PDF Oxu

Siyasət

  • 35

Dövlət Miqrasiya Xidməti 2016-cı ilin oktyabr ayının statistikasını açıqladı

Dövlət Miqrasiya Xidməti 2016-cı ilin oktyabr ayının statistikasını açıqladı

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Ay ərzində 2299 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 10807 müraciət daxil olub.

Banqladeş vətəndaşı Rony MD Iftekjeir Uddin və Pakistan vətəndaşı Latif Muhammadın gəlir əldə etmək məqsədilə öz həmvətənlərini işə düzəltmək adı ilə aldadaraq, Azərbaycana gətirdikləri müəyyən edilib. Belə ki, bu şəxslər Azərbaycan Respublikasına yalan vədlərlə dəvət etdikləri Banqladeş və Pakistan vətəndaşlarını müxtəlif ünvanlarda yerləşdirib, onlara qanunsuz yollarla müvəqqəti yaşama icazələrinin alınmasına dair razılığa gəliblər. Öz qanunsuz əməllərini Azərbaycanda əyani təhsil ilə pərdələməyə çalışan Banqladeş vətəndaşı Rony MD Iftekjeir Uddinin həmvətəni Miah Tanıma müvəqqəti yaşama icazəsi alınmasını vəd etdiyi və bunun müqabilində ondan 2000 manat tələb etdiyi məlum olub.

Eyni zamanda, Rony MD Iftekjeir Uddin ilə əlbir olan Latif Muhammadın Pakistan vətəndaşı Tariq Muhammad Hassana müvəqqəti yaşama icazəsi alınması üçün onun Azərbaycan vətəndaşı Əliyeva Zəhra Allahverdi qızı ilə məqsədli nikaha daxil olmasını təşkil etdiyi müəyyən edilib. Aparılmış söhbət zamanı Z.Əliyeva Latif Muhammadın ona Tariq Muhammad Hassanla nikaha daxil olması müqabilində 300 manat təklif etdiyini bildirib. Z.Əliyeva Latif Muhammadın bu təklifi ilə razılaşdığını, lakin sonradan ortaya çıxan bir sıra çətinliklər səbəbindən Tariq Muhammad Hassanla nikahlarını rəsmiləşdirə bilmədikləri qeyd edib. Bununla yanaşı, Z.Əliyeva Tariq Muhammad Hassanla yalnız sənəd üzərində ailə quracağını, onunla birgə yaşamağı planlaşdırmadığını etiraf edib. Keçirilmiş tədbirlər nəticəsində Latif Muhammad və Rony MD Iftekjeir Uddinin əməlləri ifşa olunub və saxlanılan əcnəbilər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Samir

Digər xəbərlər