"Qadına Şiddətinə Yox!" sosial çarxı ictimaiyyətə təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Ailə və cəmiyyət münasibətlərində gənclərin rolu" adlı layihənin bağlanış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nigar Aslanova layihə haqqında ətraflı məlumat verib. Layihə rəhbəri məişət zorakılığına məruz qalan gənc qadınlara dəstəyin göstərilməsi, zorakılıq hallarının qarşısının alınması və bu mövzuda maarifləndirmə işinin həyata keçirilməsini qeyd edib. O, eyni zamanda, mövzunun gənclər üçün maraqlı olduğunu layihə iştirakçılarına çatdırıb.
Layihə çərçivəsində hazırlanmış "Qadına Şiddətinə Yox!" sosial çarxı da ictimaiyyətə təqdim edilib.
Sonra YAP Gənclər Birliyinin təşkilatı işlər üzrə koordinatoru Elmar Məmmədov iştirakçıları salamlayaraq qeyd etdi ki, məişət zorakılığına məruz qalan gənc qadınlara dəstəyin göstərilməsi, zorakılıq hallarının qarşısının alınması və bu mövzuda maarifləndirmə işinin həyata keçirilməsi təqdirəlayiqdir.
Sonda "Qadına Şiddətinə Yox!" sosial çarxında iştirak edən iştirakçılar öz fikirlərini bildiriblər. Layihə iştirakçısı olan gənclərin mövzu ilə əlaqədar verdiyi suallar cavablandırılıb və tədbir ümumi müzakirə formatında davam etdirilib. Layihə ərzində əldə olunan biliklərin gələcək işlərdə tətbiq olunması iştirakçılara tövsiyə edilib.
R.RƏSULOV