Daşkəsən rayonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edildi
Dünən Daşkəsən rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ictimaiyyətinin 2000-dən çox nümayəndəsi Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsi önünə hüznlü musiqi sədaları altında gül-çiçək dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
Anım mərasimindən sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə baş çəkərək, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıblar.
Tədbir Daşkəsən rayon icra hakimiyyətinin binasında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncaq iştirakçılarını salamladıqdan sonra Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Bir dəqiqəlik sükutdan sonra Ulu Öndərin həyatını əks etdirən film nümayiş olunub. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu Öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun xalqımız və dövlətimiz üçün gördüyü taleyüklü məsələlərdən danışan Əhəd Abıyev öz çıxışında qeyd etmişdir ki, on üç il bundan qabaq Vətən öz böyük oğlunu itirib. Ancaq bu on üç ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olub: "Çünki bu on üç ildə Dahi Öndər Heydər Əliyev siyasəti çox hörmətli möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan beynəlxalq aləmdə iqtisadi gücü və nüfuzu ilə böyük şöhrət qazanmışdır".
"Ötən 13 il müddətində biz Ümummilli Lider Heydər Əliyevin böyüklüyünün bir daha şahidi olduq. Ötən hər gün Ulu Öndərin nə qədər böyük bir insan, şəxsiyyət, siyasətçi, dövlət xadimi, dahi olduğunu bir daha göstərdi"-deyə vurğulayan icra hakimiyyətinin başçısı qeyd edib ki, zaman keçdikcə və biz dünyada baş verən siyasi prosesləri dərk etdikcə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, nə qədər ağır zəhmət, məşəqqət, fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub- yaratdığını bir daha özümüz üçün aydınlaşdırmış oluruq: "Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Dahi Öndər Heydər Əliyevin yalnız Azərbaycan xalqı qarşısında deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə demişdir: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Ulu Öndər Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir".
Əhəd Abıyev vurğulayıb: "Ulu Öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı. Ümummilli Lider müstəqil Azərbaycan iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzu olunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də, neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi.
Sonda bildirilib ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibi olması dünya miqyasında artıq tam qəbul edilən reallıqdır. Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır: "Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır. Əldə edilən nailiyyətlərin və inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlətdir".
Əhəd Abıyev çıxışının sonunda vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin adı qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır: "Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin! Əziz Ruhu şad olsun!"
Rəfiqə KAMALQIZI