PDF Oxu

Siyasət

  • 27

Yaxın Şərq probleminin müzakirəsi Azərbaycanda

Yaxın Şərq probleminin müzakirəsi Azərbaycanda

Netanyahunun Azərbaycana səfəri ölkəmizin İsrail-Fələstin münaqişəsində sülhyaratma potensialının real göstəricisidir

Bəlli olduğu kimi, İsrailin baş naziri Benyamin Netanyahunun ölkəmizə səfəri planlaşdırılıb və bu səfərdə nəzərdə tutulan əsas amillərdən biri də artıq uzun illərdir ki, davam edən İsrail-Fələstin münaqişəsi ilə bağlıdır. Belə ki, bu ölkələr arasında baş verən qarşıdurmalar nəticəsində bölgədəki gərginlik səngimir, o cümlədən, hər iki tərəfdən insanların tələfatı ilə bağlı hadisələr yaşanır ki, bu da istər bu ölkələrin yerləşdiyi Yaxın Şərq regionuna, istərsə də qonşu regionlara təsirsiz ötüşmür. Məhz bu faktoru nəzərə alarsaq, münaqişənin həlli istiqamətində Azərbaycanda aparılacaq müzakirələr xüsusi əhəmiyyəti ilə seçilir. O cümlədən, Azərbaycanın beynəlxalq arenadakı rolunun mühümlüyünü isbatlayır.

Ölkəmiz islam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək ki, bu da sözügedən münaqişənin tez bir zamanda həll olunmasına öz töhfələrini verəcək

Bu arada, onu da qeyd etmək yerinə düşərdi ki, diplomatik mənbələrdən ölkə mətbuatına daxil olan məlumatlarda İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı tərəflər arasındakı fikir mübadiləsinin aparılacağı tam olaraq dəqiqləşdirilib.

Digər tərəfdən, Azərbaycan hər iki tərəflə - istər İsraillə, istərsə də Fələstinlə normal münasibətlər saxlayan ölkələr sırasında yer alamaqdadır. O cümlədən, ölkəmiz islam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək ki, bu da sözügedən münaqişənin tez bir zamanda həll olunmasına öz töhfələrini verəcək. Çünki bir sıra ölkələrlə yanaşı, Azərbaycan da beynalxalq hüquqa uyğun olaraq, habelə, BMT sənədlərinə əsaslanaraq, Fələstinin haqlı mövqeyini hər zaman dəstəklədiyini bəyan edib.

Azərbaycan Respublikasının Fələstinə dəstəyi haqqında arayışı və önəmli çıxarışlar

Yerin gəlmişkən, Azərbaycan Respublikası BMT sənədlərinə əsasən, Fələstinə dəstək verərək, bəyan edib ki, ölkəmiz İsrail-Fələstin münaqişənin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir. Həmin arayışı olduğu kimi oxucuların diqqətinə çatırırıq.

Azərbaycan tərəfi Fələstin dövləti ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görür və praktiki yardımlarını əsirgəmir. İki ölkənin rəsmiləri, o cümlədən, xarici işlər nazirləri, müntəzəm olaraq qarşılıqlı səfərlər edir və qarşılıqlı maraq doğuran məsələlər ətrafında məzmunlu siyasi dialoq aparırlar. Son olaraq, bu ilin may ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti Fələstin Dövlətinə səfər etmiş və səfər zamanı ki ölkə arasında ilk müqavilə-hüquq sənədi olan "Azərbaycan Respublikası hökuməti və Fələstin Dövləti hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanmışdır. Bu, bizim Fələstinin beynəlxalq hüquq subyektliyinə və dövlətçiliyinə praktik dəstəyimizin təzahürüdür.

Fələstinə beynəlxalq dəstəyin aktivləşdirilməsi məqsədi ilə, Azərbaycan 2013-cü ildə "Əl-Qüds Əl-Şərif şəhərinin inkişafı üçün strateji planın maliyyələşdirilməsi üçün donor konfransı", eləcə də, "Fələstin dövlətinin dəstəklənməsi üçün İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması" adlı konfranslara ev sahibliyi etmiş və bu məqsədlə əhəmiyyətli miqdarda ianə vermişdir.

Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və İsrailin bəzi fəaliyyətlərini, o cümlədən, işğal edilmiş ərazilərdə həyata keçirilən qanunsuz addımlarını qınayan qətnamələri dəstəkləyir. Ölkəmiz təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və İsrailin fəaliyyətini tənqid edən 20-dən artıq qətnamənin lehinə səs vermişdir.

Azərbaycan tərəfi İsrail ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında qurduğu ikitərəfli əlaqələrinin verdiyi müsbət təsir imkanlarından istifadə edərək, bu dövlətlə siyasi dialoqu çərçivəsində İsrail-Fələstin münaqişəsinin həlli üzrə sülh prosesində müşahidə olunan durğunluqdan və münaqişə zonasında bəzi fəaliyyətlərdən narahatlığını ifadə edir, nəticə yönümlü sülh prosesinin bərpa edilməsinin və münaqişənin iki dövlət yanaşması əsasında tezliklə həll edilməsinin vacibliyini ifadə edir.

- 1992-ci ilin 15 aprelində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələr qurulmuşdur.

- 1995-ci ilin 22 oktyabrda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfat ilə görüşmüşdür.

Səmimilik və dostluq şəraitində keçən görüşdə Prezident Heydər Əliyev son dövrdə Yaxın Şərqdə əldə edilən sülh münasibətilə Yasir Ərəfatı təbrik etdi. Dövlətimizin başçısı dedi ki, münaqişənin həlli üçün sülhdən başqa yol yoxdur.

- 2011-ci il iyunun 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Fələstin Dövlətinin prezidenti Mahmud Abbasın rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısının Fələstin Prezidenti Mahmud Abbasla keçirdiyi birgə mətbuat konfransında bildirdi: "Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq, Fələstin Dövlətinin prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır.

Əlaqələrimiz inkişaf edir. Xalqlarımız arasında əlaqələrin böyük tarixi vardır. Əsrlər boyu xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşıbdır. Münasibətlərimizin indiki mərhələsində ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı imkanlar vardır. Biz istəyirik ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin və bu inkişaf hər bir istiqamətdə özünü göstərsin. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Bir neçə ay bundan əvvəl Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi öz işinə başlamışdır. Bu da çox mühüm hadisədir. Əminəm ki, səfirliyin fəaliyyəti nəticəsində ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni imkanlar müəyyən ediləcəkdir. Biz çox istəyirik ki, iqtisadi sahədə də yaxşı əməkdaşlıq edək və əminəm ki, səfər zamanı bu məsələlər də nəzərdən keçiriləcəkdir. Hesab edirəm ki, səfər zamanı iqtisadi əməkdaşlığın dərinləşməsi və investisiya qoyuluşunun təşkili üçün konkret təkliflər irəli sürüləcəkdir. Humanitar sahədə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Mədəniyyət sahəsində, təbii ki, ənənəvi əlaqələrin yeni formaları haqqında düşünmək olar. Bir sözlə, hesab edirəm ki, Sizin səfəriniz zamanı ikitərəfli əlaqələrin bütün istiqamətləri müzakirə mövzusu olacaq və biz yaxşı nəticələrə nail olacağıq. Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaqdır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıbdır".

- 2013-cü ilin 21 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov Fələstinə səfər edib. Səfər çərçivəsində E. Məmmədyarov Fələstinin xarici işlər naziri Riad al-Maliki və baş naziri Salam Fayad ilə görüşüb. Səfər əsnasında xarici işlər naziri Elmar Məmmədyarov dünya müsəlmanlarının müqəddəs ziyarətgahlarından hesab olunan Əl-Aqsa məscidini ziyarət etmişdir.

- Xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 42-ci sessiyasında çıxışı 27-28 may 2015-ci il, Küveyt:

"Fələstindəki vəziyyət və Əl-Qüds Əl-Şərif məsələsi beynəlxalq ictimaiyyətdən vahid mövqenin olmasını tələb edir. Biz İƏT Baş katibi və onun heyətinin bizi səylərimizi birləşdirməyə və Fələstin xalqına bütün zəruri dəstəyin göstərilməsi məqsədilə İƏT Nazirlər Əlaqə Qrupunun səfərlərinin təşkil etməyə yönəlmiş dəyərli işini yüksək qiymətləndiririk. Azərbaycan Hökuməti iki dövlət həllinin tərəfdarıdır və bir daha qardaş Fələstin xalqına sülhə və stabilliyə nail olmaq səylərində və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil dövlətlərinin yaradılmasında tam dəstəyini təsdiq edir."

- Azərbaycanın hər zaman beynəlxalq təşkilatlarda, xüsusilə, BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında Fələstinə dəstək verib və bu dəstək Fələstin tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. Azərbaycan Fələstin məsələsini BMT TŞ-nın qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil etmişdi.

- Azərbaycan Hökuməti Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə (AİDA) 2012-ci il ərzində Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərmişdir.

- 2013-cü il iyunun 11-də Bakıda İƏT Xarici İşlər Nazirlərinin Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə donor konfransının və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisat konfransı keçirilmişdir. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələr tərəfindən maliyyə yardımı ayrılmışdır.

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov 19 may 2016-cı il tarixində Fələstin Dövlətinə səfər etmişdir. Səfər zamanı o, Fələstin Dövlətinin baş naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının Baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirmişdir. Səfər zamanı "Azərbaycan Respublikası hökuməti ilə Fələstin Dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanmışdır. Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 saziş və Anlaşma Memorandumu imzalanmışdır.

- Azərbaycan təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və İsrailin fəaliyyətini tənqid edən 20-dən artıq qətnamənin lehinə səs vermişdir.

- Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz, eyni zamanda, Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır.

Azərbaycan istər regionda, istərsə də dünyanın siyasi arenasında müstəqil siyasət yürüdən ölkə qismində çıxış edir və Azərbaycanın hansısa digər ölkələrin diktəsinə ehtiyacı da yoxdur

Lakin maraqlı və təəccüblü məqamlardan biri də Azərbaycanla normal əməkdaşlıq münasibətlərində olan İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ərəfəsində bəzi siyasi dairələrin bu səfər ətrafında siyasi spekulyasiya etmək cəhdləridir ki, onlar başqa istiqamətli rəylər, bəyanatlar, yanlış analitik nəticələr çıxarırlar. Halbuki İsraillə müttəfiq, yaxud dost, əməkdaş olmayan bəzi siyasi dairələrin belə bir məqamda narahatlıq ifadə etmələri üçün heç bir əsas yoxdur. Fakt budur ki, Netanyahunun Azərbaycana səfəri barədə məlumatlar artıq öz təsdiqini tapıb və buradakı missiya Yaxın Şərqdə yalnız sülhün bərqərar olmasına hesablanıb. Ona görə də, həmin dövlətlər xarici siyasətlərini bilavasitə Azərbaycanla əlaqələndirməyə, yaxud bunun qeyri-müsbət nəticə ilə başa çatacağına dair fikirlər səsləndirmələrinə qətiyyən ehtiyac duyulmur. Çünki Azərbaycan istər regionda, istərsə də dünyanın siyasi arenasında müstəqil siyasət yürüdən ölkə qismində çıxış edir və Azərbaycanın hansısa digər ölkələrin diktəsinə ehtiyacı da yoxdur.

Əbəs yerə deyil ki, Azərbaycan həm də BMT missiyası tərkibində daim öz sülhməramlı siyasətini nümayiş etdirib

Başqa tərəfdən, Azərbaycanın özü də Ermənistanın təcavüzkarlığı və işğalçılıq siyasəti nəticəsində uzun illərdir ki, bu qonşu ölkə ilə münaqişə şəraitində olduğuna görə, digər regionlarda baş verən münaqişələrdə baş verənləri daha dərindən anlayır. Ona görə də beynəlxalq aləmin həssas və önəmli geostrateji bölgəsində yer alan ölkəmizin istər münaqişələr, istərsə də başqa istiqamətli olaylar kontekstində irəli sürə biləcəyi təklifləri önəmli olaraq qarşılana bilər. Əbəs yerə deyil ki, Azərbaycan həm də BMT missiyası tərkibində daim öz sülhməramlı siyasətini nümayiş etdirib, sülhməramlı qüvvələrimiz dünyanın bir neçə müxtəlif ölkələrində sülhyaratma kampaniyalarında əhəmiyyətli rolunu alıb.

Məhz bu kimi faktları nəzərə alarkən, bir daha belə qənaətə gəlmək olar ki, İsrailin baş naziri Benyamin Netanyahunun ölkəmizə səfəri həm Azərbaycanın regiondakı nüfuzunun və əhəmiyyətinin göstəricisidir, həm də ölkəmizin İsrail-Fələstin münaqişəsinin tənzimlənməsində və aradan qaldırılmasında əldə ediləcək nailiyyətə imzasını atması potensialının reallığıdır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər