PDF Oxu

Siyasət

  • 41

Azərbaycan ilə Belarus arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyur

Azərbaycan ilə Belarus arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyur

İlham Əliyev: "Biz bir-birimiz, həmçinin bütün ölkələr üçün də etibarlı tərəfdaşlarıq"

Noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Belarus Respublikasının Prezidentinə raport verdi. Belarus Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Belarus Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub. AZƏRTAC xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər. Prezident İlham Əliyev:

-Hörmətli Aleksandr Qriqoryeviç. Sizi yenidən görməyimə çox şadam, Azərbaycana xoş gəlmisiniz. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu, onu göstərir ki, dövlətlərimiz arasında münasibətlər son dərəcə yaxınlıq və dostluq xarakteri daşıyır. Biz Minskdə, Bakıda, başqa yerlərdə beynəlxalq tədbirlər çərçivəsində müntəzəm görüşürük. Həmişə Sizinlə fikir mübadilələri faydalı və xoş olur. Biz Sizinlə son illər ərzində ikitərəfli formatda xeyli məsələləri həll etmişik. Çox yaxşı nəticələr var. Hər dəfə yenidən görüşəndə biz görülən işlərə yekun vuraraq belə qənaətə gəlirik ki, hətta qısa müddətdə ortada nəticə var. Biz Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirmək niyyətindəyik. Bu gün ikitərəfli format demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir. Ənənəvi sahələrdə əməkdaşlıq prosesləri getdikcə genişlənir. Biz həm də əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdiririk. Biz dostuq, tərəfdaşıq. Bütün məsələlərdə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyirik. Sizi, Azərbaycanın yaxın dostunu, Azərbaycanda çox sevilən və hörmət bəslənilən bir insanı yenidən Bakıda görmək mənə çox xoşdur. Əminəm ki, Sizin bugünkü səfəriniz əməkdaşlığımıza yeni təkan verəcək. Münasibətlərimizin perspektiv inkişaf istiqamətlərini müəyyən edəcək xeyli sənədlər imzalanacaq. Əlbəttə ki, biz Sizinlə ikitərəfli, regional, hazırda bütün dünya ictimaiyyətini narahat edən məsələlər barədə də söhbət edəcəyik. Biz dost və tərəfdaşıq. Bir daha səmimi qəlbdən "Xoş gəlmisiniz" deyirəm. Dəvəti qəbul edib gəldiyinizə görə təşəkkür edirəm. Sizə uğurlu və xoş səfər arzulayıram.

***

Prezident Aleksandr Lukaşenko:

-Xoş sözlərə görə çox sağ olun, İlham Heydər oğlu. Dəvətə görə sağ olun. Təbii, bilirsiniz ki, bizim müzakirə ediləsi və Sizin düzgün qeyd etdiyiniz kimi, gələcək fəaliyyət yollarını müəyyənləşdirəsi problemlərimiz var. Düzünü desəm, hər dəfə Bakıya gələndə mən bu inkişafı görərkən bütün bu əsas məsələlər ikinci plana keçir. Mən görürəm ki, Siz ilk növbədə bu gözəl şəhərdə qədim məbədləri, qədim mədəniyyət abidələrini qoruyub saxlaya bilmisiniz. Əksər regionlarda həyat bunlardan başlanıb. Mən Sizin düşünülmüş, rasional tikililəri görəndə fikrim o qədər yayınır ki, həll edəcəyimiz əsas məsələləri unuduram. Bu, həqiqətən belədir. Fikrimcə, bu ovqat təkcə məndə yox, bütün qonaqlarda yaranır. Mən bunları görəndə nələrisə öyrənir və düşünürəm ki, gördüklərimi Belarus torpağında da tətbiq etmək olar. Buna görə də Sizə minnətdaram. İkincisi, İlham Heydər oğlu, Sizi Azərbaycan xalqının yüksək etimadı münasibətilə təbrik etmək istəyirəm. Mən bilirdim ki, Azərbaycanda Sizi sevirlər. Amma belə bir sevgiyə, düzünü desəm, yalnız həsəd aparmaq olar. Afərin Sizə, plebessiti çox gözəl keçirdiniz, Azərbaycan xalqının etimadını qazandınız. Əldə olunan uğurları davam etdirdiyinizə, xalq təsərrüfatının inkişafında bu cür nailiyyətlərə görə Azərbaycan xalqı təşəkkürə layiqdir.

Təbii ki, Siz bizə ən yaxın dostlarınız kimi bel bağlaya bilərsiniz. Əgər Sizə Azərbaycanda nədəsə faydalı ola biləriksə, buna həmişə hazırıq. Siz bizim imkanlarımızı yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Siz dəfələrlə bizdə olmusunuz. Sizdən əvvəl atanız da çox böyük işlər görüb. Onun haqqında, münasibətlərimiz barədə çox danışmışam. Bizim xalqımız o müdrik və xeyirxah insanı çox yaxşı xatırlayır. Atanızla birlikdə ölkələrimizin münasibətləri üçün gördüyünüz işlər həmişəlik yadda qalacaq. Bizim qapalı mövzularımız yoxdur. Siz düzgün qeyd etdiniz ki, biz bütün istiqamətlərdə əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdirəcəyik. Bizim əməkdaşlığımız heç kəsə zərər vurmur. Belə demək mümkündürsə, biz gerçəkliyin ən aktual məsələlərinin müzakirəsində açıq fəaliyyət göstəririk və bundan sonra da belə olacaq.

Məni ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Aramızda yaranan qaydaya görə, mən də Sizi istənilən vaxt Belarusda gözləyirəm. Bizim yaxşı təcrübəmiz var. Düşünürəm ki, Sizin üçün münasib vaxtda təkcə qonaq kimi deyil, ölkəmiz üçün ən yaxın, ən doğma insan kimi bizə təşrif gətirəcəksiniz. Təşəkkür edirəm.

Noyabrın 28-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev:

-Hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram.

Bu gün biz ikitərəfli gündəliyin bir sıra mühüm məsələləri - regional problemlər, regional təhlükəsizliklə, əməkdaşlıqla bağlı məsələlər barədə fikir mübadiləsi apardıq. İndi biz diskussiyaları geniş tərkibdə davam etdirəcəyik. Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlamaq istərdim. Sizin səfəriniz, böyük nümayəndə heyəti ilə ölkəmizə gəlməyiniz bizi çox sevindirir. Əminəm ki, nümayəndə heyətinin üzvləri də öz istiqamətləri üzrə işləmək imkanına malik olacaqlar. Çünki bu gün bu masa arxasında bir sıra nazirliklərin, şirkətlərin, idarələrin rəhbərləri təmsil olunub. Onların öz aralarında münasibətləri var və əməkdaşlıq potensialını artırmaq niyyətindədirlər.

Ölkələrimiz arasında çox yaxın, etimada əsaslanan münasibətlər formalaşıb. Biz həmişə bir-birimizi dəstəkləyirik, bizi maraqlandıran, narahat edən məsələləri səmimi müzakirə edirik. Biz bir-birimizi, necə deyərlər, dəfələrlə sınamışıq. Biz bir-birimiz, həmçinin bütün ölkələr üçün də etibarlı tərəfdaşlarıq. Zənnimcə, bu da Belarusu və Azərbaycanı yaxınlaşdırır. Çünki ölkələrimiz prinsipial siyasətə və sağlam münasibətlərə görə beynəlxalq aləmdə haqlı olaraq nüfuz qazanıblar.

Beynəlxalq təşkilatlarda biz həmişə bir-birimizi dəstəkləyirik və əminəm ki, bundan sonra da dəstəkləyəcəyik. Belarusun timsalında bizim çox etibarlı tərəfdaşımız və dostumuz var. Sizin uğurlarınıza həmişə sevinirik, Sizi görməyə həmişə şadıq.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko:

- İlham Heydər oğlu, dəvətə və indicə dediyiniz sözlərə görə çox sağ olun. Mən artıq Sizi cəsarətli siyasi qərarlarınız münasibətilə təbrik etmişəm. Sizin Azərbaycan xalqından aldığınız dəstəyə hər kəs qibtə edə bilər. Sizə afərin deyirəm. Bu mürəkkəb dövrdə ölkənizdə bu cür birlik nümayiş etdirirsiniz. Bu, bizim üçün də yaxşıdır. Çünki sənin dostların həmrəy olanda, onlar sıx birləşməyi, istənilən anda, ən mürəkkəb vaxtlarda toplaşmağı bacaranda sənin bu cür dostlarının olması yaxşıdır. Odur ki, Sizi bu münasibətlə, Azərbaycanda gördüyünüz işlərə görə bir daha təbrik etmək istəyirəm.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzaladılar. "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı"nı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarusun Baş nazirinin müavini Vladimir Semaşko imzaladılar.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyası arasında əməkdaşlıq haqqında Saziş"i "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və "Belteleradiokompaniya"nın sədri Gennadi Davıdko imzaladılar. "Qəbələ Rayon İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Qrodno şəhəri (Belarus Respublikası) arasında regionlararası əlaqələrin qurulması haqqında Saziş"i Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç imzaladılar.

"Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Saziş"i Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Belarusun Dövlət Əmlak Komitəsinin sədri Andrey Qayev imzaladılar.

"2025-ci ilədək Azərbaycan və Belarus arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq üzrə Kompleks Proqramı"nı Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Belarusun kənd təsərrüfatı və qida naziri Leonid Zayats imzaladılar.

"Azərbaycan Respublikası və Belarus Respublikası arasında təhsil sahəsində 2016-2020-ci illər üzrə əməkdaşlığın inkişafı Proqramı"nı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Belarusun təhsil naziri Mixail Juravkov imzaladılar.

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasında gömrük hüquq pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"nı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 2013-cü il 21 noyabr tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Saziş"i Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.

"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Belarus Respublikası İdman və Turizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində 2017-2018-ci illər üçün əməkdaşlıq Proqramı"nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.

Noyabrın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi qəbul təşkil olunub.

Digər xəbərlər