PDF Oxu

Siyasət

  • 35

Hədəfləri müəyyənləşdirən Fərman

Hədəfləri müəyyənləşdirən Fərman

Bu Fərmanda ölkə iqtisadiyyatı qarşısında qoyulan vəzifələr və mühüm istiqamətlər öz ifadəsini tapıb

Bu gün dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir.

Azərbaycan Prezidenti İlham Əliyev bu il dekabrın 6-da ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" 2016-cı il 16 mart tarixli Sərəncama uyğun olaraq, müvafiq strateji yol xəritələrini təsdiq edib.

Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Bura Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi, o cümlədən, neft və qaz sənayesi (kimya məhsulları daxil olmaqla), ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm sənayesi, logistika və ticarət, uyğun qiymətə mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritələri daxildir.

Strateji yol xəritəsi ölkəmizdə nəyi dəyişəcək?

Ölkə başçısının Fərmanı Azərbaycanda iqtisadiyyatının sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malikdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, Prezident İlham Əliyevin imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyur.

İqtisadçı vurğulayıb ki, strateji yol xəritəsi milli iqtisadi perspektivi və fərqli iqtisadi sektorlara dair yol xəritəsini özündə birləşdirən sənəd olmaqla, hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan yaradır: "Strateji yol xəritələrinin əvvəllər qəbul edilən dövlət proqramlarından əsas fərqi ondan ibarətdir ki, bu xəritələrdə fəaliyyətlər qruplaşdırılaraq, hər bir fəaliyyətin nəticələrini ölçmək üçün konkret indikatorlar müəyyənləşdirilib. Belə indikatorların müəyyənləşdirilməsi bir tərəfdən, bu sahədəkı proqramların icrasında səmərəliliyin müəyyən edilməsinə imkan verəcək, digər tərəfdən isə dövlət qurumlarının hesabatlılığını artıracaq. Eyni zamanda, fəaliyyətlərin illər üzrə qruplaşdırılması, məsul dövlət qurumlarının və eləcə də, hər bir fəaliyyət üçün tələb edilən maliyyə vəsaitinin həcminin də ayrıca qeyd edilməsi, həm strateji xəritələrin müasir standartlara uyğun olaraq hazırlanmasına, həm də onların səmərəli şəkildə icra edilməsinə imkan yaradacaq".

V.Bayramov, həmçinin, bildirib ki, strateji sənədlərin təsdiqi Azərbaycanın iqtisadiyyatında yeni mərhələnin əsasını qoyur: "Bu sənədlər, məhz iqtisadi inkişafa nail olunması, iqtisadi çətinliklərin təsirlərinin minimumlaşdırılması ilə bağlı strateji yol formalaşdırır. Bu baxımdan, sənəd imkan verir ki, Azərbaycanda həyata keçiriləcək iqtisadi islahatları, məhz bu strateji xəritəyə uyğun olaraq, müddətli şəkildə reallaşdırmaq mümkün olsun. İslahatların həyata keçirilməsi və bütövlükdə, iqtisadi inkişaf ilə bağlı fəaliyyətlər 2020-ci ilədək ayrıca qruplaşdırılır. Bu isə, o deməkdir ki, milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir. Sənədin əhəmiyyətli tərəflərindən biri də ondan ibarətdir ki, müddətlər üzrə nəzərdə tutulan fəaliyyətlər arasında ardıcıllıq və davamlılıq vardır. 2020-ci ilədək həyata keçirilən islahatlar və fəaliyyətlər növbəti 5 ildə reallaşacaq tədbirlər üçün baza rolunu oynayacaq. Eyni zamanda, post-2025 baxışı daha strateji olmaqla yanaşı, iqtisadi islahatların davamlılığını təmin etmək məqsədi daşıyır".

Qeyd edilənlər, deməyə əsas verir ki, indiyədək yaradılan güclü potensial və strateji yol xəritələrinin gerçəkləşdirilməsi hesabına, perspektivdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə, qeyri-neft ixracının artımına müsbət təsir göstərəcək, qlobal çağırışlara cavab verərək, investisiyaların cəlbini, azad rəqabət mühitini, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqelərimizi daha da gücləndirəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər