PDF Oxu

Siyasət

  • 33

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV - BÜTÜN ZAMANLARIN DAHİSİ

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV - BÜTÜN ZAMANLARIN DAHİSİ

Onun xalqımızın qarşısındakı ən böyük xidmətlərindən biri və birincisi möhkəm təməllər üzərində qurulan mükəmməl dövlət siyasəti faktorudur

Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə ehtiyac duyur. Sözün əsl mənasında, hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin dünya xalqları sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında dayanır. Daim bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib. "Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz". Bu fikir Azərbaycan adını dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə məxsusdur! Əslində, doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhəngin fəaliyyəti bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Belə ki, Azərbaycanın xilaskarı və memarı, Ulu Öndəri Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun 30 ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.

Böyük Yaradan Ulu Öndər Heydər Əliyevi taleyimizin ən çətin məqamında xalqımıza bir xilaskar kimi göndərdi və Onun gəlişi ilə ana yurdumuzun üzünə günəş doğdu

Məlum olduğu kimi, Dahi Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan dərin böhran içərisində çapalayırdı, elə problemlər yaranmışdı ki, bundan çıxış yolu tapmaq müşkül görünürdü. Həyat iflic vəziyyətə düşmüşdü, işsizlik əhalini acınacaqlı vəziyyətə gətirib çıxarmışdı. Bu vəziyyətin qarşısını almaq və idarəçilik sistemini bütünlüklə iflic haldan xilas etməkdən ötrü güclü dövlət xadiminin yeri görünürdü. Yaxşı ki, xalq o vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevi təkidlə Bakıya çağırdı. Ulu Öndərimizin xalqın yekdil dəvəti ilə Bakıya qayıdışı Azərbaycanda əsaslı dönüşün təməlini qoydu. Beləliklə, böyük Yaradan Heydər Əliyevi taleyimizin ən çətin məqamında xalqımıza bir xilaskar kimi göndərdi və Onun gəlişi ilə ana yurdumuzun üzünə günəş doğdu. Labüd vətəndaş müharibəsinin və Azərbaycanı parçalamaq istəyən separatçıların qarşısı, məhz Ümummilli Liderimizin qətiyyətli tədbirləri nəticəsində alındı. Həmin tarixi andan başlayaraq xalqda öz gücünə, müstəqilliyinin dönməzliyinə inam artdı. Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşən xalqımız ruh yüksəkliyi ilə ölkənin problemlərini həll etməyə, dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin fəal iştirakçılarına çevrilməyə başladı. Anarxiya və xaos geniş quruculuq mərhələsi ilə əvəz olundu. Elə o vaxt dövlətçilik və müstəqilliyimiz naminə çox cəsarətli addımlar atıldı, eyni zamanda, Avropaya inteqrasiya prosesi sürətləndi.

Dahi Öndər Heydər Əliyevi özündən əvvəlki rəhbərlərdən fərqləndirən əsas cəhətlərdən biri bu idi ki, o, fəaliyyətinin ilk çağlarından insanlarla mövqeyindən, təmsil etdiyi təbəqədən asılı olmayaraq, yaxın təmas qura bilirdi. Bu dahi şəxsiyyət xalqın böyük oğlu idi, ondan bir an olsun belə ayrı yaşaya birmirdi. Onun məşhur kəlamı dillər əzbəridir: "MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!" Bu, həm də o demək idi ki, Heydər Əliyevin ölkədə olan bütün proseslərdən, baş verən bütün hadisələrdən xəbəri vardı.

Onun irsi indi xalqımıza düzgün yol göstərir, bütün qələbələrimizin rəhninə çevrilmişdir

Ümummilli Liderimiz Azərbaycan xalqının qədim tarixinə, zəngin mədəniyyətinə arxalanan, onu dünyada yetərincə təbliğ edən böyük bir intellekt sahibi idi, özündən sonra nəhəng bir siyasi və mənəvi irs qoyub getmişdir. Bu irsin əsas mahiyyətini və məzmununu, böyük bir missiyanı Ulu Öndərin öz sözləri ilə belə xarakterizə etmək olar: "Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram". Buna görədir ki, Onun irsi indi xalqımıza düzgün yol göstərir, bütün qələbələrimizin rəhninə çevrilmişdir. Bunu tarix sübut etmişdir, dahi rəhbərimizin arxalandığı və güvəndiyi yenilməz qüvvə keçilməz maneələri dəf edərək, xarüqələr yaradıb.

Dahi Öndər Heydər Əliyevin fəaliyyəti o qədər hərtərəfli və genişdir ki, onları təfsilatı ilə söyləmək çətindir. Qısaca olaraq bunların bəzilərini qeyd etmək olar. Məsələn, 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektoruna məxsus karbohidrogen ehtiyatlarının xarici neft şirkətləri ilə birgə mənimsənilməsinə dair "Əsrin müqaviləsi" adlı nəhəng müqavilə imzalandı. Bu, Ulu Öndərin iqtisadi inkişaf konsepsiyasının əsas elementi, Azərbaycan xalqının gələcəyinin təməl prinsiplərindən biri oldu. Neft ixracı sayəsində Azərbaycana daxil olan milyardlarla dollar həcmində mənfəət hazırda xalqın daha yaxşı yaşamasına yönəlmişdir.

Ulu Öndərimiz bu gün cismən sıralarımızda olmasa da, pak və xeyirxah əməlləri, misilsiz xidmətləri gözümüz önündədir, hamımıza bəllidir

Xarici dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə çevik, tarazlaşdırılmış siyasət yürüdən Heydər Əliyev Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmağa və bununla da Azərbaycana diqqət və marağını qat-qat artırılmasına nail oldu. 1994-cü ildə Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşuldu. 2001-ci ildə Avropa Şurasına üzv oldu. Dövlət başçımızın səsi BMT-nin, digər nüfuzlu təşkilatların tribunasından eşidildi.

Aparılan aqrar islahatlar, demokratik və hüquqi dövlət quruculuğu sahəsində, vətəndaşların sosial durumunun yaxşılaşdırılması istiqamətində qəbul edilən proqramlar, yoxsulluğun aradan qaldırılması yönündə görülən tədbirlər, misli görünməmiş işlər idi. Ulu Öndərimiz bu gün cismən sıralarımızda olmasa da, pak və xeyirxah əməlləri, misilsiz xidmətləri gözümüz önündədir, hamımıza bəllidir.

Bizim borcumuz Heydər Əliyev ideyalarını bundan sonra da yaşatmaq, ləyaqətlə inkişaf etdirməkdən ibarət olmalıdır

Hazırda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi qətiyyətli, müdrik siyasi kurs Prezident İlham Əliyevin dövlətçilik bacarığı və əvəzedilməz rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edir, respublikamızın müstəqilliyi və suverenliyi daha da möhkəmlənir, ölkəmiz gündən-günə varlanır, vətəndaşlarımız daha firavan yaşayırlar.

Cənubi Qafqazın ən nüfuzlu ölkəsinə çevrilmiş Azərbaycan bütün sahələrdə inkişaf edir. İqtisadiyyatı möhkəmlənir, respublikanın investisiya cəlbediciliyi artır, sahibkarlıq inkişaf edir. Bu isə ölkəmizin həyatında daha yeni bir mərhələdir, davamlı və sabit inkişafımızın göstəricisidir. Regional güc mərkəzi kimi beynəlxalq məkanda aparıcı məkana çevrilən Azərbaycan postsovet respublikaları arasında keçid dövrünü başa vuran ilk dövlət olduğu kimi, inkişaf etmiş ölkələrin cərgəsinə də ilk qoşulan ölkə olacaq. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət öz bəhrəsini vermişdir, onun arzuları çiçəklənmiş, növbəti möhtəşəm vəzifələrin yerinə yetirilməsi yolunda nurlu mayaka çevrilmişdir. Bizim borcumuz Ulu Öndər Heydər Əliyev ideyalarını bundan sonra da yaşatmaq, ləyaqətlə inkişaf etdirməkdən ibarət olmalıdır. Nə qədər ki, Azərbaycan xalqı var, Ulu Öndərimizin parlaq xatirəsi daim qəlbimizdə yaşayacaq, Onun mübariz əməlləri yüz illər bundan sonra da nəsillərə örnək olacaqdır.

NƏRİMAN ƏLİYEV,

millət vəkili

Digər xəbərlər