Müasir Azərbaycanın istər milli-siyasi məkanda, istərsə də beynəlxalq arenada artan nüfuzu ilə fərqlənən, o cümlədən, müasir siyasi sistemin formalaşmasında müstəsna rolu olan və demokratikləşmə prosesinə töhfəsini verən Yeni Azərbaycan Partiyası yaradılmasının 24-cü ildönümünü qeyd edilməkdədir. Bu baxımdan, vurğulamaq yerinə düşərdi ki, YAP kəmiyyət və keyfiyyət göstəricilərinə görə ölkəmizin, hətta regionun siyasi palitrasının ən aparıcı siyasi təşkilatı kimi siyasi-ictimai və sosial proseslərdə sözünü qətiyyətlə deyə bilən avanqard siyasi qüvvədir. Məhz bu kimi önəmli faktorlar bir daha qənaətə gəlməyə zəmin yaradır ki, YAP yerli və beynəlxalq siyasi palitrada irəli sürdüyü qlobal təşəbbüs və təkliflərilə daim öz öncüllüyünü qoruyub-saxlamağa müvəffəq olmuşdur.
Ötən 24 ildə YAP alternativsiz siyasi güc olduğunu dəfələrlə sübuta yetirib
Əbəs yerə deyil ki, YAP geridə qoyduğu 24 il ərzində qazandığı siyasi təcrübəsinə görə, əldə etdiyi nailiyyətləri ilə siyasi kriteriyalarını təməlli şəkildə müəyyənləşdirib. Azərbaycanın həm daxili, həm də xarici həyatında əhəmiyyətli rol oynayan, ətrafında 700 mindən artıq insanı birləşdirən və siyasi güc kimi formalaşan YAP artıq alternativsiz siyasi güc olduğunu dəfələrlə sübuta yetirib. Eyni zamanda, YAP Azərbaycan cəmiyyətinin həm siyasi, iqtisadi, sosial, həm də mədəni həyatında uğurlu layihələrilə, həmçinin, Prezident İlham Əliyevin sosial-iqtisadi, siyasi və digər istiqamətli işlərində sosiumun səfərbər edilməsində əhəmiyyətli rol oynayır. Bu mənada, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır və 24 ildir ki, iqtidarda olan partiya qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir.
Təbii ki, buna qədər mübarizlik yolu keçən YAP bu yüksəlişə asan yollarla gəlməyib. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız tamamilə yeni situasiya ilə üz-üzə qalmışdı. Daha doğrusu, keçmiş SSRİ-nin süqut etməsi nəticəsində müttəfiq respublikalar kimi Azərbaycan da özünün dövlət müstəqilliyinə qovuşmuş və beləliklə, xalqımız müstəqilliyini bərpa etmək imkanı qazanmışdı. Amma 1990-cı illərin məlum hadisələri, həmçinin, ortaya çıxan situasiyanın yetərincə dəyərləndirilməməsi nəticəsində Azərbaycanın müstəqil dövlətçilik ənənəsinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində addımların atılması mümkün olmamışdı. Daha dəqiq desək, həmin dövrdə keçmiş imperiyanın süqutu nəticəsində beynəlxalq arenada yeni siyasi münasibətlər ortaya çıxmışdı.
YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə olmuşdu
Sovetlərin mövcud olduğu illərdə formalaşmış təkpartiyalı sistem öz yerini demokratiyanın əsas amillərindən sayılan çoxpartiyalı sistemə verməyə başlamışdı ki, bu prosesin sürətlənməsi siyasi səhnədə qüvvələr və qütblərarası mübarizəyə səbəb olmuşdu. Bu amil isə dövrün tələbləri ilə uyğunlaşmırdı.
Həmçinin, yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi özəl xüsusiyyətlər və tarixi şərtlər ortaya müxtəlif nüansları çıxarmışdı. Yəni Azərbaycanın milli və dövlət müstəqilliyinin başının üstünü almış təhlükədən xilas etmək, Azərbaycanda milli dövlət quruculuğu istiqamətində səmərəli və sistemli şəkildə addımlar atmaq, layihələr həyata keçirmək, bu yöndə müvafiq siyasət reallaşdırmaq, ölkəmizin iqtisadiyyatını və həyatın digər sahələrini möhkəmləndirmək zəminində dövlətçilik ənənələrini formalaşdırıb inkişaf etdirmək üçün güclü liderə və həmin liderin rəhbərlik etdiyi güclü siyasi təşkilata ehtiyac vardı. Ölkənin tanınmış ziyalıları "SƏS" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər və Heydər Əliyev də, öz növbəsində, həmin müraciətə öz tarixi cavabını verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edilmiş və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçilmişdi.
Ümumiyyətlə, YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə olmuşdu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilməmişdi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu ideoloji konsepsiyanın uğurla həyata keçirilməsi partiyanın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir
Digər tərəfdən, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoymuş oldu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etmişdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu ideoloji konsepsiyanın uğurla həyata keçirilməsi partiyanın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyinə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, ölkəmizin tərəqqisinə xidmət edib.
Eyni zamanda, Yeni Azərbaycan Partiyası həm də Azərbaycanda siyasi sistemin yaranmasında böyük rol oynayıb. Bu baxımdan, YAP-ın siyasi sistemdəki mövqeyini və fəaliyyətinin əsaslarını təhlil obyektinə çevirdikdə, məlum olur ki, sözügüdən siyasi institut təmsil etdiyi qrupların ali mənafeyini və dövlətçilik maraqlarını özünün Nizamnaməsində əks etdirən, həmçinin, bunları praktik müstəvidə yüksək səviyyədə reallaşdıran ümummilli partiyadır.
Prezident İlham Əliyev: "Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər"
Daha bir qürurverici fakt budur ki, xalqın yüksək inamı, etimadı və dəstəyi ilə 24 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası daşıdığı dəyərlərə və səmərəli fəaliyyət mexanizminə görə vətəndaşların siyasi iştirakçılıq və sosiallaşma səviyyəsini artıran, siyasi subyektlərarası inteqrasiya prosesinə xüsusi təkan və töhfə verən, müsbət və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayan aparıcı, avanqard sosial-siyasi təsisatdır. Bu amil özünü keçirilən bütün seçkilərdə təsdiq edib. Belə ki, YAP-ın V Qurultayında çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, xalq partiyasıdır: "Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər. Əlbəttə ki, bu, özü-özlüyündə bir yüksək göstəricidir. Yəni bu, həm də onu göstərir ki, partiyanın məramı, ideyaları, çox cəlbedicidir, xalq da partiyanın qəbul etdiyi qərarları dəstəkləyir. Xüsusilə, gənclərin partiyaya üzv olması çox sevindirici haldır və onu göstərir ki, partiyanın fəaliyyəti də, ideyaları da, cəmiyyətdəki rolu da vətəndaşlar üçün çox cəlbedicidir və partiyanın fəaliyyəti çox böyük dəstəyə malikdir".
Xatırladaq ki, hələ 1999-cu ildə keçirilən qurultayda Cənab İlham Əliyevin partiyanın rəhbər strukturuna seçilməsi keyfiyyətcə yeni inkişaf mərhələnin başlanmasına təkan vermişdi. 1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan Prezident İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi. Bu isə yenicə müstəqillik əldə etmiş, gənc Azərbaycan Respublikasının gələcək inkişafında mühüm bir addım sayıla bilərdi.
YAP Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib
Partiyanın 2005-ci ilin mart ayında keçirilən III Qurultayında isə Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini Cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi partiyanın həyatında II yeni mərhələnin başlanmasına səbəb oldu. Bu dönəmdən başlayaraq, Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu iqtisadi strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi. Heç kəsə sirr deyil ki, bütün bu prosesdə YAP daim ön sıralarda dayanıb.
Müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər də ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu "Asiya siyasi partiyaları Beynəlxalq Konfransı" (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib.
YAP-ın, eyni zamanda, Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan sağ partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir. Bütün bunlar o deməkdir ki, YAP Azərbaycan dövlətini və xalqını beynəlxalq aləmdə də uğurla təmsil və təbliğ edir.
Hər bir azərbaycanlı Azərbaycanı irəliyə yalnız Yeni Azərbaycan Partiyasının və Onun Lideri Prezident İlham Əliyevin apara biləcəyinə inanır
Azərbaycan dövlətinin inkişaf tarixi YAP-ın yaranma tarixi ilə eyni olduğundan, bu gün hər bir azərbaycanlı partiyanın dövlət və xalq üçün həyata keçirdiyi tədbirlərin şahidi olur. Milli vətənpərvərlikdən, dövlətçilikdən, demokratiyadan dəm vuran indiki müxalifət partiyalarının xalqa xəyanətini görən cəmiyyətimiz 1993-cü ildən başlayaraq, inkişaf ideyasını əsas fəaliyyət platformasına çevirmiş Yeni Azərbaycan Partiyasına dəstək olur, onu hakim partiya kimi görməkdə davam edir. Keçirilmiş seçkilərdə, referendumlarda, sorğularda sosium dövlətin perspektiv inkişafı ilə bağlı yalnız YAP-a və Onun Sədri, Prezident İlham Əliyevə inandığını ifadə edir. Son prezident, bələdiyyə, parlament seçkilərində və referendumda da Yeni Azərbaycan Partiyasının qələbə qazanması üçün səfərbər olunan cəmiyyətimiz, eyni zamanda, YAP-ın dövlətçilik və inkişaf ideyasının daşıyıcıları, tərəfdarları olduqlarını isbatlayıblar.
Əsas ideoloji dayaqları müstəqillik, azərbaycançılıq, müasirlik, inkişaf, sosial rifah, iqtisadi və siyasi islahatlar olan Yeni Azərbaycan Partiyasına inam, etimad və dəstək böyükdür. Məhz hər bir azərbaycanlı Azərbaycanı irəliyə yalnız Yeni Azərbaycan Partiyasının və Onun Lideri Prezident İlham Əliyevin apara biləcəyinə inanır və bu mənada YAP cəmiyyətimizin yeganə seçimi olaraq bundan sonra da uzun illər siyasi qələbələr qazanmağa davam edəcəkdir.
Rövşən Rəsulov