İlham Əliyev: "Azərbaycan Ordusu dünyada ən güclü ordulardan biridir"
Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi-siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.
Azərbaycan xalqı xoşbəxtdir ki, əlində silah gecə-gündüz Vətəninin keşiyini çəkən igid əsgər və zabitləri vardır. İşğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyən peşəkar hərbçilərimiz vardır.
Güclü ordu dövlətin suverenliyinin təminatçısıdır
Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə və yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılmasının əsası olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. Lakin o dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması dahi rəhbərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşımışdır.
Bu gün Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. "Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır", - deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi-sənaye kompleksi yaradılmış, silahlı qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir.
Aərbaycanın 2016-cı il üçün hərbi xərcləri Ermənistanın bütünlüklə dövlət büdcəsindən artıq olacaq
Azərbaycan güclü və müstəqil dövlət kimi böyük zirvələrə çata bilmişdir. Beynəlxalq miqyasda çox böyük nüfuza malik olan Azərbaycan dünyanın ən mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasına üzv olub və bu təşkilatda öz mövqeyini müdafiə edir.
Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə qed edib ki, ordu dövlətçiliyi qoruyur, seçimimizi qoruyur, bizi qoruyur, müstəqil siyasətimizi qoruyur. Xalq isə ordunu qoruyur və qorumalıdır: "Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır... Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir".
Prezident İlham Əliyev əmindir ki, Azərbaycan qarşıda duran bütün vəzifələri uğurla icra edəcək: "Bu gün, demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır. Bütün istiqamətlər üzrə konkret siyasət var, proqram var və gözəl nəticələr var. Əminəm ki, münaqişənin həllində də biz istədiyimizə nail olacağıq. Biz tarixi ədaləti bərpa edəcəyik, öz doğma torpaqlarımıza qayıdacağıq. Bunun başqa yolu yoxdur".
Dövlətin hərbi sahəyəyə diqqət və qayğısının nəticəsidir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət bücəsindən çoxdur. Bunu faktlar da təsdiqləyir. Belə ki, 2016-cı il üzrə müdafiə xərcləri 59,3 milyon manat artırılıb. 2016-cı ildə bu istiqamət üzrə 1 milyard 837,8 milyon manat xərclənməsi nəzərdə tutulur ki, bu da 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 3,3 faiz çoxdur. Ümumilikdə isə, Azərbaycanın hərbi xərcləri 3 milyard manata yaxındır. Buna səbəb ölkənin müharibə şəraitində yaşaması, ərazisinin 20 faizdən çoxunun hələ də işğal altında olmasıdır. Ayrılan vəsait ordunun maddi-texniki bazasının daha da gücləndirilməsinə imkan verir.
Hazırda Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclü ordudur. Ölkəmizdə gedən ordu quruculuğu tədbirləri, bir daha təsdiqləyir ki, Ermənistanla müharibənin başlayacağı təqdirdə, Azərbaycan qələbəni qısa müddətdə əldə edəcək.
Ermənistanda isə daha ağır vəziyyət hökm sürür. Bunu Ermənistanın 2016-cı il üçün dövlət büdcəsinə nəzər salmaqla deyilənləri aydın görmək olar. Belə ki, işğalçı ölkənin dövlət büdcəsinin gəlirləri 1 trilyon 219,5 milyard, xərcləri isə 1 trilyon 411,9 milyard dram müəyyən edilib. Amma nəzərə alaq ki, postsovet məkanında ən aşağı dəyərdə olan milli valyuta, məhz Ermənistandadır. Hazırda 1 ABŞ dolları az qala 500 drama bərabərdir. Bu da, o deməkdir ki, gələn il üçün Ermənistanın dövlət büdcəsinin gəlirləri 2,5 milyard dollar, xərcləri isə 2,9 milyard dollar dəyərində olacaq. Bu, bir daha göstərir ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən daha çoxdur. İşğalçı ölkənin hərbi xərcləri heç 500 milyon dollara da çatmır. Bu mənada, hərbi xərclər məsələsində də vəziyyətin nə dərəcədə Azərbaycanın lehinə dəyişməsi aydın görünür.
Elə cari ilin aprel hadisələri Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi. 2016-cı ilin 2-5 aprel tarixində cəbhəyanı ərazilərdə məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində mövqeləri ağır silahlardan intensiv şəkildə atəşə məruz qaldı. Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu lazımi addımlar atdı. Həmin hadisələr zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər düşmən tapdağı altında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, aprel döyüşləri tarixdə Azərbaycanın böyük hərbi qələbəsi kimi qalacaqdır. Çünki Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var.
RƏFİQƏ KAMALQIZI