsiniz.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.
Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də "Beyləqan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində görülən işlərlə tanış olub.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, "Beyləqan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi artıq yekunlaşıb. Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində həyata keçirilən layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 24,3 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Beyləqan şəhəri ilə yanaşı, rayonun 7 min nəfər əhalinin yaşadığı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə layihədən 31 min 300 sakin faydalanacaq.
Bildirildi ki, layihənin icrasına 2012-ci ildə başlanılıb və mərhələlərlə həyata keçirilib. İlkin mərhələdə Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün rayonun Əlinəzərli kəndi yaxınlığında ümumi məhsuldarlığı saniyədə 95 litr olan 5 subartezian quyusu qazılıb. Quyu ərazisində iki su anbarı, xlorator binası və nasos stansiyası tikilib. Su mənbəyindən Beyləqan şəhərinə 8,6 kilometr uzunluğunda magistral kəmər çəkilib, şəhərdə mövcud olmuş və ümumi tutumu 4000 kubmetr olan iki su anbarı da təmir edilib.
Sonra Prezident İlham Əliyev Beyləqan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib. Dövlətimizin başçısının təhsil sahəsinə göstərdiyi diqqət bu istiqamətdə tamamilə yeni və keyfiyyətli mərhələnin başlanması ilə nəticələnib. Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, son illər müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud məktəblər isə günün tələbləri səviyyəsində əsaslı təmir edilib. Təqdirəlayiq haldır ki, bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib. Yeni məktəblərin inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından vacib addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Azərbaycan Prezidenti məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, tikintisinə ötən il başlanılan məktəb binasında inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Ümumi sahəsi 2900 kvadratmetrədək olan məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin bu rayona səfərlərini əks etdirən fotolardan ibarət guşələr qurulub.
Müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Məktəbin ətrafında geniş yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 8 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət və qayğı göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir. Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, 120 yerlik körpələr evi-uşaq bağçasının ümumi sahəsi 896 kvadratmetrdir. İkimərtəbəli binada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Altı qrup otağının olduğu bağçada uşaqların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnməsi üçün hər cür şərait var. Burada balacalar üçün musiqi və gimnastika, yataq və yemək otaqları yaradılıb və zəruri avadanlıqla təchiz olunub.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı yenidənqurma və bərpadan sonra istifadəyə verilən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunda yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı yolun texniki göstəricilərini, görülən işləri əks etdirən stendlərə baxdı. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yolun 22 kilometrlik hissəsinin açılışı 2014-cü ildə dövlətimizin başçısının iştirakı ilə olub. Cari ildə isə Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması "Azəravtoyol" ASC-yə həvalə edilib. Bildirildi ki, dördüncü texniki dərəcəyə uyğun layihələndirilən yolun uzunluğu 39 kilometrdir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki zolaqdan ibarətdir. Yol boyunca 80 suötürücü boru tikilib, 360 təhlükəsizlik dirəyi, müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ən əsası odur ki, 25 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.