PDF Oxu

Siyasət

  • 20

Bakıya səfər edən ermənilər torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu etiraf edirlər

Bakıya səfər edən ermənilər torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu etiraf edirlər

Mübariz Əhmədoğlu: "Erməni hüquq müdafiəçilərinin Bakıya səfərinə milli maraqlar baxımından qiymət verilməlidir"

"Erməni hüquq müdafiəçilərinin Bakı səfərinə xüsusi həssaslıqla yanaşılmalı, vəziyyət dərindən təhlil olunmalı və bu məsələdə də milli maraqlardan çıxış etmək əsas prioritet olmalıdır. Çünki son günlər ölkəmizin bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bir qrup erməni hüquq müdafiəçisinin Bakıya səfərinə, burada onların iştirakı ilə keçirilən tədbirlərə və səsləndirdikləri bəyanatlara tənqidi mövqedən yanaşan yazılar yerləşdirilir".

Bununla bağlı fikirlərini bölüşən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bununla bağlı bildirib ki, Azərbaycana səfər edən erməni hüquq müdafiəçiləri torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu edirlərsə, deməli, belə ermənilərin səfərlərinə yeni gözlə baxmaq vacibdir: "Azərbaycan ictimaiyyətinə bəlli olduğu kimi, bu il noyabrın 8-də Bakıda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas maneələr və perspektivlər: Ermənistandan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan və Ermənistandan olan tanınmış QHT təmsilçilərinin, ictimai-siyasi xadimlərin və hüquq müdafiəçilərinin qatıldığı bu tədbirdə, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğaldan azad edilməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənməsi, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşayışı, bölgənin sosial-iqtisadi inkişaf məsələləri barədə fikir mübadiləsi aparıldı. Unutmaq olmaz ki, erməni hüquq müdafiəçiləri Bakıda olduqları müddətdə Xocalı soyqırımı qurbanlarına ucaldılan abidəni ziyarət etmiş, bu faciədə əli olan Ermənistanın indiki hakimiyyətini "kriminal rejim" adlandırmışlar. Lakin təəssüf ki, bəzi hallarda yalnız Ermənistanın deyil, Azərbaycanın da müəyyən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə onlara inamsızlıq ifadə edən fikirlər səslənir, həyata keçirilən tədbirlərə adekvat münasibət nümayiş etdirilmir. Hesab edirəm ki, Ermənistanda və onun hüdudlarından kənarda yaşayan ermənilər içərisində belə realist düşüncəli şəxslər nə qədər çox olarsa, Dağlıq Qarabağ münaqişəsi də bir o qədər tez öz həllini tapar".

M.Əhmədoğlu onu da qeyd edib ki, Ermənistanın keçmiş prezidenti R.Koçaryan "ermənilərlə azərbaycanlıların genetik cəhətdən uyuşmazlığı" barədə nasist nəzəriyyə irəli sürmüşdü: "İndiki prezident S.Sarkisyan da onun nəzəriyyəsini başqa aranjemanda inkişaf etdirməyə çalışır. Belə bir şəraitdə erməni hüquq müdafiəçisinin, ziyalısının Azərbaycana gəlməsi "Qarabağ klanı" başçılarının faşist nəzəriyyəsinin iflasa uğradığını əyani şəkildə göstərir. Digər tərəfdən, Bakıya gələn ermənilər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi adlandırırsa, Azərbaycanın torpaqlarını Ermənistan tərəfindən işğal olunduğunu etiraf edirsə, Xocalı abidəsini ziyarət edirsə, belə ermənilərin Bakıya gəlişinə tamamilə yeni gözlə baxmalıyıq. Ona görə də, Azərbaycan cəmiyyətinin bütün təbəqələrini, xüsusilə də, siyasətçiləri, jurnalistləri və öz həmkarlarım olan vətəndaş cəmiyyəti fəallarını prosesə həssaslıqla yanaşmağa, atılan addımlara milli maraqlar baxımından qiymət verməyə çağırıram".

Samir

Digər xəbərlər