PDF Oxu

Siyasət

  • 17

YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü qeyd edilib

YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü qeyd edilib

Nərimanov rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə təşkilatın qərargahında Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev ilk olaraq iştirakçıları YAP-ın yaradılmasının 24 illiyi və 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə təbrik edib: "Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Ulu Öndər Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir".

Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov çıxışında bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir.

Tədbirdə çıxış edən "91-lər hərəkatı"nın üzvü, professor Əlişir Musayev partiyanın yaranma tarixindən danışıb. Partiyanın yaranmasını şərtləndirən o dövrün mühüm ictimai-siyasi mənzərəsini təhlil edən Ə.Musayev geniş və əhatəli fikirlər söyləyib. 82 saylı orta məktəbin direktoru Vaqif Mehdiyev çıxışında bildirib ki, YAP xalqın sevdiyi, etimad göstərdiyi partiyadır: "Ona görə də, yarandığı qısa müddətdən sonra partiyamız hakimiyyətə gəldi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər Azərbaycanı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı və qurucusu kimi daxil oldu. Əlbəttə ki, bu gün Ulu Öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Gənclər və İdman Nazirliyinin məsul işçisi Əli Məmmədov çıxışında bildirib ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə də, Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Natiq YAP-ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

YAP Nərimanov rayon təşkilatının əməkdaşı, gənc fəal Nərminə Yunusova çıxışında qeyd edib ki, ötən 24 il müddətində Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, Azərbaycan xalqının taleyi ilə əlaqədar olan məsuliyyəti öz üzərinə götürüb daşıya bilən bir partiyadır.

Çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbir iştirakçılarını YAP-ın yaranmasının 24 illiyi və 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Hikmət Babaoğlu hər iki hadisənin tariximizdə mühüm yer tutduğunu bildirib". "YAP bir siyasi təşkilat kimi, əslində, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır, möhürüdür". YAP qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrilməklə, cəmiyyətdə dominant qüvvəyə çevrildi və bu gün də belədir". Onun sözlərinə görə, partiya Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də, siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi.

YAP-ın ümumxalq partiyası olduğunu deyən millət vəkilinin fikrincə, bir siyasi təşkilat üçün bundan daha yüksək qiymət ola bilməz. Onun sözlərinə görə, YAP, həmçinin, əldə etdiyi uğurlarla qələbələr partiyası olduğunu sübut edib". YAP milli dəyərlərə söykənərək inkişaf edir.

İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq".

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə bir qrup partiya fəalına fəxri fərmanlar, həmçinin, YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri verilib.

Digər xəbərlər