İlham Əliyev: "Gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir"
Azərbaycanda son illərdə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Onu da vurğulamaq lazımdır ki, sənayenin inkişafına xüsusi önəm verilməsində əsas məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə, idxalı azaltmaq, istehsal edilən məhsulların rəqabət davamlılığını artırmaq və ixracı çoxaltmaqdan ibarətdir. Bu mənada, ölkəmizdə sənayenin inkişafının mühüm məsələ kimi gündəliyə gəlməsi bir sıra obyektiv zərurətlərlə şərtlənir. Onu da vurğulamaq lazımdır ki, Ulu Öndər Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş İttifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir.
Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra sənayedəki tənəzzülü dayandıra, aradan qaldıra və makroiqtisadi proseslərə təsir edə bilən tədbirlərin həyata keçirilməsinə başlanıldı. Əsas diqqət bazar münasibətlərinə söykənən təsərrüfatçılıq sisteminin yaradılmasına, sənaye müəssisələrinin özəlləşdirilməsinə yönəldildi və nəticədə, sənayenin bir çox sahələrində irəliləyişlər müşahidə olundu. Xüsusən, neft sənayesinin inkişafı qeyri-neft sahələrinin və sənayenin ayrı-ayrı istiqamətlərinin yüksəlişinə təkan verdi. Sabitliyin bərqərar olunması, normativ-hüquqi bazanın formalaşdırılması, əlverişli biznes mühitinin yaradılması, iqtisadi islahatlar həm də Azərbaycana xarici kapitalın axınını sürətləndirdi. Bunun da nəticəsində sənayedəki tənəzzül tədricən aradan qalxmağa başladı. Kimya, metallurgiya, elektroenergetika, meşə, yüngül, yeyinti və digər emal sənaye sahələrində artım müşahidə olundu.
Böyük sənaye
potensialının açdığı
imkanlar
Azərbaycan böyük sənaye ənənələrini geri qaytarır. Son illərdə Azərbaycanda bir sıra iri sənaye müəssisələri istifadəyə verilib. Gəmiqayırma zavodu, Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, "Azbentonit" müəssisəsi, Qəbələ piano, "M-Line", AZMDF, EMBAWOOD mebel fabrikləri və digər müəssisələr ölkədə sənaye quruculuğu işinin nə qədər çoxşaxəli və praqmatik aparıldığını göstərir. Gəmiqayırma zavodunun və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına da ciddi təkan verəcək. Sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır.
Ölkəmizdə əvvəllər mövcud olmamış müdafiə, kosmik sənaye sahələrinin yaradılmasını xüsusi vurğulamaq lazımdır. Kosmik sənayenin yaradılması Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən müasir texnologiyalara sahib olmaq niyyətinin bariz nümunəsidir. Təbii ki, ölkəmizdə elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması informasiya-kommunikasiya texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradacaq. Hazırda ölkəmizdə kosmik sənayenin inkişafı istiqamətində mühüm işlər görülür və yaxın gələcəkdə daha böyük uğurların qazanılacağı şübhəsizdir. Bu sahədə inkişaf Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının reallaşmasının tərkib hissəsidir.
Göründüyü kimi, Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü ilin ölkəmizdə "Sənaye ili" elan edilməsi, məhz bu sahəyə dövlət başçısı tərəfindən göstərilən böyük diqqətin təzahürüdür.
Yeni sənaye müəssisələri yeni iş yerləri deməkdir
Qeyd olunan əsas məqamlardan biri də yeni sənaye müəssisələrinin açılması və yeni iş yerləri deməkdir. Faktlar da bunu təsdiqləyir. Belə ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olan Sumqayıt Texnologiyalar Parkının ümumi sahəsi 250 hektardır və texnoparkda 4500-dən artıq işçi çalışır. Buradakı müəssisələrin ən böyüyü 6500 çeşiddə məhsul istehsal edən kabel zavodudur. Zavodun məhsullarından məişət avadanlıqlarında, kontakt sistemində geniş istifadə olunur. Yüksək gərginliyə davam gətirən güc kabellərinin MDB məkanında, qonşu Türkiyə və İranda, hətta bir sıra Avropa ölkələrində analoqu yoxdur. STP-nin ikinci ən böyük müəssisəsi olan polimer məmulatlar zavodunda su və kanalizasiya polimer boruları, onların fitinqləri istehsal edilir. Gündə 500 ton polimer məhsulları istehsal etmək gücünə malik müəssisədə 50-dən çox istehsal xətti fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkının ağır maşınqayırma zavodunda tikinti-quraşdırma, elektroenergetika, maşınqayırma və digər sahələrdə istifadə olunan metal konstruksiyalar, ağır tonnajlı, körpülü kranlar, hidroturbinlər, külək generatorları, dəqiq mexanika zavodunda qeyri-standart avadanlıq və mürəkkəb konstruksiyalı maşın-mexanizm elementləri və digər məhsullar hazırlanır. Texnoparkda Günəş kollektoru qazanları, həmçinin, bir çox sahələrdə tələbat duyulan yüksək keyfiyyətli, standartlara uyğun məhsullar istehsal edən digər zavodlar da fəaliyyət göstərir. Bu gün STP Azərbaycanın istənilən guşəsində tikilən elektrik stansiyalarını, yarımstansiyaları yüksək gərginlik kabelləri və digər zəruri məmulatlarla təmin edir.
Strateji yol xəritəsi
sənayemizə nələr vəd edir
Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli Sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiq edilməsi də məhz bu məqsədi daşıyır. Strateji yol xəritəsinin əsas istiqamətlərində sənayenin inkişafına xüsusi diqqət yetirilir. Bu, təsadüfi deyil. Belə ki, hazırda bu sektorda iqtisadi diversifikasiya mühüm önəm daşıyır. Burada əsas məqsəd isə yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ümumi daxili məhsulun, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsidir.
Göründüyü kimi, dövlətimizin başçısı sənayenin inkişafını diqqət mərkəzində saxlayır. Ölkə rəhbəri həm də bu zaman sahənin təchizat təminatına mühüm önəm verir. Beləliklə, bütün təhlillər göstərir ki, Azərbaycanda sənayenin inkişafı üçün hələ çox böyük perspektivlər qalmaqdadır və ölkə başçısının qəbul etdiyi müvafiq proqram və qərarlarla bu perspektivlər gerçəkləşəcək, Azərbaycanın iqtisadi gücünün, beynəlxalq nüfuzunun yüksəlməsində pay sahibi olacaq.
RƏFİQƏ KAMALQIZI