Azərbaycanda genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş, cəmiyyətin inkişafına xidmət etmiş tarixi şəxsiyyətlərə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yenidən diqqət artırıldı. Bu gün də milli-mənəvi dəyərlər və vətənpərvərlik hisslərinə söykənən ənənələr ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycanın ən böyük xeyriyyəçilərinin, tarixi şəxsiyyətlərinin abidələri, mütəmadi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları və tapşırığı əsasında əsaslı şəkildə təmir edilməkdədir.
Belə ki, Biləcəri qəsəbəsində dəfn edilən tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri tamamlandıqdan sonra ziyarət üçün açıq elan olunub.
Tanınmış xeyriyyəçinin ruhuna dualar oxunması ilə başlayan mərasimi Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq, iştirakçılara tədbirin mahiyyəti və Ağa Musa Nağıyevin Azərbaycan üçün etdiyi xeyriyyə işlərində danışıb.
Daha sonra çıxış edən digər natiqlər də öz nitqlərində abidənin abadlaşdırılmasında əməyi olan şəxslərə minnətdarlıqlarını ifadə etdilər. Tədbir zamanı müvafiq fəaliyyətlə bağlı əməyi olan şəxslər Ağa Musa Nağıyev adına "Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin təsis etdiyi Fəxri Fərmana layiq görüldülər. Abidənin açılışı zamanı gülqoyma mərasimi ilə davam edən tədbirin sonunda xatirə şəkilləri çəkilib.
ZÜMRÜD BAYRAMOVA