"İyirmi beş il əvvəl, dekabrın 11-də Rumıniya Azərbaycan əlaqələrinin tarixində əlamətdar hadisə baş verdi. Belə ki, Rumıniya həmin tarixdə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci dövlət oldu". SİA-nın məlumatına görə, bunu Rumıniyanın Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda bu ölkənin səfiri Dan İanku deyib. O, bildirib ki, ötən 25 il ərzində Azərbaycanla Rumıniya arasındakı əlaqələr bütün sahələrdə inkişaf edib: "Bizim əməkdaşlığımız beynəlxalq müstəvidə də davam edir. Rumıniya Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların tez bir zamanda başlanmasını dəstəkləyir. Rumıniya ardıcıl olaraq 4 dəfə NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi olub. NATO-Azərbaycan dialoqunun güclənməsi üçün səylə çalışdıq".
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev isə Azərbaycan hökuməti adından Rumıniya xalqını təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq xarakter daşıyır: "Bununla bağlı iki ölkə arasında fəaliyyət planı mövcuddur. Bu plana bir sıra sahələrdə əməkdaşlıq daxilir və biz bu planın icrasında çox maraqlıyıq. Hökumətlərarası komissiyanın indiyədək 4 iclası keçirilib. Ümid edirəm ki, növbəti iclas tez bir zamanda Buxarestdə keçiriləcək. Bu görüşdə enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq müzakirə olunacaq ki, bununla da əməkdaşlığımız daha da inkişaf edəcək. Rumıniya Aİ-yə üzv ölkə kimi Azərbaycana dəstək göstərir".
sia.az