PDF Oxu

Siyasət

  • 23

"2003-2016-cı illərdə müstəqil Azərbaycanın inkişafının yeni mərhələsi"

"2003-2016-cı illərdə müstəqil Azərbaycanın inkişafının yeni mərhələsi"

Bu mövzuda "Səs" qəzetinin redaksiyasında dəyirmi masa keçirildi

(əvvəli ötən sayımızda )

"Səs" qəzetinin təşkilatçılığı ilə "2003-2016-cı illərdə müstəqil Azərbaycanın inkişafının yeni mərhələsi" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov, Milli Məclisin deputatları Tahir Rzayev, Jalə Əliyeva, Rövşən Rzayev, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə iştirak edirdi.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, "Səs" qəzeti təqvimdə olan tarixi günlərlə bağlı, mütəmadi olaraq, dəyirmi masalar təşkil edir və növbəti dəyirmi masa Azərbaycan Prezidenti Cənab İlham Əliyevin doğum günü ilə bağlı olaraq təşkil olunub. B.Quliyev Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı 25 ildə nail olunan uğurlara nəzər salaraq, ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, nüfuzunun yüksəlməsinə səbəb olan amilləri qeyd etdi. Dövlət müstəqilliyinin təməlini möhkəmlədən və əbədi edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin edərək, Azərbaycanın inkişaf prioritetlərini müəyyənləşdirib. Ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, səhiyyənin, təhsilin, idmanın inkişafı, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması, regionların müasirləşdirilməsi istiqamətində həyata keçirilən siyasət nəticəsində, ölkəmizin dünya miqyasında layiqli yer tutub". B.Quliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qısa müddət ərzində, Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxdığını bildirdi: "Bir tarixi məqama diqqəti yönəltmək istərdim. Ulu Öndər Heydər Əliyev prezidentliyə namizədliyini geri götürərkən, vurğulamışdı ki, "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram vəgələcəyinə böyük ümidlər bəsləyirəm". Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə diqqət yetirərkən, görürük ki, həqiqətən də, Ulu Öndər Heydər Əliyev siyasi varisini Azərbaycan xalqına bir Lider kimi bəxş etdi və beləliklə, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu. Artıq Azərbaycan yeni standartlarla dünyaya təqdim olunur".

AZƏRBAYCAN QADINLARININ SƏSİ DÜNYA ARENALARINDAN EŞİDİLİR

JALƏ ƏLİYEVA:

- 2003-2016-cı illərdə Azərbaycanda böyük uğurla həyata keçirilən dövlət qadın siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamıdır. Ölkəmizdə həyata keçirilən gender siyasətinin nəticəsidir ki, Azərbaycan qadınları irəli çəkilir, ölkəmizin ictimai-siyasi həyatında rol oynayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə əgər Milli Məclisdə qadın deputatlar 4-5 faiz təşkil edirdisə, artıq bu faiz 20-ə çatıb. Eyni zamanda, bələdiyyələrdə təmsil olunan qadınlarımızın sayı 4 faizdən 26 faizə yüksəlib. Azərbaycanda olan 85 icra hakimiyyətinin 78-də icra başçılarının müavinləri qadınlardır. Bu gün Azərbaycan qadınlarının səsi dünya arenalarından eşidilir. Azərbaycan qadını müəllimdir, həkimdir, ən əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirak edir, adı dünyada ölkələrində tanınır. Bütün bunların arxasında dövlət qadın siyasəti dayanır. Bu, dövlətin öz vətəndaşına ayrdığı diqqətdir, qayğıdır. Dövlət qadın siyasətinin nəticəsidir ki, Azərbaycan qadını kimliyini geniş coğrafi məkanda sübut edir. Azərbaycan qadını Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın simasında dünyaya kimliyini, öz nəcabətini, zərifliyini, humanistliyini təqdim edir.

PRİNSİPİAL MÖVQEYİ İLƏ SEÇİLƏN, ÜMUMBƏŞƏRİ PROBLEMLƏRİN HƏLLİNƏ DƏYƏRLİ TÖHFƏ VERƏN AZƏRBAYCAN NÜFUZLU ÖLKƏ KİMİ TANINIR

RÖVŞƏN RZAYEV:

- Dahi Öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Dahi Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderin Şəxsiyyəti, Onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti Onun ən layiqli varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". Bax bugünkü dünyada baş verən siyasi, çətin proseslərdə Azərbaycan Prezidentinin qətiyyətli addımları ölkəmizin sabit, sakit bir şəraitdə olmasına səbəb olan amildir. İqtidar xalq birliyi də burada önəmli faktordur. Bu bizim üçün çox vacibdir. Çünki dünyada xalqlar çoxdur. Ona görə də biz bunu əsas tutaraq, dünyada gedən siyasi proseslərin gərginliyinə baxmayaraq, möhkəmliyimizi, birliyimizi heç zaman itirməməliyik. Əgər biz bunu əldən versək təbii ki, dünyada gedən proseslər Azərbaycana da yaxınlaşa bilər. Bildiyiniz kimi, bunu yaxınlaşdırmaq niyyətində olan dövlətlər, millətlər kifayət qədərdir. Biz bunları dəyərləndirməyi bacarmalı, dövlətimizi qoruyaq inkişaf etdirməliyik. Azərbaycanın ən böyük varlığı olan müstəqilliyi, azadlığıdır ki, hər bir vətəndaş bu amilləri daim diqqətdə saxlamalıdır. Prezident İlham Əliyev ən mürəkkəb vəzifənin öhdəsindən inamla gəlir, milli maraqlar çərçivəsində real müstəqil daxili və xarici siyasət həyata keçirir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə nüfuzunu artırıb. Bu gün Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanınır. Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla bərabərhüquqluluq, qarşılıqlı etimad, faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrini daim inkişaf etdirir. Məhz bunun nəticəsidir ki, nümunə 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Bu nailiyyət Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə xidmət edən addımdır.

Qarşıdan Azərbaycan Prezident İlham Əliyevin anadan olduğu tarix gəlir və Liderimizi təbrik edir, uğurlar arzulayırıq. Hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın əmrinin həyata keçirməyə hazırdır. Son aprel döyüşləri göstərdi ki, biz düşmənlə üz-üzə qalsaq, çox qısa bir zamanda torpaqlarımızı düşməndən azad edəcəyik. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin məntiqidir.

BƏHRUZ QULİYEV:

- Son 13 ildə Azərbaycanın iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq imici, regionun lideri olaraq özünü təsdiqləməsi ölkəmizin seçdiyi yolun düzgünlüyünü təsdiq edir. Aydın müəllim, 2003-2013-cü illər ərizindəki iqtisadi göstəricilərimizə nəzər salardıq.

MİLLİ İNKİŞAF STRATEGİYASI PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN UĞURLA VƏ YENİ ÇALARLARLA ZƏNGİNLƏDİRİLMİŞ ŞƏKİLDƏ HƏYATA KEÇİRİLİR

AYDIN HÜSEYNOV:

- Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla və yeni çalarlarla zənginlədirilmiş şəkildə həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə yeniləşdirən və daha da zənginləşdirən Siyasi Xadimdir. 2003-2016-ci illər Azərbaycanda sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Bu dövr ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycanda yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 13 ildə Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə artıb. ÜDM tərkibinin bu qədər artması çox böyük göstəricidir. Faiz nisbəti ilə bu, 400 faizi təşkil edir. Dövlət büdcəsi 12,2 dəfə atıb. Bu iki göstərici Azərbaycan iqtisadiyyatının inkişafının bariz nümunəsidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca olaraq bir məqsədi var: Bu Azərbaycan vətəndaşının maraqlarıdır, ölkə vətəndaşlarının həyat səviyyəsinin keyfiyyətinin yüksədilməsidir. Təbii ki, bütün bunlar da iqtisadi islahatlara söykənir. Ümumilikdə götürdükdə hər bir ölkənin iqtisadiyyatını təhlil etdikdə sözdən çox onun statistikasına əsaslanırıq. İqtisadiyyatda və ölkənin makroiqtisadi göstəriciləri arasında ən mühümü olan ümumdaxili məhsul və dövlət büdcəsidir.

Bütün bunlar Prezident İlham Əliyevin siyasəti əsasında inkişaf edir, Azərbaycan dünyanın iqtisadi, siyasi, mədəniyyət və idman mərkəzinə çevrilir. Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar bundan sonra da davamlı xarakter daşıyacaq.

BƏHRUZ QULİYEV:

Hüqüqi dövlətin inkişafı, vətəndaş cəmiyyətinin formalaşması mətbuatın və informasiya məkanın formalaşması ilə də ölçülür. Vüqar müəllim, yaxşı olardı ki, müasir Azərbaycan mətbuatının inkişafına təkan verən amillərə diqqət yetirək.

MÜSTƏQİL AZƏRBAYCAN DEMOKRATİK VƏ BƏŞƏRİ DƏYƏRLƏRİN BƏRQƏRAR OLDUĞU DAYANIQLI İQTİSADİYYATA MALİK ÖLKƏDİR

VÜQAR RƏHİMZADƏ:

- Bu gün Azərbaycan dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasındadır. Hətta deyərdim ki, Azərbaycan siyasi və iqtisadi çəkisinə görə dünyanın ən nəhəng ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Təbii ki, bu işlərin də müəllifi, həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevdir. Prezidentimizin həyata keçirdiyi hər bir iş insan amilinə söykənir. Ona görə də vətəndaşlarımız, insanlarımız Prezidentimizə olan sədaqəti, inamı ölkə başçısının da xalqa olan münasibəti, qayğısı, diqqəti vəhdət təşkil edir. Beləcə, xalq-iqtidar birliyi də burada öz sözünü deyir. Ümumiyyətlə, cəmiyyətimizin bütün sahələrində müasirləşmə gedir. Eləcə də, bu müasirləşmə mətbuatda özünü büruzə verir.

Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı göstərilir. Mətbuatın inkişafı, söz azadlığının təmin edilməsinə daim diqqət yetirir. Milli Mətbuatın 135 illik yubileyinin qeyd olunması barədə Sərəncamı, mətbuat nümayəndələrinə fəxri adların verilməsi, qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verilmiş sərəncamlar media nümayəndələri və ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Məhz bu amillər də ölkəmizdə mətbuatın imkanlarını daha da genişləndirib. Ona görə də, bu gün Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoyub.

Ölkəmizin inkişafı, yüksəlişi, son illərin qüdrətli inkişaf perspektivləri və reallıqları Azərbaycanın müasir tarixinin ən yaddaqalan hadisələridir. Biz böyük və şərəfli yol keçmişik.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu dayanıqlı iqtisadiyyata malik ölkədir.

Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz daha müasir dövlətə çevriləcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.

ARİF RƏHİMZADƏ:

Ölkəmizin 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gələrək, qazandığı biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Azərbaycanın son 13 ildə böyük bir inkişaf mərhələsi keçdiyini rəqəmlər və şərhlər əsasında təsdiq etdik. Azərbaycan daim irəliyə baxan, inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşıya əsas məqsədlərdən biri kimi qoyan dövlət olduğundan əldə edilən nəticələrlə kifayətlənmək niyyətində deyil. Dəyişikliklər, yeniliklər davamlıdır.

Müstəqil Azərbaycan İlham Əliyevin liderliyi ilə daha xoşbəxt gələcəyinə doğru inamla irəliləməkdədir. Xalqın özünə rəhbər olaraq seçdiyi şəxsin dövlət başçısı kimi ötən müddət ərzində fəaliyyəti qısa zaman kəsiyində Azərbaycanı lider ölkələr cərgəsinə çıxarıb. Bu kontekstdə qarşıdakı dövr ərzində uğurlu inkişaf yolunda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hələ çox müvəffəqiyyətlərə imza atacağı heç bir şübhə doğurmur. Daim müdrik seçim etməyi bacaran xalqımızın bundan sonra da onu irəliyə doğru aparan Liderinə tam dəstək verəcəyi birmənalıdır.

Bu gün son illərin uğurlarından bəhs ediriksə, gələcəkdə daha möhtəşəm uğurlardan danışacağıq. Göründüyü kimi, həyat davam edir. Bu davamlılıq inkişaf, tərəqqi ilə müşayiət olunanda daha böyük ruh yüksəkliyi yaradır. Bu uğurlara yol açan əsas amil isə möhkəm təmələ əsaslanan siyasətdir. Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edir, nailiyyətlər arzulayırıq.

NƏZƏKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər