Dünən Xətai rayon icra hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində də Ümummilli Lider Heydər Əliyevin tarixin ayrı-ayrı vaxtlarında üzərinə götürdüyü missiyalarından geniş bəhs olundu. Tədbir iştirakçıları öncə Xətai rayonu ərazisində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, Onun abidəsi önünə qızılgül dəstələri düzdülər.
Sonra YAP Xətai rayon təşkilatının qərargahında davam edən tədbiri Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə açan YAP Xətai rayon təşkilatı sədrinin müavini, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə xalqına xidməti fəaliyyətinin əsas istiqaməti seçmişdir.
R.Məmmədov qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşının düşüncəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçilik məfkurəsinin əsasını qoyan dahi bir şəxsiyyət kimi dərk olunur. Azərbaycanın uğurları, reallıqları, bütövlükdə qarşımızda açılan geniş perspektivlər, bilavasitə Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin, müdrikliyinin və Onun müəyyənləşdirdiyi siyasətin nəticəsidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə geniş yol açır.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, dünyanın hansı tərəfindən nəzər salsaq, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəmzi kimi görünür. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yaradıcısı və qurucusudur. Ümummilli Lider özündən sonrakı dövr üçün də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi və yaradıcısıdır. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.
H.Mirələmov vurğuladı ki, Heydər Əliyev haqqında bəhs edərkən, Ümummilli Lider ifadəsini tez-tez səsləndiririk. Ümummilli Lider anlayışının ilkin nəzəri-fəlsəfi izahını belə təqdim edə bilərik ki, ölkəsinin vahid inkişaf yolunu müəyyən etmək, xalqını qalibiyyətli bir gələcəyə aparmaq qüdrəti Ümummilli Liderin xarakterinin ana xəttini təşkil edir. Dahi şəxsiyyət Heydər Əliyev fəaliyyəti, xidmətləri, Azərbaycanın inkişafına verdiyi töhfələri ilə xalqının Ümummilli Liderinə çevrilib.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir. Dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən saatlarla, günlərlə, aylarla danışmaq olar.
Ulu Öndər Heydər Əliyev özünün müdrik siyasəti nəticəsində Azərbaycanın gələcək, yeni dövrün tələblərinə uyğun olaraq, inkişafı üçün konseptual islahatlar həyata keçirilməsi strategiyasını hazırladı. Həmin islahatlar bütün sahələri əhatə etməklə yeni və müasir Azərbaycanın ilk konturlarını müəyyənləşdirdi, bu konsepsiyaya uyğun şəkildə siyasət həyata keçirilməyə başladı.
V.Rəhimzadə Ulu Öndər Heydər Əliyevin xidmətlərindən bəhs edərkən, bu gün sıralarında 700 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etdi. Vurğuladı ki, tarixinə biri-birindən əhəmiyyətli uğurlarla zəngin səhifələr yazan Yeni Azərbaycan Partiyasına milyonların sevgisini şərtləndirən əsas amillər Heydər Əliyev ideyalarına sədaqət, Onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə dəstəkdir. Ulu Öndər Heydər Əliyevin fikirləri ilə desək, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
YAP Xətai rayon təşkilatı qadınlar şurasının sədri Aygün Əhmədli Ulu Öndər Heydər Əliyevin xidmətləri sırasında qadın siyasətindən geniş bəhs etdi. Bildirdi ki, qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı Ulu Öndər Heydər Əliyevi daim düşündürən məsələ olmuş və bu istiqamətdə mühüm addımlar atmışdır. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınların dövlət idarəçiliyində irəli çəkilməsinə verilən önəm məhz bu siyasətdən qaynaqlanır.
YAP Xətai rayon təşkilatı gənclər birliyinin sədr müavini Aliyə Ağrılı Ulu Öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısından bəhs edib. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu.