Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində Portuqaliyanın tanınmış ali təhsil müəssisəsi Lusofona Universitetində sözügedən fənni növbəti dəfə professor Gülnar Hüseynzadə tədris edib.
BBMM-dən "Səs" qəzetinə verilən məlumata istinadən, professor öncə Portuqaliya ilə bağlı yığcam təəssüratlarını oxucularla bölüşüb: "Portuqaliya və Lissabon, yaxşı mənada, mənə çox təsir elədi. Avropanın çox ölkələrində olmuşam, lakin belə xalq görməmişəm: portuqal xalqı bizə bənzəyir: istiqanlı, səmimi və qonaqpərvər...Ənənələrə çox bağlı insanlardır". Gülnar Hüseynzadə diplomatiya fakültəsinin magistrantlarına Azərbaycan multikulturalizmini tədris etdiyini, fənnin tələbələr tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb.
Portuqaliyanı da multikultural ölkə kimi səciyyələndirən və Azərbaycan multikulturalizmi modeli ilə müqayisə edən G.Hüseynzadə birincinin daha çox müstəmləkə xarakterli bir örnək olduğunu, Azərbaycan multikulturalizmini isə uzun əsrlərə söykənən tarixi köklərə malik model olduğunu qeyd etdi: "Azərbaycan multikulturalizmi modeli həm də ölkəmizin mədəniyyətini, adət-ənənələrini özündə ehtiva edir. Mən dərslərdə də qeyd edirdim, Azərbaycanda müxtəlif etnikləri, fərqli etiqadları dini etiqadları öyrənmək olar ki, amma bu, müzakirə edilmir".
Professor vurğulayıb ki, xarici ölkəyə gedən hər bir kəs öz xalqının təmsilçisi olur, bu, həm zövqlü, həm də çox məsuliyyətli işdir: "Bunun zövqünü yaşamaqla yanaşı, məsuliyyətini də dərk etmək lazımdır. Fənni tədris etdiyim fakültə "Diplomatiya" olduğu üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənə çoxlu suallar ünvanladılar. Bu problem haqqında bilgisizdirlər. Bununla bağlı tələbələrin suallarına cavab verdikcə, problemin mahiyyəti onlara tam aydın oldu. Onlar Azərbaycan multikulturalizm modeli və ölkəmizlə bağlı hər şeylə maraqlandılar".
Ən başlıca nailiyyətimiz odur ki, Lusofona Universitetindəki tələbələrim məmnuniyyətlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin III Beynəxalq Multikulturalizm Məktəbi ərzində yaradılan "Azərbaycanın Gənc Dostları Klubu"na üzv oldular".
ZÜMRÜD