"ADP deyilən qrupun ofisində toplananlar müxalifət deyil, müxalifət adını istismar edən bir qrup radikallardır. Onlar bu günə qədər heç öz talelərini həll edə bilməyiblər, çünki onların taleyini də, fəaliyyətlərini də onların əvəzinə xaricdə olan anti-Azərbaycan mərkəzləri müəyyən edirlər. Görünür imperialist mərkəzlərdən yeni direktiv, yeni tezis gəlib və o tezislər xaos yaratmaq məqsədilə Azərbaycan cəmiyyətinə ötürülməlidir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Millət vəkilinin sözlərinə görə, radikal qruplaşmalar da müxalifət adı altında bu sifarişi yerinə yetirməyə çalışacaqlar: "Bu isə növbəti uğursuz cəhd olacaq. Çünki Azərbaycan cəmiyyəti onların bu fəaliyyətini yaxşı bilir və düzgün qiymətləndirməyi bacarır. Əslində isə hər bir cəmiyyətdə müxalifət olduqca ciddi və lazımlı bir siyasi institututdur və onun mövcudluğuna çox böyük ehtiyac var.Yaxşı ki, ölkəmizdə də sağlam müxalifət var və onların böyük əksəriyyəti Milli Məclisdə təmsil olunurlar. Müxalifətçilik alternativ intellektual institutut olmaqla cəmiyyətdə alternativ fikir istehsalı, ideya istehsalı ilə məşğul olmaq, bu və ya digər məsələlərin həlli ilə bağlı konstruktiv təkliflər vermək beləliklə cəmiyyətin ümumi maraqlarını müdafiə etməkdir. Ancaq radikal müxalifət bunların heç birini etmir, ona görə də cəmiyyət tərəfindən qəbul edilmir. Belə qrupların harada və nə vaxt yığışması da nəyi müzakirə etməsi də ölkə ictimaiyyəti üçün maraqlı da deyil".
sia.az