Dünən Naftalan şəhərində Ulu Öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev qeyd edib ki, bu gün xalqımızın Ümummilli Lideri, Azərbaycan tarixində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin Anım Günüdür: "Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət Xadimi, milli Lider və xalq məhəbbətini qazanan tarixi Şəxsiyyət kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli Liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi".
Tədbirdə "Heydər Əliyev və Azərbaycan" mövzusunda çıxış edən şəhər icra hakimiyyəti başçısı Natiq Aslanov bildirib ki, 12 dekabr 2003-cü ildən etibarən bu tarix azərbaycanlılar üçün tamamilə yeni mahiyyət və məna kəsb edir: "Məhz həmin tarixdə dünya siyasətinin azərbaycanlı dahisi Heydər Əlirza oğlu Əliyev cismən canından artıq sevdiyi Vətənindən və xalqından ayrıldı. Və artıq 13-cü ildir ki, Ulu Öndər - Ümummilli Liderin ölüm tarixi onun Anım Günü kimi yaddaşlara yazıldı. Seçilmişlər dünyanın nizamı pozulanda, haqq-ədalət ayaqlar altında tapdalananda gəlirlər. Ötən əsrin sonunda biz belə bir tarixi dövr yaşadıq. Təkcə Azərbaycanın, onun yerləşdiyi regionun deyil, dünyanın nizamı pozulmuşdu, sovet imperiyasının dağılması dünyada həm müsbət, həm də mənfi mənada bir çaxnaşma yaratmışdı. Bu çaxnaşmalarda Azərbaycan hər tərəfdən təzyiqlər və təpkilər altında idi".
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra məktəblilərin ifasında "Həmişəyaşar Dahi" adlı kompozisiya səsləndirildi.
ZÜMRÜD