Dünən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ölkəmizdə və regionda baş verən ictimai-siyasi hadislərlə bağl KİV nümayəndələri üçün mətbuat konfransı keçirib. M.Əhmədoğlu ermənilərin işğal altında olan Dağlıq Qarabağın adının dəyişdirmələrinin səbəbinə aydınlıq gətirirkən bildirib ki, son zamanlar Ermənistanın böyük yalan resursu tükənirdi. Ona görə də, Dağlıq Qarabağın adını guya konstitusiya ilə "Artsax"la dəyişməklə böyük yalanlar seriyasını davam etdirdilər: "Addəyişmədə vacib məsələlərdən biri İran və Gürcüstanı aldatmaqdır. İran və Gürcüstan, ola bilər İran qazını Ermənistana, oradan da Dağlıq Qarabağa nəql olunmasında Ermənistana kömək edə bilər. Amma ortalığa yalançı bir modul qoyulmalıdır ki, ən azı İran və Gürcüstan cəmi bir addım atsın. Sonradan İran və Gürcüstan səhv etdiklərini etiraf edəcək və müqaviləni pozacaqlar. Bu, vəziyyətə təsir etməyəcək. İrandan Ermənistan qaz tranziti cəmi bir dəfəyə nəzərdə tutulub və cəmi 40 milyon kubmetr həcmində qaz nəql ediləcək. 40 milyon kubmetr bir il müddətinə Dağlıq Qarabağı qazla təmin edəcək".
Siyasi ekspert onu da əlavə edib ki, yaxınlarda Ermənistan yenidən pul dilənməyə başlayacaq: "Ənənəvi telemarafonun vaxtıdır. Ermənilər telemarafon iştirakçılarından daha çox pul gözləyirlər. Ona görə özlərinin qətiyyətini və guya konkretliliyini diaspor ermənilərinə nümayiş etdirməkdən ötrü belə addım atırlar".
"Qazprom"un sədri Aleksey Millerin Yerevan səfərinə toxunan politoloq bildirib ki, səfər çərçivəsində ən prioritet müzakirə mövzusundan biri Ermənistanın əsas qazpaylama sxemi və qışda qazla təchizatı məsələsi olub: "Qazpaylama sxemini "Qazprom" hazırlayıb. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən, öhdəlik götürüb ki, Dağlıq Qarabağ Ermənistan Respublikasının tərkib hissəsi deyil. Rusiya qazını Azərbaycanla heç bir müqavilə imzalamadan Dağlıq Qarabağa nəql etməsi beynəlxalq hüquq normalarının pozulmasıdır və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hörmətsizlikdir".
Politoloqun sözlərinə görə, Ermənistan rəsmiləri özləri artıq ölkənin düşdüyü vəziyyət haqda hər şeyi açıq danışırlar: "Ermənistanın Müdafiə Nazirliyi apreldə dörd günlük döyüş zamanı yaralanmış erməni hərbçisini xarici ölkəyə müalicəyə göndərə bilməməsi barədə geniş izah verdi. Amma bəlli oldu ki, səbəb çox sadədir: Ermənistanın aprel döyüşü zamanı yaralanmış, müalicəsi Ermənistanda mümkün olmayan hərbçisini xaricə göndərməyə pulu yoxdur. 2017-ci il üçün dövlət büdcəsində Ermənistan Müdafiə Nazirliyinə ayrılan vəsaitin artırılmamasını Ermənistanın yeni müdafiə naziri V.Sarkisyan rəsmən bildirdi. Milli valyuta olan dramın dollara nisbətən ucuzlaşmasını nəzərə alsaq, hərbi sahəyə ayrılan vəsait dollar ekvivalenti ilə keçən illə müqayisədə daha da azalıb. Ermənistan rəhbərliyi vətəndaşları, xüsusilə, gəncləri insan hesab eləmir. Onların fikrincə, erməni gənci dövlət tərəfindən heç bir qayğı görmədiyi, əvvəlki Qarabağ müharibəsində yaralanmış ermənilər bu gün ağır vəziyyətdə yaşadığı halda, yenə də erməni gəncləri döyüşə atılmağa hazırdırlar. Əslində, belə insan olmur. Belə ancaq robot ola bilər. Ermənistan dövlətçiliyi cəmi bircə müharibəyə bağlıdır. İstənilən irimiqyaslı hərbi əməliyyat Ermənistanın dövlətçiliyini yer üzündən silə biləcək. O gün uzaqda deyil. Ola bilər, Azərbaycan Ordusu Ermənistan dövlətçiliyini idarə olunan vəziyyətə salsın".
GÜLYANƏ