"İsrail Azərbaycan üçün həm iqtisadi, həm hərbi, həm də beynəlxalq məsələlərdə strateji tərəfdaşdır. Hazırda Azərbaycan öz neftini İsrailə satır, gələcəkdə ölkə qazımızın İsrailə satılması nəzərdə tutulur". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloq bildirib ki, Azərbaycan multikultural dövlət kimi bütün islam ölkələri ilə yanaşı, İsrail ilə dostluq əlaqələri saxlayır: "Azərbaycanda yaşayan başqa xalqların və etnik azlıqların nümayəndələri kimi, yəhudilərə də böyük hörmət olunur. Bunu İsrail də yaxşı bilir. Həmçinin İsraildə də 4 milyona yaxın müsəlman yaşayır. Belə olan halda, iki ölkə arasında dostluq münasibətlərinin olması normaldır".Ölkəmizin özünəməxsus xarici-iqtisadi maraqlarının olduğunu dilə gətirən C. Nuriyev qeyd edib ki, bu maraqların həyata keçməsində İsrail böyük rola malikdir: "Azərbaycan İsrailin aqrar sahədəki təcrübəsindən yararlanmağa çalışır".Ölkəmizin müstəqil xarici siyasət yürütdüyünü xatırladan politoloq deyib ki, Azərbaycan Prezidenti MDB və eləcə də Avropa məkanında xarici əlaqələr üzrə peşəkar mütəxəssisdir: "Azərbaycan Prezidenti həm xarici siyasəti, həm də qonşu dövlətlərlə olan münasibətləri çox gözəl bilir. Bu baxımdan ölkə başçısının yürütdüyü siyasət qonşu ölkələri qısqandırmamalıdır. Ona qalsa, Azərbaycan da bizimlə düşmən olan ölkə ilə sıx münasibətdə olan dövlətlərə qısqanclıqla yanaşmalıdır. Azərbaycanın hansı ölkə ilə sıx münasibət qurması onun daxili işidir. Azərbaycanın İsrailə də münasibətləri kimlərisə qıcıqlandırmaq məqsədi daşımır".Qeyd edək ki, bu gün İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana ilk səfəri başlayır. O, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
sia.az