Dünən Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon icra hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbir iştirakçıları Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edərək, abidənin önünə tər güllər qoyublar. Sonra tədbir iştirakçıları Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olub, elektron lektoriya zalında Ulu Öndərin zəngin irsini öyrənmək məqsədi ilə ədəbi-kompozisiyaya baxıblar.
Suraxanı rayon icra hakimiyyətinin akt zalında "Azərbaycanı davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Ümummilli Lider" mövzusunda konfrans öz işinə başlayıb. İştirakçılar bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Konfransda çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, bu gün öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Ulu Öndər anılır, əziz xatirəsi yad edilir: "Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il keçir. Ötən illər bir daha göstərdi ki, zaman keçib nəsillər dəyişsə də, Ümummilli Lider xalqın yaddaşından silinmir, bu gün də insanların qəlbində ən yüksək ehtiramla yad edilir. Çünki Heydər Əliyev şəxsiyyəti bütün dövrlər və nəsillər üçün əbədilik statusu qazanıb, adı Azərbaycan tarixinə əbədi həkk olunub".
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ölkəmizin və xalqımızın taleyində oynadığı misilsiz rolun, yerinə yetirdiyi böyük işlərin, yaratdığı sabitliyin və əmin-amanlığın, iqtisadi strategiyanın, ideoloji təməlin əhəmiyyəti, illər ötdükcə, daha aydın görünür.
Tədbirdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyorlarının ifasında Ulu Öndərə həsr olunmuş "Qurtuluş" tamaşası təqdim olunub. Sonda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliğində fəal iştirak etdiyinə görə, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
ZÜMRÜD