Sarkisyanın getməkdən başqa yolu yoxdur
Yola salacağımız 2016-cı ilin başa çatmasına artıq saylı günlər qalıb. Hər ili uğurlu inkişaf tempi ilə başa vuran Azərbaycan regionun lider ölkəsinə çevrilib və regiondakı bütün proseslər, irihəcmli beynəlxalq və regional layihələr, məhz ölkəmizin təşəbbüsü və birbaşa iştirakçılığı ilə həyata keçirilir. Lakin Ermənistan qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, həm də ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti nəticəsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayan bir il kimi tarixə düşdü.
Ermənistan parlamentinin deputatu Lilit Qalstyan 2017-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin dövlətin məhvinə yol açan büdcə olduğunu bildrib. Qeyd edib ki, bütün bu problemlərin baş verməsinin səbəbkarı Serj Sarkisyanın uğursuz dövlət siyasətidir: "Əvvəla, büdcənin doldurulması özü ciddi sual altındadır. Digər tərəfdən, büdcədən sosialyönümlü məqsədlər üçün istifadə edilmir. Çünki avtoritar rejim yalnız özünü düşünür".
"Ermənistan iqtisadiyyatı ölkənin Avrasiya İqtisadi Birliyinə daxil olmasından sonra ciddi zərər görüb". "SƏS" qəzeti "NEWS.am" saytına istinadən bu fikri iqtisadiyyat elmləri doktoru, Ermənistan Dövlət Universitetinin iqtisadiyyatın nəzəriyyəsi kafedrasının rəhbəri Mikael Mikaelyan deyib. Onun sözlərinə görə, Qərb sanksiyalarının Ermənistan iqtisadiyyatının çox asılı olduğu Rusiyaya qarşı sanksiyalarının nə qədər davam edəcəyi məlum deyil: "Bu il Ermənistan ixracatının həcmi kiçilib, vətəndaşların alıcılıq səviyyəsi aşağı düşüb. Rusiyadan köçürmələr əhəmiyytəli dərəcədə azalıb. Dövlət borcu artıb. İqtisadiyyat heç də yaxşı vəziyyətdə deyil".
Ermənistanın dövlət büdcəsinə görə, hərbi, milli təhlükəsizlik və ictimai-siyasi vəziyyətin saxlanılmasına xərclərin 20,8 faizi yönəldiləcək. 10 faiz iqtisadiyyat sahəsinə, 7,2 faiz -dövlət borcunun ödənilməsinə, 3,5 faiz-cəmiyyətlərin büdcələrinin dotasiyası üçün, 6,7 faiz-hakimiyyətin dövlət idarələrinin saxlanılmasına çəkilən xərclər, 1 faiz-elmə, 0,6 faiz isə hökumətin ehtiyat fondunun yaradılmasına xərclənəcək.
2016-cı ildə Ermənistanın sonu gəlir
"Qərbin Rusiya ilə qarşılıqlı aksiyalarının Ermənistana təsiri gələn ildən tez olmayacaq". Bu barədə Ermənistan iqtisadiyyat naziri Karen Çşmarityan ötən həftə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
"Qərb və Rusiyanın qarşılıqlı sanksiyaları zamanı vəziyyətin gərginləşməsi zəminində Rusiya ilə bu və ya digər iqtisadi əlaqələri olan digər ölkələr kimi Ermənistana da təsirsiz ötüşməyəcək"- deyə Çşmarityan bildirib. Digər ölkələri də qeyd etməklə ictimaiyyəti sakitləşdirməyə çalışan nazir nədənsə Ermənistan iqtisadiyyatının sərhəd ölkə olmayan Rusiyadan asılılığından danışmayıb.
Erməni ekspertləri ölkənin belə acınacıqlı vəziyyətə düşməsinin səbəbini açıqlayarkən bildiriblər ki, Ermənistanın Azərbaycanla müharibə aparmaq qabiliyyətini çoxdan itirib. Sadəcə, havadarlarının dəstəyi sayəsində, hələ ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlaya bilir. Amma bu, uzun müddət davam edə bilməz.
Beləliklə, erməni xalqı Ermənistanın faşist rəhbərliyinin ölkəni uçuruma aparmaqdan, korrupsioner rəhbərlikdən öz canını qurtarmaq üçün Sarkisyanın istefasında israrlı olmalıdır. Əks- təqdirdə, 2017-ci ildə də Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.
A.SƏMƏDOVA