"Dekabrın 8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpası ilə bağlı razılıq əldə oluna bilər". Bunu SİA-ya açıqlamasında millət vəkili politoloq Rasim Musabəyov deyib.
O bildirib ki, XİN rəhbərlərinin ikitərəfli görüşü hələlik təsdiqlənməsə də, həmsədr ölkələrin iştirakı ilə görüş olacaq: "Aprel hadisələrindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş olmayıb. İndi də gözlənilən deyil. Amma ATƏT Nazirlər Şurasının iclası çərçivəsində digər tərəflərin iştirakı ilə nəzərdə tutulan görüşün yeganə nəticəsi bu ola bilər ki, prezidentlərin növbəti sammitinin hazırlanması üçün müəyyən razılaşma əldə olunsun. Lakin ikitərəfli görüşün baş tutması sual altındadır".
R.Musabəyov onu da vurğulayıb ki, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dekabrın sonunda vəzifəsindən gedir, Fransa isə yeni həmsədr təyin edib, amma hələlik aktiv fəaliyyətə başlamayıb: "Ona görə də kimin təşəbbüslər irəli sürəcəyi, görüşlər təşkil edəcəyi sual doğurur". Politoloq əlavə edib ki, bu ilin sonunda prezidentlərin görüşü mümükündür, amma bunun üçün hazırlıq işləri aparılmalı, XİN rəhbərləri görüşməlidir: "Həmçinin, həmsədrlər regiona gəlib təkliflərini verməlidirlər. Amma indiki dövrdə real təklif və görüşün təşkilatçısı kimi Rusiyanın tərəfin çıxış etmədiyi halda, bunun baş tutacağına inanmıram. Ermənistan Rusiyanın dəstəyini hiss etdikcə daha da qudurur. Ona görə də Rusiyanın bu məsələdə sərt mövqe ortaya qoymaığı halda ermənilər ağla gələcəyini gözləmirəm".
sia.az