"Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi ilk növbədə qardaş ölkənin prestijinə vurulan zərbədir. Terrorçunun kimliyi bəllidir. Terrorun arxasında hansı gücün durduğu da sirr deyil". SİA-nın verdiyi məlumata görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, bu terrorun Türkiyə, Rusiya və İranın xarici işlərlə müdafiə nazirlərinin Moskva görüşünə bir gün qalmış törədilməsi özlüyündə hər şeyi açıq-aydın göstərir: "Üç dövlət Suriya məsələsində razılığa gəlmək və ümumiyyətlə regionda yeni bir əməkdaşlıq modeli qurmaq üçün intensiv danışıqlar aparırlar. Son zamanlar bir-birinin ardınca törədilən terror aktlarıyla sanki biriləri Türkiyəyə xəbərdarlıq edir ki, bu plan, özəlliklə də Rusiyayla sıx əməkdaşlıq ona baha başa gələcək.İlkin reaksiyalardan belə görünür ki, həm rəsmi Moskva, həm də Ankara Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsinin arxasında kimin durduğunu yaxşı anlayırlar və bu olay ötən ilin noyabrındakı insidentdən fərqli olaraq iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq".S.Alıyev həmçinin deyib ki, Amerikanın xarici siyasət üzrə aparıcı nəşrlərindən sayılan "Foreign Policy" Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirlməsi ilə bağlı 5 ssenari üzərində dayanır ki, onların da hər birində ancaq və ancaq iki ölkə arasında münasibətlərin gərginləşəcəyi yer alır: "Yəni bu terrorun törədilməsində maraqlı olanların məqsədi proqnoz kimi təqdim edilir. Oxucuya az qala aşılanmağa çalışılır ki, Karlovun öldürülməsini Rusiya ilə Türkiyə özləri planlaşdırblarmış. Bu da sizə respektabelli nəşr. Daha sözüm yoxdur.Bir daha xatırladıram ki, bu terror Rusiya, Türkiyə və İran xarici işlərlə müdafiə nazirlərinin Moskva görüşü öncəsi törədildi. Nazirlərin görüşü artıq keçirilib. Ayın 27-də isə yenə Moskvada 3 ölkə prezidentinin zirvə görüşü planlaşdırılır. Qardaş Türkiyədə təhlükəsizlik qüvvələrinin son dərəcə ayıq-sayıq olmaları gərəkir. Terror istehsalçılarının bu görüşü əngəlləmək üçün də boş dayanmayacaqları aydındır".
sia.az