Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə Suraxanı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri təşkil olunur. Dünən rayonun səhiyyə işçilərinin iştirakı ilə 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının iclas zalında keçirilib.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edilib.
Tədbiri giriş sözü ilə açan 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il keçir: "Bu illər ərzində dünyanın müxtəlif yerlərində Ulu Öndərimizin xatirəsi əbədiləşdirilir. Vətənini və millətini sevən hər bir azərbaycanlı üçün tükənməz qürur mənbəyidir ki, bu gün nəinki ölkəmizdə, hətta bir çox dünya dövlətlərində Ümummilli Liderimiz Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilir".
Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi: "Azərbaycan xalqının inkişafı, gələcək tərəqqisi naminə Ulu Öndər Heydər Əliyev vətənimizin ən ağır və faciəli günlərində ona rəhbərliyi öz üzərinə götürərək, misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi Liderdir. Heydər Əliyev, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsaslarını formalaşdırdı".
A.Həsənova bildirib ki, bu gün həyatın bütün sahələrində sürətli tərəqqi yolu ilə inamla və möhtəşəm nailiyyətlərlə irəliləyən müasir Azərbaycan Möhtərəm Prezidentimiz İlham Əliyevin genişmiqyaslı və yorulmaz fəaliyyəti nəticəsində qısa zaman kəsiyində böyük inkişaf mərhələsi keçib.
Tədbirdə çıxış edən 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.
ZÜMRÜD