PDF Oxu

Siyasət

  • 17

Zaman Emin Hüseynovun cavabını verəcək...

Zaman Emin Hüseynovun cavabını verəcək...

TEZİS ƏSASINDA

Yaxud ermənipərəstin erməni sevgisi necə ifşa olundu?

Bir müddət öncə, Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisi tərəfindən illik Zirvə Toplantısı keçirilmişdi. Tədbirə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri, o cümlədən səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə, hüquq müdafiəçiləri və ictimai-siyasi fəaliyyətlə məşğul olan insanlar da qatılıblar. Məsələ yalnız bunda deyil, məsələ həm də sözügedən tədbirdə hazırda İsveçrədə yaşayan "Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu"nun direktoru E.Hüseynovun ermənilərlə birgə mövqedən çıxış etməsindədir. Daha dəqiqi, həmin tədbirdə Ermənistanın Polşadakı səfiri Edqar Vardanyan və hazırda İsveçrədə yaşayan "Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu"nun direktoru E.Hüseynov da iştirak edib və Zirvə Toplantısı çərçivəsində təşkil olunan "Demokratik institutlar və onların fəaliyyəti" mövzusunda ilkin müzakirələrdə Emin Hüseynov Azərbaycan dövlətini kəskin tənqid edib və bununla da Ermənistanın işğalçı siyasətinə açıq dəstəyini bəyan edib. Bu da azmış kimi, E.Hüseynov iddia edib ki, guya Qarabağ münaqişəsi zamanı erməni jurnalistlər də öldürülüb: "Qarabağ müharibəsi zamanı erməni jurnalistlər öldürülüb. Bütün bunlara göz yummaq olmaz".

Emin Hüseynovun "üzümə tüpür, ancaq pulumu ver" həyat kredosu

E.Hüseynov çıxışında bildirib ki, guya Azərbaycan xalqı istənilən halda, Ermənistan tərəfi ilə barışığa hazırdır, "ancaq Azərbaycan hakimiyyəti bu barışığa imkan vermir"...(?!!-.R.N.). Təbii ki, bu da onun ermənilərdən aldığı qrantların hesabına deyilmiş sözlərdir. Çünki E.Hüseynov daim pulu-paranı şəxsiyyətçilik marağından üstün tutub, necə deyərlər, "tüpür üzümə, ancaq pulumu ver" kredosu ilə həyat sürür.

E.Hüseynov heç bir gerçəkliyə sığmayan daha bir sərsəm iddia irəli sürərək bildirib ki, bu ilin sentyabr ayında Azərbaycanda keçirilən referenduma çıxarılmış təkliflər guya ölkə başçısı və Onun ailəsinin (??!!-R.N.) "hakimiyyətini möhkəmləndirməyə hesablanıbmış". Halbuki referendum başa çatar-çatmaz Azərbaycanda səsvermələri izləyən xarici və yerli müşahidəçilərin hər biri atılan addımı demokratik və xalqın maraqlarına tam olaraq uyğun olduğunu bildiriblər.

Digər tərəfdən, Azərbaycan nümayəndə heyətinin çıxışlarından dərhal sonra Ermənistanın Polşadakı səfirliyinin katibi Edqar Kazaryan əl-ayağa düşərək, azərbaycanlı nümayəndələrin çıxışlarını yalanlamağa çalışıb. O və digər erməni iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Səfir E.Vardanyan da çıxışında Emin Hüseynova dəstəyini nümayiş etdirərək, vurğulayıb ki, guya Azərbaycan Ordusu Qarabağ müharibəsi zamanı erməni jurnalistlərə də atəş açıb.

Emin Hüseynov, bəs Salatın Əsgərovanı, Alı Mustafayevi öldürən ermənilər deyildimi?!

Xatırlatmaq yerinə düşərdi ki, tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və hüquq müdafiəçisi Azər Həsrət isə erməni səfirin və E.Hüseynovun uydurma çıxışlarına cavab veriblər. Ə.Şahidov Azərbaycana qarşı bu cür yalan və təxribat xarakterli bəyanatları pisləyib və ABŞ-ın ATƏT-dəki nümayəndəsinə də öz iradını bildirib. A.Həsrət isə E.Hüseynova müraciət edərək deyib ki, onun Azərbaycan dövləti və xalqı əleyhinə çıxışları ilə erməni tərəfinin çıxışlarında heç bir fərq hiss olunmur: "Erməni tərəfi iddia edir ki, guya Qarabağ döyüşlərində erməni jurnalistləri öldürülüb və sairə. Bütün bunlar yalan və cəfəngiyyatdır. Əksinə, Qarabağ döyüşlərində azərbaycanlı jurnalistlər erməni terrorçuları tərəfindən öldürülüb. Buna misal olaraq, azərbaycanlı jurnalistlər Alı Mustafayevi, Salatın Əsgərovanı və digərlərinin adını çəkmək olar".

İndi isə Avropada özü kimi ermənipərəst həmkarı Leyla Yunusla birləşib, yenidən anti-Azərbaycan fəaliyyəti göstərir...

Sözügedən tədbirdə E.Hüseynovun Ermənistan nümayəndə heyəti ilə yanaşı əyləşib, fasilələrdə də onlarla söhbətlər etməsi diqqətdən yayınmamışdı.

Fakt budur ki, artıq bütün dünya işğalçı Ermənistanın əməllərini yaxşı bilir və Azərbaycanda mövcud olan reallığı ən yüksək səviyyədə qiymətləndirir.

Sonda isə bir daha E.Hüseynova xatırlatma edərək, deyə bilərik ki, ondan fərqli olaraq, Ermənistandakı Sarkisyan rejimi ona müxalif olan insanları yalnız həbs etdirmir, hətta həyatlarına son qoyur. Halbuki E.Hüseynov, məhz Azərbaycan hakimiyyətinin humanizm prinsipindən yararlanaraq, ölkə ərazisini tərk edərək, İsveçrəyə mühacirət edib. İndi isə Avropada özü kimi ermənipərəst həmkarı Leyla Yunusla birləşib, yenidən anti-Azərbaycan fəaliyyəti göstərir. Ancaq unudur ki, zaman onun cavabını verəcək...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər