"25 illik müstəqillik tariximizin formalaşması gözlərimiz qarşısında baş verdi. Bu illər ərzində 1 il hakimiyyətdə qalan siyasi qrup hələ də nostallji hissləri ilə yaşamaqdadırlar". Bunu SİA-ya Vəhdət partiyasının sədr müavini Vasif Əfəndiyev müxalifətdaxili çəkişmələrə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, yenicə müstəqilliyi əldə etmiş bir dövlətin iqtisadi potensialı və siyasi elitasını formalaşdırmaq əvəzinə hakimiyyətdə olan qüvvələr müxtəlif cərəyanlara parçalanaraq hakimiyyətdaxili mübarizəyə başladılar: "Bu daxili çəkişmələrin nəticəsi isə demokratik və milli düşərgə adı altında hakimiyyətə gələn qüvvələrin süqutu ilə sonunclandı. Bu qüvvələrin əsas faciəsi ondadır ki, hələ də keçmiş xəyallarla yaşmaqdadırlar. Elan etdikləri mitinq və kütləvi tədbirlərə yalnız siyasiləşmiş tərəfdarlarını toplamağı bacaran qüvvələr bu uğursuzluqlarını ya xalqın üzərinə atırlar ya da hakimiyyətin mitinqlərin keçirilməsini əngəlləməkdə suçlayırlar. Amma bir şeyi unudurlar ki, əgər xalqın ayağa qalxaraq meydanlara axışmaq niyyəti olarsa heç bir qüvvə onların qarşısını ala bilməz. Hazırki şəraitdə partiyalar arasında gedən çəkişmələr isə əslində kimin ana müxalifət adına sahib olması uğrundadır".O əlavə edib ki, çoxpartiyalı sistemlə idarə olunan dövlətlərdə ana müxalifət dövlətdən kifayət qədər maliyyə alırlar ki, bu da onların gələcək siyasi fəaliyyəti üçün stimul olur: "Amma müxalifət adına iddialı olan bir çox partiyalar şou göstərən aktyor və müğənnilər sayağı gündəmdə qalmaq üçün çəkişmə və münaqişə görüntüsü yaratmağa çalışırlar".
sia.az