"Son dövrdə dövlət tərəfindən çoxlu sayda yeraltı dayanacaqlar tikilir. Bakının tək mərkəzini götürsək, istər Azadlıq meydanı, istər Qış bulvarı, istərsə də müxtəlif otellərin altında avtomobillərin saxlanması üçün kifayət qədər parklanma yerləri var. Həmin yerlərdə nə qədər istəsən avtomobil saxlamaq mümkündür. Lakin burada avtomobillərin saxlanmamasının səbəbi qiymətlərin baha olmasıdır". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında "Yol hərəkəti haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.Sözügedən yeraltı parklarda avtomobil saxlamaq üçün 1 saat üçün 1 manat tələb olunduğunu deyən millət vəkili bildirib ki, belə olan halda, həmin ərazilərə yaxın idarələrdə çalışanlar orada öz avtomobilini saxlamaq üçün həftəyə 40 manat ödəməlidirlər: "Bir vətəndaş avtomobilini yeraltı parklarda saxlaması üçün ay ərzində təxminən 200 manat vəsait xərcləməlidir ki, bu da onun məvacibinin bəlkə də 30-40 faizini təşkil edir. Nəticə etibarı ilə insanlar avtomobillərini ya qadağan olunan yerlərdə saxlayır, ya da başqa yollara əl atmağa məcbur olur. Bu həm də hökumət tərəfindən yüksək səviyyədə tikilən, eləcə də təhlükəsizlik sistemi ilə təmin olunan yerlərin boş qalmasına səbəb olur. Ona görə də qiymətlər tənzimləməlidir. Tarif Şurası bu məsələyə də baxıb, vahid qiymət müəyyənləşdirə bilər ki, hər kəs istədiyi qiyməti tətbiq etməsin. Hansı obyektin müştərisi çoxdursa, o saatını 2 manata, digərinin müştərisi azdırsa, başqa qiymətə xidmət göstərir. Kim hardan istəyir oradan da pul yığır. Bunun nə dövlətə xeyri var, nə də vətəndaşlara, əksinə problemlər yaradır. Bu baxımdan vahid qiymət müəyyənləşdirilsin ki, vətəndaşlar gəlib dövlət tərəfindən tikilən yeraltı parklanmalarda saxlasın. Bununla həm təhlükəsizlik təmin edilsin, həm də dövlətə vergi verilsin".
sia.az