Bakı Slavyan Universitetində "Milli-mənəvi dəyərlər və müasirlik" mövzusunda seminar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və BSU-nun təşkilatçılığı ilə baş tutan tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova seminarın mahiyyəti və məqsədi barədə ətraflı məlumat verib. X.Sultanova qeyd edib ki, seminar gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilir.
Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov çıxışında bildirib ki, nazirlik Tədbirlər Planına əsasən, bölgələrdə maarifləndirici seminar-treninqlərlə bağlı öz işini davam etdirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə ənənəvi islam dəyərlərinin düzgün təbliğinin aparılmasında gənclərin üzərinə düşən vəzifələrdən danışıb.
Dəyirmi masada seminarın mövzusu ətrafında müzakirlələr aparılıb. BSU-nun Azərbaycanşünaslıq Tədris və Mədəniyyət Mərkəzinin müdiri Malik Kərimov və jurnalistika fakültəsinin dosenti Dürdanə Tahirli çıxışlarında müasir ailə dəyərlərinin formalaşması, multikultural dəyərlər, azərbaycançılıq məfkurəsinin geniş təbliğinin zəruriliyindən bəhs ediblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
ZÜMRÜD