Yaxud KTMT-nin təxribatçı baş katibi özünü çətin vəziyyətə saldı
Bəlli olduğu kimi, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının baş katibi Nikolay Bordyujanın bu günlərdə Azərbaycan-Ermənistan sərhəddində baş verən gərginlik barədə açıqlaması ölkə ictimaiyyəti tərəfindən sərt reaksiyalara səbəb oldu.
Xatırlatmaq yerinə düşərdi ki, dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən, bölmələrimizin pusqusuna düşüb. Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatına görə, döyüş zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək, geri çəkilməyə məcbur edilib. İnsident nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu sərhədlərimizin müdafiəsi uğrunda şəhid olub. Onu da qeyd edək ki, şəhid olarkən düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib. Artıq bu istiqamətdə prosesə başlanılıb.
Azərbaycan XİN: "Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterberq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə növbəti bir təxribata əl atması istisna edilməməlidir"
KTMT-nin baş katibinin dediyinə görə, guya silahlı insident Ermənistan ərazisində baş verib və bu, "təxribatdır". O, bununla yanaşı, bəyanatında işğal altında olan torpaqlarımıza işğalçılara və separatçılara aşkar dəstək mövqeyi sərgiləyərək, həmin bölgəni "Dağlıq Qarabağ Respublikası" adlandırıb.
Məhz bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi dərhal sözügedən açıqlama ilə bağlı rəsmi şəkildə sərt bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının baş katibinin məsələ ilə əlaqədar şərhi birtərəfli hesab edilir: "KTMT-nin baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə "Dağlıq Qarabağ Respublikası" kimi müraciət etməsi qəbuledilməzdir. KTMT-nin baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə, vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterberq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə növbəti bir təxribata əl atması istisna edilməməlidir".
Politoloq: "Bordyuja qələt edir, o öz səlahiyyətlərindən kənara çıxıb"
Bu arada ölkəmizin tanınmış ictimai və siyasi xadimləri, politoloqlar, o cümlədən, partiya rəhbərləri də sözügedən bəyanatla bağlı kəskin fikirlərini sələndiriblər.
Millət vəkili, politoloq Rasim Musabəyov açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar normal qaydada aparılmadığı, erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmadığı təqdirdə, sərhəddə və cəbhədə hərbi toqquşmalar davam edəcək. Musabəyovun fikrincə, dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş verən hadisə kəşfiyyat xarakterli hərəkət idi, bunun təxribat olub-olmamasını hərbçilər daha yaxşı bilərlər: "Amma məlumdur ki, işğala son qoyulmasa, danışıqlar bərpa edilməsə, belə hallar təkrarlanacaq".
Politoloq Bordyujanın açıqlamasına münasibət bildirərkən sərt ifadəsi ilə yadda qalıb. SİTAT: "Bordyuja qələt edir, o öz səlahiyyətlərindən kənara çıxıb. Bordyujanın səlahiyyətləri rəhbərlik etdiyi qurum çərçivəsində dövlət başçılarının, xarici işlər nazirlərinin iclaslarına təşkilatçılıq etməkdən ibarətdir. Onun belə bəyanat verməyə heç bir səlahiyyəti yoxdur".
Rasim Musabəyov hesab edir ki, əgər gələn il sülhə doğru ciddi səylər göstərilməsə, 2017-ci ildə münaqişə yeniən alovlanacaq və hərbi toqquşmalar daha şiddətli xarakter alacaq.
YAP rəsmisi: "Məndə belə bir təəssürat yaranır ki, Nikolay Bordyuja öz postunu Ermənistandan olan şəxsə təhvil verə bilməməyin stressini keçirir"
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə də hesab edir ki, Nikolay Bordyujanın fikirləri təxribat xarakteri daşıyır: "Məndə belə bir təəssürat yaranır ki, Nikolay Bordyuja öz postunu Ermənistandan olan şəxsə təhvil verə bilməməyin stressini keçirir. Bordyujanın Dağlıq Qarabağı "respublika" adlandırması böyük siyasi provokasiyadır".
YAP rəsmisinin fikrincə, KTMT-də Azərbaycanın ərazi bütvlüyünü yalnız Ermənistan tanımır. Digər ölkələrin hər biri ölkəmizin suveren hüquqlarına və ərazi bütövlüyümüzə hörmətlə yanaşmaqdadırlar: "Ermənistandan başqa KTMT-yə daxil olan dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Söhbət Ermənistanın Azərbaycana qarşı olan təxribatından gedir".
BAXCP: "Onlar bu dəfə konfliktə üçüncü dövləti, yəni Rusiyanın qoşmağa çalışırlar"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, ötən gün cəbhədə baş verən təxribat düşmən ölkə tərəfindən qəsdən edilən təxribatdır və bu təxribata Rusiyanı da qatmağa cəhd edilib: "Ermənilər qəsdən təxribat törədiblər. Lakin onlar bu dəfə konfliktə üçüncü dövləti, yəni Rusiyanın qoşmağa çalışırlar. Azərbaycan Xarici İşlər Nazirliyi çox zamanında cavabını verdi. Ermənistan işğal olunmuş ərazilərdən çıxmalıdır".
Yəqin ki, bu ölkələr çətin iqtisadi və böhranlı dövrdə güclü, potensiallı Azərbaycanla münasibətlərinin pozulmasını istəməzlər...
Beləliklə, Bordyujanın təxribatçı bəyanatının ardınca ölkəmizin bir çox siyasi dairələri və siyasət adamları tərəfindən verilən cavablardan həm də belə bir təhlili nəticəyə gəlmək mümkündür ki, əslində, KTMT-nin baş katibinin ifadələrində yer almış aqressiv, eləcə də, işğalçılığa və separatçılığa dəstək ifadələri kollektiv təhlükəsizlik haqqında müqavilənin prinsiplərinə kifayət qədər mənfi təsir göstərir. O cümlədən, nəticə budur ki, Bordyuja hərbi ritorikaya və beynəlxalq hüquqa zidd çağırışlara yol verməklə, həm də kollektiv təhlükəsizlik haqqında müqavilənin şərtlərini pozub, üzv dövlətlərin beynəlxalq təhlükəsizliklə bağlı üzərilərinə götürdükləri vəzifə və öhdəliklərə zidd mövqe sərgiləyib. Ona görə də, ölkəmizin ərazi bütövlüyünü tanıyan KTMT üzvü olan ölkələr də (əlbəttə ki, Ermənistandan başqa-R.N.) müvafiq açıqlamalarla çıxış etməli, Bordyujanın təxribatçılığa söykənən fikirləri qınanılmalıdır. Ümid edək ki, bunun şahidi olacağıq. Çünki Azərbaycanla daimi və çoxtərəfli əməkdaşlığa meyilli olan KTMT-yə üzv dövlətlər Bordyujadan asılı olmadıqlarını da sərgiləməyə məcburdurlar. Yəqin ki, bu ölkələr çətin iqtisadi və böhranlı dövrdə güclü, potensiallı Azərbaycanla münasibətlərinin pozulmasını istəməzlər...
Rövşən NURƏDDİNOĞLU
P.S. Yəqin ki, indi KTMT-nin baş katibi təxribatçılığa söykənən bəyanatından ciddi sarsıntı keçirir. Çünki bu quruma üzv olan ölkələr onun bu bəyanatına qətiyyən dəstək göstərmədilər.