"Rusiya səfirinin Türkiyədə öldürülməsi iki dövlət arasındakı münasibətlərin korlanmasına hesablanmış əməldir. Bu hadisə təxribatdır və bu dövlətlər arasında heç bir ziddiyyət yaratmamalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.O qeyd edib ki, hazırda Türkiyə ilə Rusiya arasında sağlam münasibətlər mövcuddur: "İki ölkə uzun müddət müəyyən məsələlərdə həmfikir olublar. Onları daim qarşılıqlı əməkdaşlıq, ticarət əlaqələri, siyasi məsələlər birləşdirib. Türkiyə hər zaman çətin məsələlərdə Rusiyanın yanında olub. Təəssüf ki, son illərdə baş verən siyasi oyunlar, iri dövlətlərin Türkiyəyə qarşı yönəlmiş məkrli fikirləri, eləcə də Rusiyaya qarşı müəyyən sanksiyalar iki dövlət arasında ziddiyyətlərin yaranmasına səbəb olmuşdu. Çox yaxşı haldır ki, hər iki dövlətin rəhbəri bu məsələyə aydınlıq gətirdilər, ölkələr arasında yaranmış soyuqluğu aradan qaldırdılar. İndi iki dövlət arasında sağlam münasibətlər mövcuddur".Millət vəkili bildirib ki, Qərb ölkələri Türkiyənin güclənməsini istəmirlər: "Türkiyə və Rusiya arasındakı münasibətlər Qərb ölkələrinə xeyr eləmir. Çünki Türkiyə dünyada açıq və uzaqgörən siyasət aparır, öz dövlətinin mənafeyi üçün əlindən gələni edir. Qərb ölkələri isə istəyirlər ki, dünyada güclü müsəlman dövləti olmasın. Ona görə Türkiyəni zəiflətmək niyyətindədirlər. Bu işdə bir oyun kimi, Rusiyadan istifadə etmək istəyirlər. Ancaq Türkiyə və Rusiya prezidentləri səfirə qarşı sui-qəsdə obyektiv qiymət verdilər, hadisəni təxribat adlandırdılar".Deputat vurğulayıb ki, Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması Azərbaycan üçün də faydalıdır.
sia.az