"Ölkədə sahibkarlığın inkişafı ilə bağlı prezident İlham Əliyev tərəfindən çox ciddi addımlar atılır. Milli Məclis sahibkarlığın inkişafı üçün əlvarişli şəraitin yaradılması üçün qanunvericiliyi təkmilləşdirir". SİA-nın xəbərinə görə, bunu milllət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında çıxışı zamanı deyib.O bildirib ki, ölkəyə investisiya cəlb etmək, sahibkarlığın inkişafı üçün ölkədə ilk növbədə qanunların aliliyi təmin olunmalıdır: "Mülkiyyət toxunulmazdır və vətəndaşlar hüquqları pozulduqları zaman məhkəmə orqanlarına müraciət edirlər. Lakin məhkəmələrdə işin həcmi həddindən artıq çoxdur. Düşünürəm ki, dövlət bu istiqamətdə mühüm addımlar atmalıdır. Bir məhkəmə sədrinin mənə verdiyi məlumata görə, noyabr ayına qədər Bakının bir rayonun məhkəməsinə 17 min mülki xarakterli iş daxil olub və həmin işlərə cəmi 7 hakim baxır. İşləri iş günlərinin sayına böldükdə məlum olur ki, 1 gün ərzində hakim minimum 9 işə baxmalıdır. Belə olan halda, hansı keyfiyyətli işdən danışmaq olar? Ona görə də bir çox hallarda məhkəmə səhvlərinə yol verilir və bu da nəticə etibarı ilə ümumi məhkəmə sisteminin gözdən düşməsinə səbəb olur. Araşdırmanın aparılması üçün zamanın çatmaması səbəblərinə görə məhkəmələri ədalətsizlikdə ittiham edirlər".Q. Həsənquliyev qeyd edib ki, bu məsələ müvafiq icra orqanları qarşısında qaldırılmalı və problem həllini tapmalıdır: "Əgər biz ölkəyə daha çox investisiyaların qoyulmasını istəyiriksə məsələ həll edilməli, vətəndaşlar da onların əmlak hüquqularının məhkəmələrdə yüksək səviyyədə qorunduğuna əmin olmalıdırlar. Bu baxımdan məhkəmələrin, hakimlərin sayı bir neçə dəfə artırılmalıdır. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycanda vəkillərin sayı digər ölkələrlə müqayisədə bəlkə 10 dəfə azdır. Bütün bunlarla pararalel olaraq hakimlərin maaşlarının artırılması da gündəmə gətirilməlidir. İqtisadiyyatın inkişafına təkan vermək üçün anunların aliliyi təmin olunmalıdır ki, bu yol da məhkəmələrdən keçir".
sia.az