Dünən Quba rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar rayon icra hakimiyyətində "Nə qədər ki, müstəqil Azərbaycan Respublikası var, nə qədər ki, Azərbaycan xalqı var, Ümummilli Lider Heydər Əliyevin adı daim yaşayacaqdır!" adlı konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Sonra tədbirlər planına uyğun olaraq keçirilən rəsm, şeir, inşa müsabiqələrinin və Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual yarışın qalibləri rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb. Konfransın əvvəlində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib. Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov bildirib ki, bu gün xalqımız ölməz tarixi Şəxsiyyət, Ümummilli Lider, dünya miqyaslı siyasətçi, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin vəfatının on üçüncü ildönümünü qeyd edir: "Heydər Əliyev şərəfli və mənalı ömrünü xalqımızın xoşbəxt gələcəyinə həsr etmiş, hələ keçmiş SSRİ dövründə müxtəlif yüksək vəzifələrdə çalışdığı zamanlarda da respublikamızın bütün sahələrdə inkişafının əsasını qoymuşdur.
YAP Quba rayon təşkilatının sədri Yusif Abidov "Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ölməz ideyaları hazırda böyük uğurla davam etdirilməkdədir", Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Əli Allahverdiyev "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı", Quba Regional Aqrar Elm və İnformasiya-Məsləhət Mərkəzinin direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov "Heydər Əliyev və Qubada intensiv bağçılığın inkişafı", Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova "Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti", Quba Dövlət Sosial-İqtisad Kollecinin tələbəsi Səcdə Kübərova "Heydər Əliyev və dövlət-gənclər siyasəti" mövzusunda çıxış ediblər.
Konfransa yekun vuran RİH-in başçısı Yaşar Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin olduqca zəngin, şərəfli və mənalı həyatı, Onun titanik fəaliyyəti haqqında nə qədər danışılsa da, bu ölməz tarixi Şəxsiyyətin zəngin irsi tükənməzdir. Xalqımızın borcu Ulu Öndərin ideyalarına daim sadiq qalmaq, bu ölməz ideyaları yaşatmaq və Ümummilli Liderin siyasi kursunun ən layiqli davamçısı, respublikamızın dinamik inkişafının təminatçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməklə ölkəmizin daha da qüdrətlənməsi naminə var qüvvəmizi əsirgəməməkdən ibarətdir.
NƏZAKƏT