"Rusiya Ermənistana etibar etmir və onu nəzarət altına alır". SİA-nın məlumatına görə, bunu Siyasi innovasiya və Texnologiya Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu cari ilin noyabr ayında beynəlxalq və regional proseslərin yekununa dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Ermənistanın müstəqil xarici siyasəti olmayacaq və yalnız KTMT üzvü kimi Rusiya ilə müştərək xarici siyasət aparacaq: "Ermənistan orusu da Rusiya tərəfindən nəzarətə götürülür. Bəlkə də Rusiya Ermənistanın 4 və 5-ci korpuslarını 102-ci hərbi hissəyə qatmaqla bu ölkənin ali baş komandanının tabeçiliyində olan ordunu zəiflədir. Birləşmiş qoşun qruplaşması haqqında imzalanmış sazişin fəlsəfəsi də bundan ibarətdir".
Politoloqun sözlərinə görə, bu qoşun qruplaşmasının yaradılması haqqında müqavilə İrəvanın hərbi imkanlarının tam məhdudlaşdırılması anlamındadır: "Birləşmiş qoşun qruplaşmasının yaradılması təkcə xarici amillərlə deyil, həm də daxili amilllərlə şərtlənir. Rusiya bu qruplaşmanın yaradılmasına dair ideyasını iyun ayında "Sasna çrer" əməliyyatı zamanı yenidən diriltdi. Rusiya keçmiş Qarabağ döyüşçülərinin Ermənistanda ordunu nəzarətə götürəcəyindən və qonşu dövlətlərə qarşı istifadə edəcəyindən narahat idi. Ona görə də dərhal bu qruplaşmanın yaradılmasına dair Ermənistana nümayəndə göndərdi". .
Politoloq deyib ki, ermənilər, o cümlədən Rusiyadakı bəzi ekspertlər bu müqavilənin Azərbaycan və Türkiyəyə qarşı yönəldiyini iddia edir və onun Gürcüstana qarşı qarşı istifadə olunmayacağını bildirirlər: "Reallıq isə tam fərqlidir. Ermənistanın 4 qonşusundan Rusiyanın yalnız Gürcüstanla problemi var. Gürcüstan ABŞ-ın hərbi bazasını yaratmaq niyyətindəir. NATO ilə Gürcüstan arasında hərbi əməkdaşlıq genişdir. Rusiya Gürcüstanın belə siyasətini özü üçün hərbi təhlükə kimi dəyərləndirir. Deməli, müqaviləyə görə, bu həm də Ermənistana hərbi təhlükədir. Ermənistan müqavilənin tələbinə görə, Gürcüstana hücum etməlidir. Türkiyə və Azərbaycanın Rusiya ilə münasibətləri çox yaxşıdır. Bu iki dövlətin Ermənistana dəlilli- sübutlu təhlükə yaratması ağlabatan məsələ deyil. Ona görə də Türkiyə və Azərbaycandan hərbi təhlükə gəldiyini Rusiyaya sübut etməsi inandırıcı deyil. Amma Ermənistan özü müxtəlif təxribatlara əl ata bilər. Konfiktogenlik resursunu işə salmaqla Ermənistan elə vəziyyət yarada bilər ki, Rusiya və Türkiyə Naxçıvan üzərində toqquşa bilərlər. Ermənistan Naxçıvan istiqamərində hərbi vəziyyəti gərginləşdirsə, təbii ki, Azərbaycanın atacağı hərbi addmları, verdiyi cavabı Türkiyə dəstəkləyəcək. Türkiyə tərəfinin Ermənistana qarşı atdığı hərbi addımları isə Rusiya tərəfi cavabsız qoymayacaq. Rusiya Ermənistanı müdafə etməyəcəksə, deməli, müqavilə öhdəliyini yerinə yetirməyəcək. Ermənistanı hərbi cəhətdən müdafiə edəcəksə, Türkiyə ilə müharibəyə başlayacaq. Bu çox böyük avantüradır". M.Əhmədoğlu hesab edir ki, Suriyadakı vəziyyətin indiki dövründə Türkiyə ilə Rusiya arasında hərbi toqquşma hər iki tərəfə, xüsusilə Rusiyaya ciddi ziyan gətirə bilər: "Qərbdə bəzi qüvvələr hadisələrin belə inkişafına çalışırlar. Rusiya bunu əvvəlcədən görür və ona görə də Ermənistanın təxribat imkanında olan qoşun korpuslarını özünə birləşdirir".
sia.az