"Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılışı sıradan bir tədbir deyil, BMT tərəfindən dəstəklənir". Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Sədr müavinin sözlərinə görə, təsadüfi deyil ki, bu tədbirdə UNESCO-nun baş direktoru İrina Bokovanın videoçıxışla təbriki səsləndi: "Həmçinin, onun müavini tədbirdə birbaşa iştirak etdi. Belə mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsi çox önəmlidir. Tədbirin mövzusu da çox aktualdır: xəbər istehsalı, ifadə azadlığı və informasiya yayımı sahəsində ortaya çıxan yeni çağırışlar müzakirə olunur. Bununla yanaşı, konqressin məhz Bakıda keçirilməsinin bizim üçün əlavə anlamı da var. 90-dan artıq ölkənin rəsmi informasiya qurumunun Azərbaycanda olması, buradakı reallıqları, inkişafı canlı müşahidə etmələri çox önəmlidir. Onlar Azərbaycanın inkişaf tendensiyasını canlı müşahidə edə bildilər, reallıqları gözləri ilə gördülər. Prezident İlham Əliyevin nitqi də onlara kifayət qədər təsir buraxdı, Azərbaycan reallığı, inkişafımız və bu inkişafa mane olan regional problemlər barədə yetərli nəzəri bilgilər aldılar. Hər agentlik təmsilçisi təkcə bir məlumat yaysa, onda ölkəmizin təbliğ olunmasına necə bir töhvə veriləcəyini təsəvvürə gətirmək olar".O əlavə edib ki, digər tərəfdən, toplantı Azərbaycan media nümayəndələrinin beynəlxalq xəbər istehsalçıları ilə canlı təmaslar qurmalarına, əməkdaşlıq üçün razılıqlar əldə etmələrinə şərait yaratdı.
sia.az