PDF Oxu

Siyasət

  • 19

“Üçlü formatın yaradılmasını tezləşdirmək lazımdır ki..." Politoloq

“Üçlü formatın yaradılmasını tezləşdirmək lazımdır ki..." Politoloq

"Son vaxtlar bölgədə Türkiyənin və Azərbaycanın təşəbbüsü ilə üçlü formatlar yaradılmağa başlayıb. Gürcüstanla belə bir format var, indi isə Türkmənistanla yaradılır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Türkmənistanla əlaqələrin inkişafının xüsusi əməmiyyəti var: "Çünki Azərbaycan-Türkmənistan münasibətlərində müəyyən qədər soyuqluq hiss edilir. Hələ ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələdə ciddi fikir ayrılığı qalmaqdadır. Xüsusilə, Türkmənistan Xəzərdəki "Günəşli" yatağına da iddia edir və onu "Sərdar" yatağı adlandırır. Azərbaycan yatağın birgə işlənməsinə dair təklif irəli sürüb, qarşı tərəf hələ ki, buna cavab vermir. Amma güman edirəm ki, Türkiyənin səyləri ilə baş tutacaq üçtərəfli görüşdə bu məsələləri nizama salmaq mümkün olacaq. Türkmənistan da böyük türk ailəsinə inteqrasiya edəcək".

Türkmənistanın İrana təbii qaz ixracını dayandırmasına da toxunan politoloq bunu həm iqtisadi, həm də siyasi səbəblərlə əlaqələndirib: "Türkmənistan yeni tariflər tətbiq edilməsini istəyir, İran isə isə buna razı olmur. Bu mənada qazın verilməsi dayanıb. İki ölkənin münasibətlərində müəyyən qədər soyuqluq var. Eyni zamanda bu yaxınlarda prezident Həsən Ruhaninin İrəvana rəsmi səfəri zamanı enerji sahəsində bir sıra sənədlər imzalandı. İran Türkmənistan qazını Ermənistana çıxarmaq istəyir. Qaz ixracının dayandırılmasında bunun da təsiri ola bilər. Ona görə də üçlü formatı tezləşdirmək lazımdır ki, Ruhanilər, müxtəlif fars şovinistləri Türk dövlətlərinin qazından öz siyasi məqsədləri üçün istifadə etməsinlər".

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçiriləcəyini deyib. Bundan əlavə, Qazaxıstanla da üçlü mexanizm formalaşdırılması planlarının olduğunu əlavə edib.

sia.az

Digər xəbərlər