"Puşkovun bəyanatından sonra Ermənistanın Rusiyanın NATO üçün alətə çevrilməsi təsdiq edilən reallıqdır"
"Rusiya Federasiyası Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov azərbaycanlıları narahat olmamağa çağıraraq deyib ki, Rusiya və Ermənistanın birgə hərbi qruplaşma yaratması Azərbaycan üçün heç bir problem yaratmayacaq". SİA xəbər verir ki, bu barədə Ermənistanın "1.in.am" saytının analitik bölməsində sözügedən məsələ ilə bağlı siyasi şərhçi Aram Amatuninin yazısında qeyd olunub. Məqalədə bildirilir ki, Puşkovun bəyanatına görə, "Ermənistan NATO ölkəsi ilə sərhədə malikdir. Ona görə də imzalanmış sənədin iki ölkə arasındakı ittifaqı kimi qəbul etmək anlaşılandır".
"Puşkovun bəyanatı Ermənistan üçün təhlükə yaradır"
Məqalədə qeyd olunur ki, bununla rusiyalı deputat, faktiki olaraq, birləşmiş qruplaşmanın məhz Türkiyəyə qarşı yönəldiyinə işarə edib: "Çünki Ermənistanla NATO üzvü olan həmsərhəd ölkə yalnız Türkiyədir. Ona görə də, ilk baxışdan görünən budur ki, sözügedən bəyanata nəzər salarkən, RF prezidenti Vladimir Putinin birləşmiş hərbi qruplaşma təşəbbüsü, bilavasitə Türkiyəyə qarşı yönəlib, ona görə ki, Ermənistanı Türkiyədən müdafiə etsin".
"Həqiqətdə isə rusiyalı deputat Ermənistanın NATO ölkəsi ilə sərhədə malik olması fikrini irəli sürərkən, Ermənistan üçün təhlükəli vəziyyət yaranır"-deyə yazan erməni saytında qeyd olunur ki, reallıqda bu, daha çox Rusiya üçün anlaşılandır, Ermənistan üçün yox: "Belə ki, bu, Ermənistan üçün ona görə anlaşılan deyil ki, yumşaq desək, Ermənistan NATO üzvü olan ölkə ilə qarşıdurma yaşamaq marağında deyil. RF Şurasının üzvünün açıq şəkildə hərbi qruplaşmanın NATO əleyhinə yaradıldığını bəyan etməsi ilə verdiyi bəyanatı sayəsində Ermənistanı birbaşa NATO ilə qarşı-qarşıya qoyur".
"Ermənistan Türkiyə ilə yanaşı, Gürcüstanla da qarşı-qarşıya qalacaq"
"Yəni məhz ilk baxışdan, belə dərk olunur ki, söhbət türk təhlükəsindən gedir. Sözügedən bəyanat həqiqətdə birbaşa NATO-ya etham vurur"-deyə yazan Amatuni nəticə çıxarır ki, beləliklə, rusiyalı deputat Ermənistanı NATO ilə münaqişəyə cəlb edir: "Baxmayaraq ki, bu qarşıdurma birbaşa konfrontasiya deyil, fəqət, fakt budur ki, Rusiyanın NATO ilə qarşıdurması məsələsində Ermənistan bu ölkənin kartı rolunu oynayır. Bu isə, öz növbəsində, belə anlam daşıyır ki, həmin kart yalnız Türkiyə istiqamətində deyil, Gürcüstan istiqamətində də oynanıla bilər. Əlbəttə ki, NATO bu bölgədə fəallığını artıraraq, Gürcüstanla əlaqələrini daha da dərinləşdirib, hətta bu ölkəni alyansa daxil edərsə".
"Problem yalnız XİN-də deyil, çünki qruplaşmanın yaradılması ilə bağlı sənədə müdafiə naziri imza atıb, onun ratifikasiyasını isə ölkə parlamentinin deputatları həyata keçirməlidirlər"
Məhz bu fonda Rusiyanın hər hansı bir sıravi eksperinin, ya da müxalifətdən olan deputatının deyil, hakimiyyətin deputatının mövcud bəyanatını səsləndirməsi Azərbaycanın narahatlığını tamamilə aradan qaldırmış olur. Bundan əlavə, Bakı həmin bəyanatdan sonra ovasiyalı şəkildə qələbə ovqatını da sərgiləyə bilər. Çünki Azərbaycan üçün Ermənistanın NATO ilə qarşıdurmada Rusiyanın alətinə çevrilməsindən yaxşı hal ola bilməz..."
"Mövcud vəziyyətdə Ermənistanın Xarici İşlər Nazirliyi Puşkovun bəyanatından sonra nə etməlidir?" sualını qoyan yazı müəllifi daha sonra qeyd edir: "Əlbəttə ki, əgər Ermənistan XİN-i ölkənin maraqlarının qorunması işi ilə məşğul olursa. Ancaq bu planda problem yalnız XİN-də deyil, çünki qruplaşmanın yaradılması ilə bağlı sənədə müdafiə naziri imza atıb, onun ratifikasiyasını isə ölkə parlamentinin deputatları həyata keçirməlidirlər. Bu isə Puşkovun bəyanatından sonra Ermənistanın Rusiyanın NATO üçün alətə çevrilməsini təsdiq edən reallıqdır".
Rövşən RƏSULOV