Bu mövzuda "Səs" qəzetinin təşkilatçılığı ilə Ulu Öndərin anım günü ilə əlaqədar dəyirmi masa keçirildi
(Əvvəli ötən sayımızda)
"Səs" qəzeti, ənənəvi olaraq, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında baş verən hadisələrlə bağlı dəyirmi masalar keçirir və mövcud proseslərlə bağlı fikir mübadilələri apararaq, onları ictimaiyyətə təqdim edir. Dünən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı "Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin Qurucusu və Memarıdır" mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Azər Badamov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, "91-lər" hərəkatının üzvü Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov, fəal gənclər və media nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirdi ki, "Səs" qəzeti Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi qəzetlərdən biri olub: "1992-ci ildə "Səs" qəzetində 91 ziyalının müraciəti, həmin il oktyabrın 24-də isə Ulu Öndərin xalqa ünvanlanan cavabı dərc olunub. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqillik təməlini möhkəmlətdi və onu əbədi etdi. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir:"Müstəqilliyimizin ilk illərinə diqqət yetirsək, ictimai-siyasi vəziyyətin gərginliyini və belə zamanda Azərbaycanın uçurum qarşısında olduğunu daha aydın görmək olur. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdı, uğurların təməlini qoydu".
B.Quliyev bildirdi ki, tədbiri gənclərin iştirakı ilə keçirməyimizin məqsədi budur ki, bura dəvət olunan qonaqlar öz dövlətçilik təcürbələrini gənclərin diqqətinə çatdırıb, o illərdə cərəyan edən hadisələrdə iştirakçı olduqlarından, fikirlərini bölüşsünlər. Onlar Ulu Öndərin fəaliyyəti ilə bağlı danışa biləcək canlı şahidlərdirlər.
VÜQAR RƏHİMZADƏ :
- Ötən əsrin 90-cı illərinin əvvəllərində ictimai-siyasi sabitliyin təmin edilməsi, xaos və anarxiyanın aradan qaldırılması xalqın istək və arzuları idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bunlar gerçəkləşdi. Sonrakı mərhələdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Xalqın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı.
Ulu Öndər Heydər Əliyev adı harda səslənirsə Azərbaycan bizim gözümüzün önündə canlanır və Azərbaycan adı harda səslənirsə Heydər Əliyev gözümüz önündə canlanır. Bu iki vəhdət bizim üçün əbədidir, daimidir. Mən hər zaman vurğulamışam ki, Heydər Əliyevin doğum tarixi var, ölüm tarixi yoxdur. Heydər Əliyev daim Azərbaycan üçün olacaq, Ulu Öndərin qoyduğu idelolgiya, təməl prinsipləri Azərbaycanı daim inkişafa doğru aparacaq.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkə üçün əhəmiyyət kəsb edən böyük və nəhəng layihələrin gerçəkləşməsi, dövlətin inkişafı, onun təməlinin möhkəmlənməsi ilə nəticələndi. Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydar Əliyevin geniş siyasi-ideoloji və tarixi əhəmiyyətə malik olan azərbaycançılıq amalının və idealının işıqları müstəqil Azərbaycanın bu gününə də, sabahına da işıq salır.
BƏHRUZ QULİYEV :
- Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun formalaşması prosesinə başlanıldı. Məlahət xanım, yaxşı olardı ki, o hadisələrin canlı şahidi kimi ölkəmizdə gedən vətəndaş cəmiyyəti prosesinə qısa nəzər salardınız.
ÜMUMMİLLİ LİDERİMİZİN BİZƏ ƏRMƏĞAN QOYUB GETDİYİ ZƏNGİN İRSİ BU GÜN DƏ, SABAH DA, GƏLƏCƏKDƏ DƏ DAİM ÖYRƏNİLMƏLİ, ONUN ƏSAS MAHİYYƏTİ DƏRK EDİLMƏLİDİR
MƏLAHƏT İBRAHİMQIZI:
- İlk olaraq belə bir tədbirin keçirilməsinə görə, təşkilatçılara öz təşəkkürümü bildirirəm. Ulu Öndər Heydər Əliyev elə böyük Şəxsiyyət, Liderdir ki, Onun haqqında qısa danışmaq mümkün deyil. Ulu Öndər Heydər Əliyev çətin, ağır günlərdə Naxçıvana gəlməklə bütün Azərbaycanı xilas etdi. 1990-ci il 20 Yanvar hadisələrini hər birimiz çox gözəl xatırlayırıq. O zaman bu hadisəni törətməklə Azərbaycan xalqının əzmini, iradəsini qırmaq istədilər. Həmin dövrdə iqtidarda səriştəsiz, təsüdüfi insanlar idi. Həmin dövrdə, çox təəssüf ki, xalq hərəkatında olan "liderlər" xalqımızı faciə və fəlakətin başlanğıcına gətirdilər. 1990-ci ildəki 20 Yanvar hadisəsindən sonra hər kəs düşünürdü ki, Azərbaycan yiyəsiz, başsız ölkədir. Çünki həmin dövrdə ölkəmizin dünya ölkələri, hətta Türkiyə ilə də əlaqəsi yox idi. Azərbaycanın bu acı faciəsini yalnız Ulu Öndər Heydər Əliyev Moskvada mətbuat konfransı keçirməklə dünyaya çatdıra bildi.
Həmin illərdə insanlarda bir ümüdsizlik, ruh düşkünlüyü var idi. 1991-ci ildə SSRİ dağılmışdı və ölkələr müstəqilliklərini əldə etmişdirlər. Çox təəssüf ki, Azərbaycanı idarə edən qüvvələr yenidən sovet imperiyasının tərkibinə daxil olaq istəyirdilər. Hətta referendum keçirilməsi də nəzədə tutulmuşdu. Xalq çaşqınlıq içində idi. Məhz Heydər Əliyevin Naxçıvanda Azərbaycan müstəqil bayrağını Ali Məclisə gətirməsi və s. artıq xalqda bir inam hissi oyatmışdı və Azərbaycanda insanlar torpaq, müstəqillik uğrunda canından keçməyə hazır bir vəziyyətdə idilər.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqillik tariximizin təməlini möhkəmləndirdi. 1993-cü ildən sonra isə Azərbaycan dövlətinin dirçəlməsi, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Heydər Əliyevin hələ sovet məkanında və sonrakı illərdə xidmətlərinin əhəmiyyəti ictimai-siyasi həyatımızda özünü göstərmişdir. Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Dahi Şəxsiyyət canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev dühasının bəhrəsidir. Biz çox xoşbəxtik ki, qismətimizə Onun kimi Dahi Şəxsiyyətlə, Qüdrətli Lider və Dövlət Rəhbəri ilə eyni dövrdə yaşamaq səadəti düşmüşdür. XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması Ulu Öndərin titanik siyasi fəaliyyətinin nəticəsidir. Ulu Öndərimiz Heydər Əliyevin adı bu gün, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı O yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli Liderimizin bizə ərməğan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da, gələcəkdə də daim öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütun dirəkləridir. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib.
İSA HƏBİBBƏYLİ:
- Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi, müstəqil dövlət quruculuğu ilə əlaqələndirilməsi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqımız qarşısındakı böyük tarixi xidmətlərindən biridir. Məlum olduğu kimi, ölkə olaraq qədim tarixə malik olan Azərbaycanda milli məfkurə anlayışı XIX əsrdən etibarən yaranmağa başlamışdır. XIX əsrə qədər Azərbaycan xalqının necə adlandırılması məsələsi elmi-ideoloji mühitin ciddi maraq dairəsində olmamışdır. Azərbaycan adı qədim tarixə malik olsa da, Azərbaycan dili, Azərbaycan xalqı, ümummiyyətlə, azərbaycançılıq məfkurəsi nisbətən sistemli şəkildə XIX əsrin ikinci yarısından etibarən formalaşmağa başlamışdır. Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" azərbaycançılığın səmasında doğan günəş idi. Mövcud elmi ədəbiyyatda azərbaycanlı mənasında "Azərbaycan milləti" kəlməsinin mətbuatda ilk dəfə "Kəşkül" qəzetində işlədildiyi öz əksini tapmışdır.
Keçmiş sovet hakimiyyəti illərində isə ədəbiyyatda Azərbaycan, əsasən, tərənnüm olunmuş, milli ideya kimi yaşadılsa da, bu ideyanın azərbaycançılıq səviyyəsinə çatdırılmasına imkan verilməmişdir. Bütün bunlara görə ölkəmizdə azərbaycançılığın mətbuatdan və ədəbiyyatdan ictimai-siyasi müstəviyə çıxarılması kimi çətin və şərəfli vəzifənin həlli görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Məhz Ümummilli Lider Heydər Əliyev yaşadığı dövrün siyasi quruluşunun sərt qadağalarına baxmayaraq, Azərbaycan anlayışına geniş müstəvidə baxışlar sistemini formalaşdırmışdır. Heydər Əliyevin simasında, tariximizdə ilk dəfə olaraq, Azərbaycan məsələsinə dövlət səviyyəsində kompleks şəkildə yanaşılmış, problemə ardıcıl siyasi münasibət bəslənilmiş və konkret nəticələr əldə olunmuşdur. Azərbaycançılığın dövlət ideologiyası səviyyəsində formalaşdırılması və təsdiq edilməsi, qəbul olunması Heydər Əliyevin müstəqil dövlətçilik uğrunda mübarizəsinin əsas ana xətlərindən birini təşkil edir.
Hazırda Azərbaycan Respublikasında Heydər Əliyevin müstəqil dövlətçilik təlimi, azərbaycançılıq ideologiyası dünyada dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə ölkəmizdə yaradıcı şəkildə ardıcıl olaraq həyata keçirilir. Artıq hər kəsə yaxşı məlumdur ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik təliminə uyğun olaraq milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. Prezident İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın inkişafı naminə aparılan qlobal işlərdə tamamlanır.
NOVRUZ MƏMMƏDOV:
- Azərbaycan xalqının və dövlətinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti tariximizdə mühüm yer tutur. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb və ən şanlı səhifələri də, məhz Onun adı ilə bağlıdır. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Azərbaycan - Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu Öndər müdriklik simvoludur, Onun ideyaları həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi Prezident Fərmanı ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə insan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxaq nüfuza malik olan ölkəyə çevrilib.
"ƏSRİN MÜQAVİLƏSİ"NİN İMZALANMASI İLƏ AZƏRBAYCANDA İQTİSADİ İNKİŞAFIN ƏSASLARI QURULDU
AZƏR BADAMOV:
- Ulu Öndər haqqında danışmaq həm məsuliyyətli, həm də şərəfdir. Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan bu gün Onun ideyaları üzərində inkişaf edir. Diqqət etsək, görərik ki, dünya tarixində də böyük ölkələrin liderləri olub. Amerikada Fraklin Ruzvelt, Türkiyədə Mustafa Kamal Atatürk, Fransada Şarl de Qoll və digərləri öz ölkələrində xalqlarını düşdüyü çətin vəziyyətdən qorumuşdular. Ulu Öndəri onlardan fərqləndirən cəhət odur ki, həmin şəxsiyyətlərdə olan bütün müsbət tərəflər, məhz Ümummilli Liderdə cəmləşmişdi. Ulu Öndər böyük ideyaların banisidir.
Ümummilli Lider Azərbaycanı 90-ci illərin əvvələrində hökm sürən xaosdan xilas etdi. Heydər Əliyev, ilk növbədə, ölkədə sabitliyi təmin etdi, idarətemə sistemi yaradıldı. Ölkənin inkişaf etdirilməsi üçün iqtisadi əsaslar lazım idi. Çünki hər bir ölkənin gücü onun iqtisadi əsaslarından asılıdır. Ulu Öndər də bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Büdcəsində 1 manatı olmayan ölkənin çıxış yolu neftdən istifadə etmək idi. Ulu Öndər ölkəmizin iqtisadi vəziyyətini 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə xilas etdi. Təbii ki, bu müqavilənin imzalanması asan proses deyildi. Çünki həmin dövrdə ölkədə siyasi sabitlik lazımi səviyyədə deyildi və xarici investorları cəlb etmək üçün onları inandırmaq lazım idi. Bu müqavilənin imzalanması ilə Azərbaycanda iqtisadi inkişafın əsasları quruldu. Bu sənəd ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayənin gəlməsinə zəmin yaratdı. Ulu Öndərin uzaqgörən siyasəti ilə o zaman əldə olunan sərmayələrin bir hissəsi qeyri-neft sektorunun inkişafına yönəldi. "Əsrin müqaviləsi"nin imzalanması Ulu Öndərin müdrik, uzaqgörən siyasətidir.
İqtisadiyyatı sürətli templərlə inkişaf edən respublikamız dünyanın neft-qaz ixrac edən aparıcı dövlətlərindən birinə çevrildi. Enerji müstəqilliyimiz tam təmin olundu, Azərbaycan beynəlxalq miqyasda mühüm qaz ixracatçısına çevrildi.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin ən başlıca uğurlarından biri əldə olunan neft gəlirlərinin idarə olunması mexanizminin çox düzgün şəkildə həyata keçirilməsidir. Neft gəlirləri sosial layihələrə, əsas infrastruktrurların yenilənməsi işlərinə yönəldilir. Təbii ki, iqtisadi imkanlar genişləndikcə, bu, özünü ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunda nümayiş etdirir.
ƏLİ PƏNAHOV:
- Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə diqqət yetirirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət-gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək, uğurla həyata keçirməyə başlayıb. O vaxtdan dövlət- gənclər siyasətinin işlənib-hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülüb. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub.
Əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar və yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır.
Dəyirmi masa diskussiya şəklində davam etdirildi.
Nəzakət ƏLƏDDİNQIZI