Dünən "ADA" Universitetində "Praktiki məsləhətlər üçün regional sessiya" adlı seminar keçirilib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov tədbirdə çıxış edərək, ölkəmizdə ilk dəfə olaraq keçirilən seminarın əhəmiyyətindən danışaraq bildirib ki, qlobal iqtisadiyyat, texnologiya, o cümlədən, cəmiyyətimizdəki dəyişikliklər təhsil sahəsində də mövcud standartlara dəyişikliklər edilməsi, eyni zamanda, yenilərinin tətbiqini zəruri edib: "Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsilin bütün pillələrinin hərtərəfli inkişafına xüsusi diqqət ayırır. Hazırda həyata keçirilən sahibkarlıq tədbirlərinin əsasını innovativ, dərin biliklərə və yüksək iqtisadi texnologiyalara söykənən insan kapitalının inkişafı təşkil edir".
C.Bayramov təhsil nazirliyinin dövlət və özəl sektordakı tərəfdaşlarla birlikdə ali təhsil müəssisələrində innovativ sahibkarlığın inkişafını gücləndirdiyini, bu sahədəki dünya təcrübəsinin fəal şəkildə öyrənildiyini vurğulayıb.
Digər çıxış edənlər Azərbaycan universitetlərində fəaliyyət göstərən startaplardan, bu sahədə aparılan müvafiq işlərdən danışıb, yüksək texnologiyalar sahəsində yeni layihələrin başlanılması və biznesin inkişafı üçün yaxşı imkanlar olduğunu bildiriblər.
İki gün davam edəcək seminarda ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələrinə innovativ sahibkarlıq fəaliyyəti üzrə biliklər aşılanacaq. Həmçinin, keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə, sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə, təkliflər veriləcəkdir.
ZÜMRÜD