"İlk olaraq çox sevinirəm ki, Azərbaycanda bu qədər yüksək nüfuzlu Dünya Xəbər Agentliklərinin V Konqresi keçirilir. Təbii ki, Azərbaycan belə yüksək tədbirlərə ev sahibliyi etməkdə ad çıxarıb. Faktiki olaraq ölkəmizdə belə tədbirlərin keçirilməsi bir ənənəyə çevrilib". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.Onun sözlərinə görə, Dünya Xəbər Agentliklərinin V Konqresinin də Bakıda keçirilməsi o sıradandır: "Sevindirici haldır ki, dünyanın ən aparıcı xəbər agentliklərinin rəhbərlərinin təmsilçiləri Azərbaycana toplaşıblar. Təbii ki, bu, Azərbaycanın haqq səsinin duyulması üçün çox vacib addımdır. Yəni burada məsələ ondadır ki, onların arasında Azərbaycana ilk dəfə gələnlər də az deyil. Ümumiyyətlə Azərbaycanla bağlı bilgiləri yetərli olmayanlarda az deyil. Bu baxımdan təşkilat təmsilçilərinin Bakıya toplaşması bizim faydamızadır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, son illər ərzində mən AzərTAC-ın bu cür tədbirlərə ev sahibliyi etməsini, ümumiyyətlə bu cür beynəlxalq platformalarla uyğun və uğurlu bir şəkildə istifadə etməsini müşahidə edirəm. Təbii ki, bu da Azərbaycan dövlətinin birbaşa qayğısının nəticəsidir. Yəni bizim dövlətimiz hər kəs üçün açıq bir dövlətdir. Burada Kütləvi İnformasiya Vasitəsinin fəaliyyətinin azadlığı yüksək səviyyədə təmin edilir".A.Həsrət əlavə edib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev də konqresin açılış mərasimində geniş nitq söylədi: "Ölkə rəhbəri çıxışında Azərbaycanın ictimai-siyasi, iqtisadi və s. məsələlərini çox sadə bir dildə qonaqların diqqətinə çatdırdı. Yəni bu özü Azərbaycanın təbliğ olunması, tanıdılması, ümumiyyətlə problemlərimizin dilə gətirilməsi baxımından da çox önəmlidir".
sia.az