Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqton şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri təşkil edib. SİA-ya ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirdə əsasən Vaşinqton və onun yaxınlığında yerləşən ştatlarda yaşayan yüzlərlə soydaşlarımız, o cümlədən Azərbaycanın ABŞ-dakı diasporasının fəal üzvləri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Səfir Elin Süleymanov soydaşlarımızı bayram münasibətilə təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu bayramın xaricdə həmvətənlərimiz arasında birliyin təşviqi və diaspora təşkilatlarının fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Diplomat Prezident İlham Əliyevin Həmrəylik günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı təbrikini qonaqların diqqətinə çatdırıb. Daha sonra səfir Azərbaycanın dövlətçilik tarixindən, 1918-ci ildə ölkəmizdə müsəlman dünyasında ilk demokratik dövlətin qurulmasının tarixi əhəmiyyətindən danışıb. Bu xüsusda o, Heydər Əliyev Fondunun dəstəyi ilə eyni adlı roman əsasında çəkilən "Əli və Nino" filmini seyr etməyi soydaşlarımıza tövsiyə edib. Bu ilin ölkəmizin müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün tamam olması baxımından əhəmiyyətini vurğulayan E. Süleymanov aparılan məqsədyönlü siyasət nəticəsində hazırda Azərbaycanın dünyada ciddi tərəfdaş kimi qəbul edildiyini bildirib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət tədbirləri, o cümlədən Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması, ölkənin siyasi və iqtisadi sabitliyinin təmini istiqamətində fəaliyyəti barədə danışıb. Bildirib ki, hazırda dünyanın bir çox məkanlarında dözümsüzlüyün və radikalizmin artması meylləri müşahidə oldunduğu halda, ölkəmizin multikulturalizm modeli və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr dünyada dərin rəğbət oyadıb.
Tədbirdə, həmçinin Azərbaycan mətbəxinin ləziz yeməklərinin təqdimatı ilə ziyafət təşkil edilib, xalq və müasir musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olunub.
sia.az