"Ceyms Uorlikin ATƏT-in Minsk Qrupu həmsədrliyindən getməsi haqqında bəyanatı cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi ekspertlər iddia edirlər ki, tanınmış diplomatın bu vəzifədən getməsi Dağlıq Darabağ probleminin həllinin dalana dirənməsi ilə nəticələnəcək". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, Minsk qrupunun problemi kökündən həll etmək səlahiyyətləri yoxdur: "Bu təşkilatın fəaliyyəti əsasən tərəflər arasında etimad yaratmaq və münaqişənin könüllülük prinsipi ilə həllinin tapılmasına xidmət edir. Ceyms Uorlikin fəaliyyətini incələyərkən açıq aydın görünür ki, bu diplomatın bəyanatlarında problemin ədalətli həlli variantını tapmaq istəyi var. Amerikalı diplomatın dəfələrlə işğal altında olan torpaqlarımızın azad olunmasını bəyan etməsi deyilənləri sübut edir. Uorlikin bu bəyanatlarını onun şəxsi istəyi kimi qələmə verməyə çalışaraq, onun getməsini danışıqlara mənfi təsir edəcəyini iddia edənlər unutmasınlar ki, bu səviyyədə olan diplomatlar öz ölkələrinin xarici siyasət idarələrinin məlumatı olmadan bu sayaq bəyanatlar verə bilməzlər".V.Əfəndiyev ABŞ-da siyasi hakimiyyətin dəyişməsindən sonra münaqişənin həlli istiqamətində fərqli yanaşmanın və müəyyən irəliləyişlərin olmasını istisna etməyob: "Ən azından onu deyək ki, bu illər ərzində ABŞ xarici siyasət yetkililəri o cümlədən Uorlikin problemin həlli istiqamətində ilk baxışdan bizim üçün xoşgörünüşlü bəyanatlar versələrdə uğurlu heç bir nəticə əldə olunmayıb.Yeni seçilmiş prezidentin Dağlıq Qarabağ münaqişəsinin həllində hansı mövqeni tutacağı da yeni təyin olacaq həmsədrin fəaliyyətindən aydın olacaq.Hesab edirəm ki, yeni həmsədrin bəyanatları heç də sələfinin mövqeyindən fərqlənməyəcək. Lakin unutmayaq ki, Rusiya faktoru çox önəmlidir. Münqişənin ədalətli həllinin taplıması üçün ilk növbədə Rusiya indiyə qədər tutduğu mövqedən geri çəkilməlidir. Bu yaxınlarda Putinin "Rusiya sərhədləri sonsuzdur bəyanatı" isə bu məsələnin asanlıqla başa gəlməyəcəyi anlamına gəlir. Hər halda biz nikbinliyimizi qoruyub saxlamalı və mövqelərimizi daha da gücləndirməyi düşünməliyik. Güclü dövlət isə güclü iqtisadiyyata bağlıdır".
sia.az