Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin SAM Review adlı xüsusi nəşrinin növbəti sayı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinin qiymətləndirilməsinə həsr edilib. SİA-nın məlumatına görə, o SAM-ın direktor müavini Gülşən Paşayevanın və ABŞ-ın Xarici Siyasət Şurasının baş elmi işçisi Stifen Blankın birgə tədqiqat işinin nəticəsidir.İki fəsildən ibarət olan bu nəşrdə 1992-ci ildən bu günə qədər ABŞ-ın dövlət və qeyri-hökumət qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti təhlil edilib.Nəşrin birinci fəslində müxtəlif ABŞ Administrasiyalarının və eləcə də ABŞ Konqresinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına və həllinə yönəlmiş səyləri nəzərdən keçirilib. ABŞ-ın qeyri-hökumət təşkilatları, universitetləri, fondları və s. tərəfindən Dağlıq Qarabağ sülh prosesi istiqamətində həyata keçirdikləri təşəbbüsləri nəşrin ikinci fəslində öz əksini tapıb. ABŞ-dakı erməni diasporunun sülh prosesinə mənfi təsiri xüsusi olaraq araşdırılıb.
sia.az