PDF Oxu

Siyasət

  • 28

"2003-2016-cı illərdə müstəqil Azərbaycanın inkişafının yeni mərhələsi"

"2003-2016-cı illərdə müstəqil Azərbaycanın inkişafının yeni mərhələsi"

Bu mövzuda "Səs" qəzetinin redaksiyasında dəyirmi masa keçirildi

Dünən "Səs" qəzetinin təşkilatçılığı ilə "2003-2016-cı illərdə müstəqil Azərbaycanın inkişafının yeni mərhələsi" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada YAP İdarə Heyəinin üzvü, Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov, Milli Məclisin deputatları Tahir Rzayev, Jalə Əliyeva, Rövşən Rzayev, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə iştirak edirdi.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, "Səs" qəzeti təqvimdə olan tarixi günlərlə bağlı, mütəmadi olaraq, dəyirmi masalar təşkil edir və növbəti dəyirmi masa Azərbaycan Prezidenti Cənab İlham Əliyevin doğum günü ilə bağlı olaraq təşkil olunub. B.Quliyev Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı 25 ildə nail olduğu uğurlara nəzər salaraq, ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, nüfuzunun yüksəlməsinə səbəb olan amillərə nəzər saldı. Qeyd etdi ki, dövlət müstəqilliyinin təməlini möhkəmlədən və əbədi edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin edərək, Azərbaycanın inkişaf prioritetlərini müəyyənləşdirib. Ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, səhiyyənin, təhsilin, idmanın inkişafı, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması, regionların müasirləşdirilməsi istiqamətində həyata keçirilən siyasət nəticəsində, ölkəmizin dünya miqyasında layiqli yer tutduğunu vurğuladı. B.Quliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə, qısa müddət ərzində, Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxdığını bildirdi: "Bir tarixi məqama diqqəti yönəltmək istərdim. Ulu Öndər Heydər Əliyev prezidentliyə namizədliyini geri götürərkən, vurğulamışdı ki, Mən əminəm ki, Mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev başa çatdıracaq və Mən Ona Özüm qədər inanıram. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə diqqət yetirərkən, görürük ki, həqiqətən də, Ulu Öndər Heydər Əliyev siyasi varisini Azərbaycan xalqına bir Lider kimi bəxş etdi və beləliklə, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu. Artıq Azərbaycan yeni standartlarla dünyaya təqdim olunur".

Bu gün Prezident İlham Əliyevin doğum günü ərəfəsində Azərbaycanın dövlətçilik tarixində iz buraxmış fəaliyyətinə, ölkəmizin inkişafı üçün atdığı uğurlu addımlara, qısa da olsa, yenidən nəzər salacağıq. Yaxşı olardı ki, ilk olaraq, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və formalaşması, eləcə də hüquqi dövlət quruculuğu prosesinə diqqəti çəkək.

Tahir müəllim, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun ölkə başçısı İlham Əliyev tərfəindən davam etdirilməsinə nəzər salaq.

PREZİDENT İLHAM ƏLİYEVİN DÜŞÜNÜLMÜŞ, ÇEVİK VƏ QƏTİYYƏTLİ SİYASƏTİ SAYƏSİNDƏ ÖLKƏMİZ BÖYÜK UĞURLARA İMZA ATIB

TAHİR RZAYEV:

- Ulu Öndər Heydər Əliyevin ölkə Prezidenti İlham Əliyev haqqında söylədiyi fikri xatırlatmaq yerinə düşərdi. Ulu Öndər Heydər Əliyev deyirdi ki, İlham Əliyev həm biliyinə, həm ağlına, həm təcrübəsinə, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində görkəmli bir İNSANDIR. Yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkəmiz böyük uğurlar qazanıb. Etiraf edək ki, davamlı və dinamik inkişafı özündə ehtiva edən milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycanda siyasi, iqtisadi, hüquqi və digər sahələri əhatə edən fundamental islahatlar həyata keçirilir ki, bu da çoxşaxəli, ardıcıl və dinamik inkişafı təmin etməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsində də əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına səbəb olub. Artıq ölkəmizdə yeni layihələr həyata keçirilir. Prezident İlham Əliyevin Fərmanı ilə "Yol xəritələri" təsdiq olunub. Bu "Yol xəritələri" uzunmüddətli prespektivlərə xidmət edir. Burada bütün sahələr əhatə olunub. Neftdən asılılığın aradan qaldırılması, iqtisadiyatın şaxələndirilməsi, sosial rifah halını yaxşılaşdırılması və digər sahələrdə islahatların aparılması ölkənin inkişafına yönəlibdir. Bütün bunlar Azərbaycan insanına olan diqqətdir və dövlət başçısı İlham Əliyevin özünəməxsus Liderlik xüsusiyyətlərindən irəli gəlir.

BƏHRUZ QULİYEV:

- Arif müəllim, Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ilə Prezident seçilərkən vurğulamışdı ki, Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam. 2003-2016-cı illərdə bu tezis özünü təsdiqlədimi?

SÜRƏTLİ İNKİŞAF SƏVİYYƏSİNƏ GÖRƏ, AZƏRBAYCAN DÜNYA DÖVLƏTLƏRİNİN REYTİNQ CƏDVƏLİNƏ BAŞÇILIQ EDİR

ARİF RƏHİMZADƏ:

- Müasir müstəqil Azərbaycan dövləti artıq 13 ildir ki, Ulu Öndərimizin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir tariximizin yeni parlaq səhifələrini yazır. Əlbəttə, xalqımızın ölkə Prezidentinə sevgisinin, inamının yüksək səviyyədə olması ölkə başçısı İlham Əliyevin liderlik keyfiyyətlərindən irəli gəlir. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısı kimi qətiyyətli olması, atdığı hər bir addımda milli maraqlarımızı öndə tutmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycanın milli maraqlarına xidmət edir. Onun Prezident kimi fəaliyyətə başladığı gündən bu günə qədər yürütdüyü siyasət Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasətin davamıdır. Elə bunun nəticəsidir ki, Azərbaycan hərtərəfli inkişaf edir, iqtisadi, siyasi, hərbi qüdrətini günbəgün artırır. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Son on üç ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin maddi rifah halının yüksəlməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təzahürüdür.

Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, ictimai-sosial və mədəni həyatın bütün sahələrində əldə edilən nailiyyətlər Azərbaycanı regionun lider dövlətinə çevirib, beynəlxalq aləmdə yüksək nüfuz qazanmasını təmin edib. Dövlətimizin uğurla həyata keçirdiyi siyasəti, düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik dövlətə çevirib. Bu gün dünyada nüfuzlu və etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkün deyildi. Bu uğurlara Azərbaycan müstəqillik tarixində nail olub.

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət artıq bir çox mühüm sahələr üzrə Azərbaycanı dünya birincisinə çevirib. Azərbaycan Prezidenti İlham Əliyev, həqiqətən də, Azərbaycanı geniş bir şəkildə dünyaya tanıtdı. Bu proses, təbii ki, Ulu Öndər Heydər Əliyevin dövründə başlandı və Heydər Əliyevin əsasını qoyduğu təməli, nailiyyətləri İlham Əliyev uğurla davam etdirdi. İmkanlarımız genişləndi. Azərbaycan heç zaman bu qədər geniş miqyasda tanınmamışdı. Prezident İlham Əliyev Şəxsi timsalında dünyaya göstərə bildi ki, Azərbaycan nə qədər intellektə, bacarığa, alicənablığa qadir millətdir. Rəhbəri görəndə Azərbaycan, azərbaycanlılar haqqında təsəvvür yaranır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin ən böyük nailiyyətlərindən biridir. Ölkənin bütün sahələri inkişaf edir. Son illər iqtisadi artım dinamikasına, sürətli inkişaf səviyyəsinə görə Azərbaycan dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edir.Azərbaycanda iqtisadi sahədə də çox böyük uğurlar əldə edilmişdir. Son on il ərzində iqtisadi islahatlarla bağlı atılan addımlar və əldə edilmiş nəticələr dünya miqyasında heyranlıqla qarşılanır. Amma Azərbaycanın özünəməxsus keyfiyyətlərini çağdaş dövrümüzdəki kimi, dünyaya təqdim etmək Azərbaycan tarixində heç zaman olmayıb.

BƏHRUZ QULİYEV:

- Jalə xanım, 2003-2016-cı illərdə həyata keçirilən hüquqi islahatlar yolunda hansı nailiyyətlər əldə olunub?

XALQININ SONSUZ SEVGİSİNİ QAZANAN MÖHTƏRƏM PREZİDENTİMİZİN HƏYATA KEÇİRDİYİ SİYASƏT ÖLKƏ VƏTƏNDAŞLARI TƏRƏFİNDƏN RƏĞBƏTLƏ QARŞILANIR

JALƏ ƏLİYEVA:

- Ölkə Prezidenti, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, özünəməxsus liderlik keyfiyyətləri ilə seçilən Prezident İlham Əliyevin fəaliyyəti 2003-cü ildən başlayaraq, artıq Azərbaycanda sosial-iqtisadi inkişafda yeni bir mərhələ ortaya çıxır. Bu yeni mərhələ Prezident İlham Əliyevin siyasəti ilə bağlıdır.

Prezident İlham Əliyev ən mürəkkəb vəzifənin öhdəsindən inamla gəlir, milli maraqlar çərçivəsində real müstəqil daxili və xarici siyasət həyata keçirir. Onun ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu günə qədər keçən dövrə nəzər salsaq, əminliklə deyə bilərik ki, xalqının sonsuz sevgisini qazanan möhtərəm Prezidentimizin İlham Əliyevin həyata keçirdiyi siyasət ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycan Prezidenti İlham Əliyev, bütün sahələrdə olduğu kimi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gender siyasətini də uğurla davam etdirir. Sözsüz ki, bu gün Azərbaycan qadınının yüksəlməsinin bünövrəsi Ümummilli Lider tərəfindən qoyulmuşdur.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən, 1992-ci ildə BMT-nin "Qadınların siyasi hüquqları", 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Artıq qətiyyətlə demək olar ki, Azərbaycan hökuməti gender siyasəti sahəsində müəyyən nailiyyətlər əldə edib. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlandırılır. Komitənin qadınların hüquqlarının qorunması və ölkəmizin sosial-siyasi həyatında onların iştirakının artırılmasında müstəsna rolu var.

2000-ci ilin martında Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi" haqqında Fərman imzalayıb.

Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daima mühüm yer tutub. O, bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Həmişə olduğu kimi, bu gün də ictimai-siyasi həyatımızda fəal mövqedə duran qadınlarımız müstəqil, demokratik dövlət quruculuğunda səylə çalışır, sosial-iqtisadi inkişaf sahəsində əllərindən gələni əsirgəmirlər. Müasir cəmiyyətimizdə qadınlar fəallıqlarını daha da artırırlar.

Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verir. Azərbaycan dövləti və cəmiyyəti belə qadınlarla fəxr edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də, məhz ondan ibarətdir ki, Azərbaycan qadınları ictimai-siyasi həyatda yaxından iştirak edərək, gündən-günə daha da fəallaşsın, ölkəmizin sürətli inkişafına öz misilsiz töhfələrini versinlər.

(Ardı var)

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər