PDF Oxu

Siyasət

  • 22

Ulu Öndər Heydər Əliyev Qazaxıstanda anıldı

Ulu Öndər Heydər Əliyev Qazaxıstanda anıldı

Azərbaycanın Qazaxıstandakı səfirliyi Beynəlxəlxalq Türk Akademiyası ilə birgə konfrans keçirib

Qazaxıstanın paytaxtı Astanada "Heydər Əliyev-Azərbaycan xalqının Ümummilli Lideri. Azərbaycanın müstəqilliyinin 25 ili" adlı Beynəlxalq Konfrans keçirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin mətbuat xidmətindən "SƏS"ə daxil olan məlumata görə, səfirliyinin Beynəlxəlxalq Türk Akademiyası ilə birgə təşkil etdiyi konfrans Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgisinin açılışı ilə başlayıb. Sərgidə Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən nəşrlər və fotolar tədbir iştirakçılarında böyük maraq oyadıb.

Konfransın rəsmi hissəsi Azərbaycanın dövlət xadimi Ulu Öndər Heydər Əliyevə həsr olunan video-çarxın nümayişi ilə start verilib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Ümummilli Lider Heydər Əliyevin dövlətimizin müstəqilliyi uğrunda gördüyü əvəzsiz xidmətlərdən danışıb. Diplomat qeyd edib ki, tarixi şəxsiyyətlərdən biri olan dünya miqyaslı siyasətçi Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda ciddi islahat və quruculuq işlərini həyata keçirib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Dərxan Kıdırəli isə çıxışına Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fikirləri ilə başlayıb: "Böyük insan bu dünyadan köçüb gedəndə, günəş sanki daha kiçik olur". Hörmətli Prezident Nursultan Nazarbayev bu fikri, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin vəfatı ilə bağlı söyləmişdi. Azərbaycan günəşsiz, soyuq bir dekabr gününü yaşayırdı. Amma narahatlığa əsas yox idi. Çünki Heydər Əliyev zəkası, müdrikliyi artıq o soyuq günləri gələcəyə daşımayacaq bir bir məktəb, yeni bir lider formalaşdırmışdı. Bu müdriklik Onu xalqın Əbədi Liderinə, Ulu Öndərinə çevirdi".

Növbəti çıxışçılar - Türk Dünyası Ağsaqqallar Şurasının üzvü Adil Axmedov, Tarix İnstitutunun direktoru Burkit Ayaqan, Milli Avrasiya Universitetinin professoru Bolat Komekov və Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Cəfərov Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyindən danışaraq, bir sıra tarixi faktlara toxundular.

Natiqlər, xüsusilə, vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin çox əhəmiyyət verdiyi türkdilli xalqların, dövlətlərin birliyi və əməkdaşlığı məsələləri bu gün dövlət başçıları Nursultan Nazarbayev, İlham Əliyev və müstəqil türk dövlətlərinin rəhbərləri tərəfindən uğurla davam etdirilir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər