"Hərbi vəziyyət haqqında" qanun layihəsi ətraflı şəkildə hazırlanan qanundur. Hesab edirəm ki, layihə əsasında gələcəkdə mühüm addımlar atıla bilər". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qanun layihəsinin ilkin oxunuşun müzakirələri zamanı deyib.Qanunda hərbi vəziyyətlə yanaşı, səfərbərlik məsələsinə ciddi fikir verməyin tərəfdarı olduğunu deyən millət vəkili bildirib ki, dondurulmuş münaqişə həll edilmiş demək deyil və bunun nə vaxtsa donu açılıb, alovlana bilər: "Biz bu alovlanmaya hazır olmalıyıq. Aprel döyüşlərini buna misal göstərmək olar. Elə ictimai proses yarana bilər ki, biz hər an hərəkətə keçməyə məcbur olarıq. O baxımdan biz hazırlığımızı əldə saxlamalıyıq".Məsələ ilə bağlı bir neçə təklif irəli sürən S. Novruzov keçmiş təcrübəyə əsaslanaraq qeyd edib ki, sərhəd bölgələrinə istefada olan hərbçiləri rayon icra başçısı kimi təyin etmək olar: "Bizim kifayət istefada olan, dövlətinə sədaqətlə xidmət edən hərbçilərimiz var ki, onların idarəçilik, insanlarla münasibətlə bağlı və eləcə də digər sahələrdə yüksək təcrübələri var. Bəzi yerlərdə zərurət olarsa, belə insanlardan istifadə etmək vacibdir. Yadımıza salaq ki, 90-ci illərdə elə həmin vətənpərvərlər emənilərin qarşısını aldı. O zaman silahlı dəstə yox idi. Ümummilli lider hakimiyyətə gələndə də Əfqanıstan döyüşçülərinə və müharibə təcrübəsi olan insanlara müraciət etdi. Ayrı-ayrı ölkələrin müdaxiləsi olmasa idi bütövlükdə Azərbaycan torpaqlarını işğaldan azad etmək mümkün olardı".Millət vəkili həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komissiyası tərəfindən müəyyən yaş həddinə çatan insanların siyahılaşdırmasını təklif edib: "Heç olmasa onlara 6 aydan bir təlim keçirilməlidir. Yoxsa keçmişdə yoldan, metrodan kimi tuturdularsa avtobuslara doldurub aparırdılar cəbhə bölgəsinə, çatan kimi də əlinə silah verib göndərirdilər döyüşə. Nəticə etibarı ilə o zaman çoxlu şəhid verdik. Çünki onların heç bir təcrübəsi yox idi. Çoxusu təsadüfi adamlar idi, biri tikintidə, digəri başqa sahələrdə çalışırdı. Bu baxımdan düşünürəm ki, komissiya tərəfindən siyahıya alınan şəxslərə təlim keçirilməlidir. Biz əsasən aprel döyüşlərində şahidi olduq ki, döyüşü aparan, erməniləri darmadağan edənlər müqavilə əsasında olan insanlardır. 18 yaşında uşaq hələ təzə öyrənir, o həmin müddətə çatana, psixoloji durumdan çıxana qədər təcrübəli insanlar hazırlamalıyıq ki, istənilən döyüş anında onlardan istifadə olunsun".S.Novruzov qeyd edib ki, qanun layihəsində mətbuatla bağlı məqamlar düzğün olaraq nəzərə alınıb: "Çünki, kim ordu haqqında nə istəyir onu da yazır. Düzdür, bunun qarşısı xeyli alınıb. Amma xaricdə bizi istəməyən qüvvələr var ki, onlar müəyyən məlumatlar yayır, bizdə də həmin qüvvələrə uyanlar o məlumatları çap edirlər. Hesab edirəm ki, bunun da qarşısı alınmalıdır. Hərbi vəziyyət vaxtında məlumatlar yalnız hərbi vəziyyətə rəhbərlik edən orqan tərəfindən dərc olunmalıdır. Başqa məlumatlar dərc oluna bilməz. Qanun layihəsi konseptual baxımından yaxşı hazırlanıb".
sia.az